Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Əşyalar uğurun göstəricisinə çevrilib


Yusif Hansen
Yusif Hansen

-

"Həyatda özünü sübut, təsdiq edə bilməyən insanların məhz əşyalarla digərlərinə acıq verdiyini düşünürəm."

Yusif Hansen

Kişiləri daha çox ölçü maraqlandırır

Son onillikdə Bakı dəyişir. Bəzən şəkillərdə çox yeri tanımıram. Sosial şəbəkədə “bura haradır” şərhi yazıb qızaran vaxtlarım çox olur.

Şəhər dəyişir, amma insanlar yox. Nə olsun ki, hər yer daşlanır, yerə sürüşkən material vurulur. Onu qoyaq bir kənara. Əsas insanlardır.

Qapıdan bayıra çıxmaq yetər ki, möcuzələr dünyasına düşəsən. Ən çox diqqətimi cəlb edən məhz dəbdəbəli, bahalı və çox yekə avtomobillərdir. İnsanların bəzən əşyalarla yarış keçirdiyini düşünürəm. Sadəcə bəhsəbəhs.

Düşüncə tərzimdəndir, ya da həyat təcrübəmdəndir, dəqiq bilmirəm. Amma həyatda özünü sübut, təsdiq edə bilməyən insanların məhz əşyalarla digərlərinə acıq verdiyini düşünürəm.

Hər şeyin böyüyü. Məhz bu çevrilib uğurun göstəricisinə.

Sual ortaya çıxa bilər. Bəs özünü həyatda təsdiq edə bilməyən insanlar necə zəngin olublar? İnsanların birdən-birə zənginləşməsi həmişə onun ağıllı olması qənaətinə gəlmir.

Çünki əyri yollarla, ağıl olmadan da böyük pullar qazanmaq mümkündür. Oxuduğum, bildiyim qədər qərbdə insanlar balaca və qənaətcil maşınlara üstünlük verirlər.

Ən azından imkan varsa, bir qənaətcil, bir dənə də vəhşi görünən böyük avtomobilə sahib olurlar. Gündəlik həyatda isə yalnız qənaətcil avtomobillər istifadə olunur.

Lakin şərqdə hər şey fərqlidir. Əziyyətsiz, beyin işlətmədən, neft pullarından varlanan ərəblər, qulaq kəsməklə zənginləşən digər millətlərin nümayəndələri özlərini yəqin ki cəmiyyətdə sübut etmək üçün daha bahalı və böyük avtomobillərə üstünlük verirlər.

Əşyalar uğurun göstəricisinə çevrilib. Böyük mövzusunda təkcə avtomobilləri göstərmək düzgün olmaz.

Nəhəng, qonşusundan böyük hasarla ayrılan, içərisində vəhşi heyvanlardan qorunan kimi görünən, hündür hasarın üstündən belə, az qala elektrik xətti çəkərək, kənar şəxslərdən gizlənilə biləcək qəsr kimi villalar, yaxtalar və mənim kimi balaca insanın görmədiyi əşyalar.

Çox tez-tez fikr verirəm. Balacaboy, arıq birinin böyük, içində 10 özü boyda insanı yerləşdirmək mümkün olan avtomobilin sükanı arxasında olmasına.

Yenə kök insanı anlamaq olar da. Qarnı var, onun rahatlığını təmin etməyi düşünür filan.

İnsanların içində görünməyən məhz böyük bir boşluq var. Əks halda 3 otaqlı evdə əla yaşamaq olarsa, niyə 3 mərtəbəli, çox otaqlı villaları tikdirsinlər. Onsuz da otaqların böyük qismi istifadə olunmur.

Uşaqlıqdan eşitdiyim bir sözü heç zaman unutmuram. “İnsanın qarnı doysa da, gözü heç zaman doymur.” Əminliklə deyə bilərəm ki, insanları idarə edən məhz onların acgözlüyü, gözlərinin doymamasıdır.

Yazının sonunda isə "Titanic" filmindən bir dialoqu paylaşıram.

– Titanic adını kim fikirləşib. Siz, Mister Bryus?

– Ümumiyyətlə götürsək, bəli. Mən gəminin böyüklüyünü vurğulamaq istəyirdim, çünki bu sabitliyi, möhtəşəmliyi və hər şeydən əvvəl gücü əks etdirir.

Roza:

– Siz Mister Freyd haqqında eşitmisiz? Onun “bəzi kişiləri daha çox ölçü (kişinin cinsi orqanının ölçüsü nəzərdə tutulur) maraqlandırır” fikri sizə çox maraqlı ola bilərdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG