Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

«Milli din xadimlərimiz yetişdirilməlidir»


Zahid Oruc
Zahid Oruc

-

Azərbaycan parlamenti dekabrın 4-də «Dini ekstremizmə qarşı mübarizə haqqında» qanun layihəsini müzakirəyə çıxarır.

Bu haqda AzadlıqRadiosuna deputat Zahid Oruc danışıb. Onun dediyinə görə, yeni qanun 15 maddədən ibarətdir. Qanun layihəsində birinci növbədə dini ekstremizmin hədəfi müəyyən edilib.

– Dini ekstremistin hədəfi təkcə qara bayraq qaldırıb məzhəbçiliyi yaymaq deyil. Dini düşmənçilik yaymaqdır, fanatizmi, radikalizmi yaymaq, dünyəvi dövlət quruluşunu dəyişdirməkdir, terrordur. Bu layihədə qadağan olunmuş silahlı birləşmələrdə vuruşmaq, dini nifrət, nifaq yaymaq, məzhəbçilik, başqasının dini, milli ləyaqətini aşağılamaq, məcburi dini təhsilə cəlb etmək – dini ekstremizm sayılır. İnsanları dini etiqada vadar etmək, müxtəlif mərasimlərdə iştiraka məcbur etmək qanunun hüquqi çərçivəsinə daxildir və eyni dərəcədə məsuliyyət yaradan hallar kimi müəyyənləşdirilib. Bütün bunlara görə nəzərdə tutulan cəzalar sərt olacaq. Bu qanunda ən önəmli məqam dini ekstremist əməliyyat zonasının müəyyən edilməsidir. Harasa silahlı birləşmələrin, qoşun növünün yeridilməsi həmişə müzakirə mövzusudur. Ancaq qanunda qoşun yeridilməsi, komendant saatının elanı və sair kimi məqamlar dəqiq veriləcək ki, gələcəkdə hüquqi dartışma predmeti olmasın.

– Qanun dini ekstremist sayılanlara qarşı nə qədər sərt olacaq?

– Layihəyə görə, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Yəni, bu zaman hüquq-mühafizə orqanının əməkdaşı vurulmuş ziyana görə məsuliyyət daşımır. Söhbət ekstremist fəaliyyətdə bulunan adamlara ayrıca hüquq tanımaqdan gedirsə, silahlı qüvvə və daxili qoşun birləşməsi atdığı hər bir gülləyə görə cavab verə bilməz.

– Belə bir qanunun qəbulu niyə indiyə təsadüf edir?

– Bunu təkcə Nardaranda baş verənlərlə bağlamaq düzgün olmazdı. Ancaq düzdür, bu hadisələr müəyyən mənada qanunun qəbuluna təkan verdi. Azərbaycan vətəndaşlarının Suriyada, Əfqanıstanda və başqa yerlərdə qadağan olunmuş silahlı dəstələrin tərkibində vuruşması qanunun sərtləşdirilməsinə səbəb oldu.

– Milli Məclis «Dini etiqad azadlığı haqda» Qanuna da dəyişiklik etməyə hazırlaşır. Xaricdə təhsil alan din adamları Azərbaycanda dini ayinlər və mərasimlərdə iştirak edə bilməyəcəklər. Bunu zəruri edən nədir?

– Xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda fəaliyyəti qadağan edilməsi doğru addımdır. Etiraf etməliyik ki, müxtəlif dövlətlərdə təhsil alan din adamları həmin ölkənin ideologiyasının, təbliğatının burda təmsilçisinə çevrilir. Səudiyyə Ərəbistanında, İranda, Türkiyədə oxuyanlar həmin ölkələrdəki məzhəblərarası konflikti də bura daşıyırlar. Biz bunu Taleh Bağırzadənin simasında gördük. Buna görə belə bir qadağaya ehtiyac var. Məncə, bizim öz işıqlı din adamlarımızı yetişdirməyə ehtiyacımız var. İfadə yerinə düşəcəkmi bilmirəm, milli din xadimlərimiz yetişdirilməlidir.

– Bəs xaricdə təhsil alanların aqibəti necə olacaq?

– Onlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin yaratdığı komissiya qərar verməlidir. Bu da mürəkkəb məsələdir. Biz əcnəbi missionerlərin də bura əl-qol açmasına imkan verməməliyik.

XS
SM
MD
LG