Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:39

Evi köçkündə, özü yad qapılarda…


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Xahiş və tələb edirəm. 1997-ci ildə 039819 nömrəli orderlə mənə verilmiş mənzilim boşaldılıb özümə qaytarılsın». Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Bakı sakini Maarif Qurbanov deyir.

Maarif Qurbanov 1983-cü ildən 1 saylı Evtikmə Kombinatında əmək fəaliyyətinə başlayıb. Rəngsaz, fəhlə işləyib. Evsiz kimi ev növbəsinə dayanıb. 1992-ci ildə kombinat işçiləri üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hadiniski küçəsi 101 ünvanında yaşayış binasının inşasına başlanıb. Tikinti işləri tam başa çatandan sonra ona 14 saylı binanın 3-cü blokunun 70 saylı mənzilinə aid 039819 nömrəli order verilib. Ancaq o, 23 il ərzində bircə dəfə də olsun mənzilinin içərisini görməyib:

«BİR NEÇƏ EVİ VAR...»

«Ailə üzvlərimin sayı 5 nəfərdən ibarətdir. Mən ev növbəsinə dayananda, ev alanda yenicə ailə qurmuşdum. Övladlarım artıq hərbi xidmətdən də qayıdıblar. Biz hələ də mənzilimizə köçə bilməmişik. Kirayələrdə qalırıq. Səbəb də budur ki, binanın tikintisi başa çatan kimi evləri köçkünlər zəbt etdi. Mən öyrənmişəm ki, həmin köçkünün şəhərin başqa yerlərində bir neçə evi var, kirayəyə verib. Ancaq özü mənim evimi boşaltmaq istəmir».

Mənzili zəbt edənsə 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşən Baba Babayevdir. O, bildirib ki, köçkün ailəsi kimi sığınmağa başqa yeri yoxdur. Dövlət onu nə vaxt başqa yaşayış yeriylə təmin etsə, mənzili də o zaman boşaldacaq.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə inşa olunmuş şəhərciklərə ilk növbədə inzibati binalarda məskunlaşanların köçürüldüyünü bildirir.

VƏTƏNDAŞIN DEYİL, DÖVLƏTİN BORCU

Hüquqşünas Namizəd Səfərov deyir, vaxtilə mənzili qaçqın və köçkünlər tərəfindən zəbt olunmuşlar 2009-cu ildən bu tərəfə məsələnin məhkəmə yolu ilə həllinə nail ola bilirlər. Hüquqşünas köçkünlərin vaxtilə tutduqları mənzillərdən çıxarılmasını tam qanuni hesab edir. Çünki qaçqınların və köçkünlərin yerləşdirilməsi mənzilləri zəbt olunmuş vətəndaşların yox, dövlətin borcudur:

«Dövlət bu məsələni belə həll etmişdi ki, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qaytarılana qədər tutduqları torpaqlardan, evlərdən, qeyri-yaşayış sahələrindən çıxarıla bilməzlər. Dövlət özü bu məsələni həll etməlidir. Qaçqınların tutduqları mənzildən çıxarılması məsələsi əvvəllər məhkəmələr tərəfindən birmənalı şəkildə rədd olunurdu. Avropa Məhkəməsinin bu işə müdaxiləsindən sonra məhkəmələr artıq vətəndaşın tutulmuş mənzilindən qaçqınların çıxarılması məsələsini həll edir».

BİRTƏRƏFLİ QƏTNAMƏLƏR

Ancaq Namizəd Səfərov deyir, iş orasındadır ki, son illərdə məhkəmələr şəxsi mənzillərin boşaldılaraq mülkiyyətçiyə qaytarılması ilə bağlı qətnamələr çıxararkən köçkünün gələcək taleyi bu sənədlərdə əksini tapmır. Hüquqşünasın fikrincə, qətnamələrin çoxu birtərəfli çıxarılır:

«Köçkünlərin tutduqları mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsində onların başqa yerdə yerləşdirilməsi də əksini tapmalıdır. Yəni məhkəmənin «qət etdi» hissəsində yazılmalıdır ki, onlara tutduqları mənzilə bərabər yerlər verilməklə tutduqları mənzildən çıxarılsınlar. Yaşayış verilmədən küçəyə atılması qeyri-mümkündür, hətta məhkəmə qətnaməsində göstərilsə də, bunun icrası mümkünsüzdür».

Hüquqşünas illərlə ev növbəsində dayanıb mənzil almış, lakin ona sahiblənə bilməmiş Maarif Qurbanova məhkəməyə müraciət etməyi məsləhət görür. Deyir, iddia belə qoyulmalıdır: «Mənzil boşaldılıb mülkiyyətçiyə qaytarılsın».

XS
SM
MD
LG