Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Svetlana Aleksieviçin Nobel nitqi sərt oldu (Tam mətni)


Svetlana Aleksieviçin Nobel nitqi Belarus televiziyasında yayımlanır
Svetlana Aleksieviçin Nobel nitqi Belarus televiziyasında yayımlanır

-

Dünən Stokholmda 2015-ci il Ədəbiyyat Nobelini almış Belarus yazıçısı Svetlana Aleksieviçə Nobel mükafatının təntənəli təqdimat mərasimi olub. S.Aleksieviçin Nobel nitqini təqdim edirik.

Svetlana Aleksieviç

Uduzulmuş döyüş haqqında

Belarusda insanlar kafe və barlardakı tele-ekranlarda Svetlana Aleksieviçin Nobel nitqini dinləyirlər
Belarusda insanlar kafe və barlardakı tele-ekranlarda Svetlana Aleksieviçin Nobel nitqini dinləyirlər

Mən bu tribunada tək dayanmamışam...

Ətrafımda səslər var, yüzlərlə səs, onlar həmişə mənimlədir. Uşaqlığımdan bəri.

Mən kənddə yaşamışam. Biz, uşaqlar küçədə oynamağı xoşlayırdıq, axşamlarsa skamyalar maqnit kimi bizi özünə çəkirdi, necə deyərlər, yorğun nənələr evlərinin yanındakı bu skamyalarda otururdular.

Onların heç birinin əri, atası, qardaşları yox idi, müharibədən sonra kəndimizdə kişi olduğunu xatırlamıram - İkinci Dünya Müharibəsində hər dörd belarusdan biri ya Belarus ön cəbhəsində, ya da partizan kimi həlak olmuşdu.

Müharibədən sonra bizim uşaq dünyamız – qadın dünyası idi. Hər şeydən çox yadımda o qalıb ki, qadınlar ölümdən yox, sevgidən danışardılar.

Axırıncı gün sevdikləri insanlarla necə sağollaşmışdılar, onları necə gözləmişdilər və yenə də gözləyirdilər.

Uzun illər keçmişdi, amma onlar gözləyirdilər: “Qoy əlsiz, ayaqsız gəlsin, onu əllərim üstə gəzdirərəm.” Əlsiz... ayaqsız... Deyəsən, mən sevginin nə olduğunu uşaq yaşlarımdan bilirəm...

Budur, eşitməkdə olduğum kədərli xordan bir neçə musiqi:

Birinci səs:

“Nəyinə lazımdı, bilib nə edəcəksən? Elə kədərlidir ki. Mən ərimlə müharibədə tanış olmuşam. Tankist idim. Berlinə qədər gedib çıxmışam.

Yadımdadı, dayanmışdıq, hələ ərim deyildi, Reyxstaqın yaxınlığındaydıq, o, mənə dedi:

“Gəl evlənək. Mən səni sevirəm.”

Mənisə bu sözlərdən sonra elə inciklik bürüyür... axı müharibə gedir, çirkin, tozun içindəyik, ətraf büsbütün mat vəziyyətdə. Ona cavab verirəm:

“Sən əvvəlcə məndən qadın düzəlt: çiçək bağışla, mülayim sözlər de, mən də hərəkətə gəlim və özümə paltar tikim.”

Elə incimişdim ki, hətta ona şillə vurmaq istəmişdim. O, bütün bunları hiss elədi, bir yanağında yanıq və tikişlər vardı, o tikişlərin üzərində göz yaşlarını gördüm.

“Yaxşı, sənə ərə gedərəm” - dedim... özüm öz dediyimə inanmadım... Ətraf his-pas, döyülmüş kərpiclər, bir sözlə, müharibənin tən ortası...”

İkinci səs:

“Biz Çernobıl atom stansiyasının yanında yaşayırdıq. Mən şirniyyatçı işləyirdim, biş-düş edirdim. Ərimsə yanğınsöndürən idi. Lap təzə evlənmişdik. Harasa gedəndə əl-ələ gedirdik.

Reaktor partlayan gün ərim yanğın hissəsində növbətçi idi. Onlar çağırışa öz köynəklərində, ev geyimlərində getdilər, - atom stansiyasında partlayış olub, amma onlara heç bir xüsusi geyim vermədən hadisə yerinə göndərirlər.

Belə yaşamışıq, bilirsinizmi... Bütün gecəni yanğın söndürdülər və radiadoza aldılar, o radiasiyayla yaşamaq olmazdı.

Səhəri gün onları təcili təyyarəyə mindirib Moskvaya apardılar. Kəskin şüalanma xəstəliyi... onunla insan yalnız bir neçə həftə yaşaya bilər. Mənimki güclü idi, idmançı idi, hamıdan axırda öldü.

