Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:31

Tbilisiyə yağış, Bakıya ah-nalə...


Tbilisi
Tbilisi

►Tbilisinin üfunət qoxuyan yeraltı keçidləri belə cazibədardı...

Ramin Deko

(AzadlıqRadiosu üçün)

Tbilisiyə yağış, Bakıya ah-nalə...

...Gecə Tbilisi bambaşqa olur. Kasıb şəhər küçələrini öz büdcəsinə uyğun işıqlandırır. Öləziyən elektrik lampaları bizim Bakının bərq vuran işıqlarından daha gurdu...

Tbilisi arzular şəhəri deyil, ancaq maraqlı ünvandı. Xüsusən də bütün azadlıqları əlindən alınmış azərbaycanlıların beş-on manat tapıb istirahət etməsi üçün əla məkandı.

Üfunət qoxuyan bardürlər və...

Tbilisi Bakı kimi bər-bəzəkli deyil, kasıbdı. Qolunda bilərziklər, boynunda bahalı daş-qaş yoxdur. Di gəl, xoşbəxtdir.

Tbilisi Bakı kimi qaramtıl deyil, işıqlıdır. Onu zülmətdən aydınlığa çıxardan isə insanlara tanınan azadlığıdı. Hamı sərbəstdi. Dilənçisi də, üzünə yağış çilənən, əlində pal-paltar satan satıcısı da, bukinisti də, bir sözlə, kasıbı da, varlısı da.

Buna da bax: Ana oğlunun ailəsini evə buraxmır- [Məhkəmə]

Tbilisi
Tbilisi

Tbilisi haqda danışarkən bəzən ağzımız sulanır, bir az da hadisələri şişirdirik. Düzü, buna məcburuq. Gənclər belə şeyləri görməyib, yaşlılar isə yadırğayıb, əvvəl yaşadıqlarını unudublar.

Tbilisi
Tbilisi

Tbilisi bütün hallarda maraqlıdır - köhnə abidələriylə, şəhərin mərkəzindən axan lilli Kür çayıyla, məscid və kilsələriylə, yolun kənarında yerə döşənmiş sovetdənqalma bardürləriylə. Hətta üfunət qoxuyan yeraltı keçidləri belə cazibədardı. Bütün bunları gözəlləşdirən, cəlbedici edən azadlıqdı. İnsan azaddırsa, ona qanunla müəyyən edilmiş bütün hüquqlar tanınırsa, yalnız kağız üzərində deyil, real həyatda da haqları qorunursa, yaşamaq o qədər də çətinləşmir. Beşindən kasıb, onundan varlı yaşamaq mümkündü. Tbilisidə də elə bu var.

Buna da bax: Terrorun təşkilatçısı Parisdə öldürüldü

Hamının üzündə təbəssüm var

Tbilisi Cənubi Qafqaz deməkdir. Azərbaycanlılar da, ermənilər də orada sərbəstdirlər. Öz ölkələrində edə bilmədikləri keyfi burda çıxarmağa çalışırlar.

Gənclər, cavanlar, qocalar - hamının üzündə təbəssüm var. Dilənçilər belə məğrur görünür.

Hər küçədə, hər tində doğma səslər, tanış sözlər qulağa çatır. Başını qaldırıb, ya da yanındakı yoldaşından gözünü ayırıb kənara baxan kimi həmyerlini görürsən. Onun da sənin kimi rahat nəfəs almaq üçün Tbilisini seçdiyini anlayırsan. Buranı niyə seçdiyinin fərqində olmasa belə. Bəlkə də həmyerlin gəzmək, istirahət etmək üçün bu şəhərə qədəmlərini basdığını zənn edir. Bəlkə də başqa niyyətlə gəlib. Ancaq çox zaman “Niyə məhz Tbilisi?” sualıyla beynini yormur.

Tbilisi
Tbilisi

Gənclər, cavanlar, qocalar - hamının üzündə təbəssüm var. Dilənçilər belə məğrur görünür. Biri ağacın kötüklərinə ilan kimi qıvrılır, o biri üzərində otlar cücərmiş daş üstündə oturaraq əllərini irəliyə uzadaraq tetri (Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari 100 tetridi) umur.

Buna da bax: "Müsavatçı olduğum üçün evimə İnternet çəkilmir"

Küçələri ağuşuna alan melodiyalar

Gecə Tbilisi bambaşqa olur. Kasıb şəhər öz büdcəsinə uyğun küçələri işıqlandırır. Öləziyən elektrik lampaları bizim Bakının bərq vuran işıqlarından daha gurdu. Tbilisii həm də işıqlı edən insanların üzündəki təbəssümdü. Hə, bir də şəhəri işıqlandıran - hər tində havalanan melodiyalardı. Bir tikə çörək üçün skamyalarda bardaş qurub musiqi ifa edənlər Tbilisiyə əlavə rəng qatırlar.

Ürəyi istədiyi yerdə - səkilər boyunca piştaxtalar üstündə kitab satanlara isə heç kim dəyib dolaşmır.

Gözəlliklər bununla bitmir. Ürəyi istədiyi yerdə - səkilər boyunca piştaxtalar üstündə kitab satanlara isə heç kim dəyib dolaşmır. Kimisi üçün bu hobbi, kimisi üçün də qazanc mənbəyidir. Yoldan ötənlər də, alıcılar da, satıcılar da - hamı razıdır.

...Şəhər turist oylağıdı. İllər öncə gəlmələr üçün qəribsəmiş gürcülər indi qucaqlarını daha çox insana açıblar. Sürücülər, satıcılar, ofisiantlar təkcə ingilis, rus deyil, həm də başqa ölkələrin dillərini “çut-çut” (чуть-чуть - bir az) öyrəniblər.

***

Deyirlər, “Ən gözəl yağışlar Tbilisiyə yağır...”. Əslində bu cümlə kökündən yanlışdı. Yağış yalnız Tbilisiyə yağır, qalan yerlərə yağan isə göyün ah-nələsi, gözündəki yaş, zavod və fabriklərin göyə üflədiyi toz-torpağın çirkabıdı...

...Tanrı Tbilisini narın yağışlardan və bir də insanların üzündəki təbəssümdən əskik etməsin.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG