Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Rabitə Nazirliyində 10 nəfər tutulub- [rəsmi]


Beytulla Hüseynov
Beytulla Hüseynov

►Prokurorluq iddia edir ki, vəzifəli şəxslərdən ibarət korrupsiya şəbəkəsini ifşa edib

"ÇOXSAYLI KORRUPSİYA SXEMLƏRİ"

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, onun tabeçiliyində olan müəssisə və şirkətlərdə büdcə vəsaitlərinin talanması üçün çoxsaylı korrupsiya sxemləri həyata keçirilib.

Dövlət əmlakının sistemli şəkildə mənimsənilməsi və israf etmə yolu ilə talanması üçün rollar bölüşdürülməklə ayrı-ayrı vəzifəli şəxslərdən ibarət korrupsiya şəbəkəsi təşkil olunub."

Bunu Respublika Prokurorluğu yaydığı açıqlamada iddia edir.

Məlumatda o da deyilir ki, belə qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

İstintaqın iddiasına görə, korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşən layihələri saxta sənədlərlə, öz yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki olaraq özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinə nail olublar.

Görülən xidmətlərin dəyəri dəfələrlə şişirdilib, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlər həyata keçirilib, külli miqdarda dövlət əmlakı mənimsənilib, israf edilib.

Buna da bax: "Ana-bacımı “Bandotdel”ə aparıb incidiblər"

"FAKTİKİ ÖZLƏRİNƏ MƏXSUS ŞİRKƏTLƏR"

İstintaq iddia edir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov dövlət əmlakını belə mənimsəyib:

O, 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub.

Onlar razılığa gəliblər ki, yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün pullar həmin MMC-lərin hesablaşma hesablarına köçürüləcək və işlərin həcmindən asılı olaraq 35-45 faiz həcmində hissəsi nağdlaşdırılaraq B.Hüseynovun özünə veriləcək.

Bundan sonra tenderdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlər qalib elan olunub.

Müqavilələr bağlanıb. Faktiki işlər tam icra olunmayıb.

O cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işləri faktiki olaraq elə B.Hüseynovun telefon qovşaqları görüb.

Saxta sənədlər tərtib olunub ki, guya həmin işləri həmin MMC-lər tutub.

O MMC-lər ki, faktiki elə B.Hüseynova məxsus olub.

Prokurorluq şübhələnir ki, adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatı mənimsənilib.

Buna da bax: S.Rüstəmxanlı: "Azərbaycan İrana nota verə bilərdi"

4-5 DƏFƏ ŞİŞİRDİLİB...

Prokurorluq daha sonra qeyd edir ki, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub.

İstifadə olunan avadanlıqların, xidmətlərin qiymətləri 4-5 qat şişirdilib,

Prokurorluqda şübhə yaranıb ki, onlar özlərinə məxsus şirkətlər vasitəsilə saxta sənədlər əsasında 73 milyon 590 min manat pul vəsaitini nağdlaşdırılmaqla mənimsəyiblər, israf ediblər.

Nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyən edilib.

Buna da bax: Bu kənddə məktəbə qaloşla gedirlər

10 NƏFƏR HƏBS OLUNUB

Konkret olaraq Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Vergilər və Maliyyə nazirliklərinin mütəxəssisləri tərəfindən qeyd olunan dövlət və özəl müəssisə və şirkətlərin maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilir.

Prokurorluq bildirir ki, cinayət işi üzrə korrupsiya şəbəkəsinə daxil olan şəxslərin tam dairəsinin və vurulmuş ziyanın müəyyən edilməsi, habelə vurulmuş ziyanın ödənilməsi və talanmış əmlakın aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, prokurorluğun məlumatında Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı son qalmaqala işarə olmasa da, mətbuatda bu həbslərin işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlılığı iddia edilir. Beytulla Hüseynovun da E.Mahmudovun yaxın qohumu olduğu deyilir. E.Mahmudovun işdən çıxarılmasından sonra MTN-in də bir sıra əməkdaşları həbs edilib. Onun qohumlarının nazirlikdəki işlərdən çıxarıldığı deyilir. Noyabrın 12-də Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da işdən azad edilib.

Hələ ki prokurorluğun məlumatına həbs edilənlərin vəkillərinin reaksiyası bəlli deyil.

XS
SM
MD
LG