Mən ora çatanda dedilər ki, xüsusi izolyasiyada yatır, yanına olmaz. “Mən onu sevirəm” – xahiş elədim. “Onlara əsgərlər qulluq edirlər, sənin yerin deyil.”

“Sevirəm.” Məni dilə tutdular: “O, artıq sevdiyin adam deyil, obyektdir, zərərsizləşdirilməlidir. Başa düşürsən?”

Mənsə eyni sözü deyib durmuşdum: Sevirəm, sevirəm...

Gah gecə yanğın nərdivanıyla yanına qalxdım.... Gah gecə qapıçılara pul verdim ki, məni içəri buraxsınlar... Onu tək qoymadım, axıracan onunla oldum...

O öləndən... bir neçə ay sonra qızım dünyaya gəldi, cəmi bir neçə gün yaşadı. Biz onu elə gözləyirdik ki... Mənsə onu öldürdüm...

O, məni radiasiya zərbəsindən xilas etmiş, hamısını özünə götürmüşdü... Körpəm... Əziz balam... Amma mən onların hər ikisini sevirdim. Məgər sevgiylə öldürmək olar?! Onlar – sevgi və ölüm, axı niyə həmişə yan-yanadırlar? Kim mənə izah edər?

İndi qəbirləri üstündə dizin-dizin sürünürəm...”

Üçüncü səs:

“İlk dəfə necə alman öldürdüm... On yaşım vardı, partizanlar artıq məni özlərilə tapşırığa aparırdılar. O alman yaralı idi, yerdə uzanmışdı... Mənə dedilər ki, yüyürüb onun silahını götürüm, mən ona tərəf qaçanda o, ikiəlli tapançasını götürüb düz sifətimə tuşladı. Amma vurmağı çatdırmadı, mən cəld tərpəndim...

Öldürdüm deyə, qorxmadım... Müharibədə onu heç yadıma da salmadım. Ətrafda o qədər ölü vardı ki, ölülərin arasında yaşayırdıq.

Uzun illərdən sonra o almanı yuxuda görəndə təəccübləndim. Heç gözləmirdim... Eyni yuxunu bir neçə dəfə gördüm. Gördüm, uçuram, o məni buraxmır. Qalxıram.. Uçuram, uçuram... O da mənimlə, qəfil onunla bir yerə düşürəm. Nəsə bir çuxura düşürəm. Hay istəyirəm qalxım... ayağa durum... O, qoymur. Qoymur məni uçam...

Eyni bir yuxu məni onillərlə təqib elədi...

Bu yuxunu oğluma danışmamışam. Oğlum balaca idi – ona nağıl oxuyurdun, belə bir şeyi danışa bilməzdim. Oğlum böyüdü – yenə də bacarmıram...”

Gustave Flaubert
Gustave Flaubert

Flober deyirdi ki, o, qələm adamıdır, mən deyə bilərəm ki, qulaq adamıyam.

Küçədə gedəndə qulağıma hansısa sözlər, ifadələr, nidalar dəyəndə həmişə düşünürəm: Bir gör nə qədər roman itib gedir, izi də qalmır. Zamanda. Qaranlıqda.

İnsan həyatının bir hissəsi - şifahidir, onu ədəbiyyata qazandırmaq nəsib olmur bizə. Biz onu hələ qiymətləndirmirik, o bizi heyrətləndirmir hələ. Məni məhz o yaxalayıb, əsirinə çevirdi.

İnsan danışığını sevirəm... Tək bir insan səsini sevirəm. Bu, mənim ən böyük eşqim və ehtirasımdır.

Mənim bu tribunaya yolum qırx illik uzun bir yol olub, - insandan insana, səsdən səsə. Deyə bilmərəm ki, həmişə qatlana bilmişəm, - dəfələrlə olub ki, insandan diksinmişəm və qorxmuşam, heyrət və ikrah duymuşam, eşitdiyimi unutmaq istəmişəm, xəbərsiz olduğum zamanlara dönmək istəmişəm. Gözəl bir insan görməkdən sevinc duymağım da az olmayıb.

Mən elə bir ölkədə yaşamışam ki, orada bizə uşaqlıqdan ölməyi öyrədiblər. Ölümü öyrədiblər. Bizə deyirdilər ki, insan özünü fəda etmək üçün, yanmaq üçün, qurban getmək üçün yaşayır. Silahlı insanı sevməyi öyrədirdilər. Başqa bir ölkədə böyüsəydim, bu yolu keçə bilməzdim.

