Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

Nardaran hadisələri hakimiyyətə niyə lazım idi?


Nardaran - 27 noyabr 2015
Nardaran - 27 noyabr 2015

-

«Azadlıq» qəzeti bu suala cavab axtarır. Qəzet yazır ki, belə bir əməliyyatın keçirilməsində məqsəd gündəmi dəyişmək olub. Çünki artıq bir aydan artıqdır ki, MTN və Rabitə Yüksək Texnologiyalar Nazirliyində həyata keçirilən «təmizləmə» əməliyyatı gündəmi zəbt edib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bildirib ki, MTN ətrafında baş verənlər cəmiyyətdə böyük narazılığa səbəb olub: «Belə bir məqamda hakimiyyət gündəmi dəyişməyə, toplumun diqqətini hakimiyyət strukturlarında baş verən bu hadisələrdən yayındırmağa çalışır. Ona görə hakimiyyət inanclı kəsimi təxribata çəkərək, silah işlədir. Məhərrəmliklə bağlı tədbirlərin qarşısının alınması və digər hərəkətlər hakimiyyətin düşünülmüş addımı idi».

AXCP sədrinin müavini Nurəddin Məmmədli «Azadlıq»a deyib ki, hakimiyyət zaman-zaman bu cür addımlardan istifadə edərək cəmiyyəti xof, qorxuda saxlamaq üçün istifadə edib: «Ona görə də ölkədə getdikcə populyarlığı artan dini qrup üzərində də bu cür addım tətbiq edildi».

DİN PƏRDƏSİ ALTINDA CİNAYƏT…

«Azərbaycan» qəzeti mövzunu davam etdirir: «Din pərdəsi altında cinayətkar əməllərə yol verilməsi nardaranlılar tərəfindən şiddətlə pislənilir».

Sabunçu rayonundan deputat seçilənEldar Quliyev qəzetə deyib ki, «Müsəlman birliyi» adlı qruplaşmanın yaradılmasında məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətmək olub: «Araşdırmalar nəticəsində müəyyən olunub ki, bir qrup şəxs dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə qanunsuz qurum yaradıblar. Bu qurumun dinə heç bir aidiyyəti yoxdur və onu yaradanlar tamamilə kriminallaşmış, ekstremist cinayətkarlardır. Noyabrın 26-da həmin qruplaşmanın üzvlərinə qarşı əməliyyat zamanı polis əməkdaşlarının avtomat silahlardan atəşə tutulması, qumbara atılması da onların öz niyyətlərini həyata keçirmək üçün hətta silahlanmalarından, din pərdəsi altında cinayətkar əməllərindən xəbər verir».

Hacı Məmmədov
Hacı Məmmədov

O, baş verənlərin Nardaran sakinləri tərəfindən də pislənildiyini söyləyib: «Nardaranda yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı kənd sakinlərinə və İslam dininə heç bir aidiyyəti yoxdur».

«ÖMÜRLÜK»DƏ YATAN GENERAL HƏBSDƏN ÇIXA BİLƏR

«Hacı Məmmədov həbsdən çıxa bilər». Bu haqda «Yeni Müsavat»da oxuyuruq:

Qəzet yazır ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işi üzrə istintaq yenilənəcək.

Bu haqda «Yeni Müsavat»a Hacı Məmmədovun bacısı Arifə Məmmədova bildirib. O, işin yenidən araşdırılmasını istəyir: «Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq. Yenidən istintaq araşdırması olacaq».

Arifə Məmmədovanın dediyinə görə, 3 il Hacı Məmmədov ailə üzvləri ilə görüşdən imtina edib. Amma indi vəziyyət dəyişib: «Eldar Mahmudovu çıxardılar, görüşmək istədi. Əvvəllər isə qəti şəkildə bizimlə görüşdən imtina edirdi, deyirdi ki, zəhləm gedir hamıdan, heç kimi görmək istəmirəm. Hacı Məmmədov 3 nəfəri öldürübsə, baxın görün bunlar, Eldar Mahmudov nələr edib! Bunlara inam qalıb?».

Arifə Məmmdəova ona məxsus bağın müsadirə edilməsindən də danışıb: «O vaxt mən Eldar Mahmudovla bacara bilməzdim. Ona bağın alınmasını Cahangir Hacıyev tapşırıb. Yəqin Hacıdan yoldaşına görə qisas alır. Başqa nə olacaq ki? Bağımın əlimdən alınması Eldar Mahmudovla Cahangir Hacıyevin işidir. 10 il bağı qoydular həbsdə. Sonra da götürüb verdilər dəxili olmayan bir adama. Bu gün mən küçədə qalmışam. Məhkəməyə də təzyiq edirdilər».

Yük maşınları.
Yük maşınları.

«MƏHV EDİLƏN» MƏHSULLAR GİZLİCƏ SATIŞA ÇIXARILIB

moderator.az «MTN-nin müsadirə etdiyi məhsulların taleyi»ndən yazır.

Yazıda deyilir ki, keçmiş MTN rəhbərliyi müsadirə olunan bəzi məhsulları sənəd üzərində məhv etsə də, əslində onları paytaxt və Sədərək Ticarət Mərkəzindəki bəzi işbazların vasitəsilə satışa çıxarıb:

«Sabiq MTN rəhbərliyi bəzi məhsulları – xüsusilə də pirotexniki vasitələr, fişənglər, tezalışan maddələr, partlayıcıları... müsadirə edərək möhürləyib və onları aktlaşdıraraq məhv edildiyi ilə bağlı saxta sənədlər hazırlayıb. Sənəddə bu məhsulların konkret şəxslərin iştirakı ilə müəyyən olunmuş yerlərdə məhv edildiyi göstərilib. Əslində isə ölkədə satışına qadağa qoyulan və ya satışı məhdudlaşdırılan bu məhsullar sabiq MTN rəhbərliyinin biznes aləmindəki əlaltıları vasitəsi ilə satılıb ki, nəticədə «qanun keşikçiləri» milyonlarla manat qanunsuz vəsait əldə ediblər.

Müsadirə olunan və MTN tərəfindən möhürlənən məhsullar məhv edilmək adı ilə idarənin bazasından çıxarılandan sonra sabiq MTN rəhbərliyinə məxsus obyektlərə aparılırdı. Həmin obyektlərdə tırlarla məhsul tamam başqa rəng və ölçülü qutulara boşaldılır, bunun ardınca bazar qiymətindən bir qədər aşağı qiymətə «münasib iş adamları»na təklif olunurdu».

XS
SM
MD
LG