Şər amansızdır, ona qarşı peyvəndin olmalıdır. Biz cəlladlar və qurbanlar arasında böyümüşük. Bəlkə də valideynlərimiz qorxu içində yaşayır, bizə hər şeyi, yaxud heç nəyi demirdilər, amma həyatımızın havası onunla zəhərlənmişdi. Şər bizi qarabaqara izləyirdi.

Beş kitab yazmışam, amma mənə elə gəlir ki, onların hamısı bir kitabdır. Bir utopiyanın tarixi haqda kitab.

Varlam Şalamov
Varlam Şalamov

Varlam Şalamov yazırdı: “Mən insanlığın həqiqi yenilənməsi uğrunda nəhəng və uduzulmuş bir döyüşün iştirakçısı oldum.”

Mən bu döyüşü, onun qələbə və məğlubiyyətlər tarixini bərpa edirəm.

Yer üzündə Səmavi Səltənət qurmaq istəyirmişlər! Cənnət! Günəş şəhəri! Amma axırı nə oldu, yerdə qan dənizi qaldı, milyonlarla məhv edilmiş insan həyatı qaldı.

Vaxt oldu, XX yüzilin heç bir ideologiyası kommunizmlə qiyaslanmaz oldu (Oktyabr inqilabıyla, onun simvollarıyla), qərbli intellektuallar və bütün dünyanın insanlarını heç bir ideologiya onun qədər cəlb etmədi.

Sartre, Raymond Aron və Andre Glucksmann
Sartre, Raymond Aron və Andre Glucksmann

Raymon Aron Rus inqilabını “intellektuallar üçün tiryək” adlandırırdı.

Kommunizm ideyasının ən azı iki min il yaşı var. Ona Platonda rast gəlirik – ideal doğru dövlət təlimində, ona Aristofanda rast gəlirik – “hər şeyin ümumi olacağı zaman” haqda arzularında...

Tomas MorTammazo Kampanellada... Daha sonra Sen-Simonda, Furyedə və Ouendə.

Rus ruhunda elə bir şey var ki, bütün bu çirkabı reallığa çevirmək üçün cəhd göstərməyə vadar etdi.

İyirmi il bundan qabaq biz “qırmızı” imperiyanı lənət və göz yaşıyla yola saldıq. Bu gün artıq yaxın tarixə tarixi təcrübə kimi sakitcə baxa bilərik. Bu, ona görə vacibdir ki, sosializm haqda mübahisələr hələ də səngimir. Yeni nəsil yetişib, onların ayrı dünyagörüşü var, amma yenə də MarksLenini oxuyan gənclərin sayı az deyil, rus şəhərlərində Stalin muzeyləri açırlar, ona heykəllər qoyurlar...

“Qirmızı” imperiya yoxdur, amma “qırmızı” insan qalır. Davam edir.

Atam, bu yaxınlarda öldü, sona qədər inadcıl kommunist idi. Partiya biletini qoruyub saxlayırdı. “Sovok” sözünü heç vaxt dilimə gətirə bilmərəm, yoxsa atamı da belə adlandırmalı olardım, “doğmalarımı” da, tanışlarımı da. Dostlarımı da.

Hamısı oradan gəlir – sosializmdən. Aralarınıda idealistlər az deyil. Romantiklər az deyil. İndi onlara bir ad da qoyublar: köləlik romantikləri. Utopiya qulları.

Onlar başqa cür də yaşaya bilərdilər, amma sovet həyatı yaşadılar. Niyə? Bu suala uzun müddət cavab axtarmışam: bu yaxınlara qədər SSRİ adlanan nəhəng bir ölkəni başdan-başa gəzmişəm, minlərlə lent yazıları qeydə almışam. Belə olub sosializm, belə olub bizim həyatımız.

Qalıqlardan, tör-töküntülərdən sosializmin “ev” tarixini, “daxili” tarixini toplamışam. Onun insan ruhunda necə yaşadığını toplamışam. Məni baxın, bu kiçik məkan maraqlandırır – insan... bir insan. Əslində hər şey orada baş verir.

Theodor Adorno
Theodor Adorno

Müharibədən dərhal sonra Teodor Adorno silkələnmişdi: “Osventsimdən sonra şeir yazmaq – vəhşilikdir.”

Mənim müəllimim, adını bu gün minnətdarlıqla çəkdiyim Ales Adamoviç də hesab edirdi ki, XX yüzilin dəhşətləri haqda nəsr yazmaq kafirlikdir. Bu yerdə özündən nəsə uydurmaq olmaz. Həqiqəti vermək lazımdır, olduğu kimi.

Ales Adamoviç
Ales Adamoviç

“Fövqəl-ədəbiyyat” tələb olunur. Şahid danışmalıdır.

Bu yerdə Nitşenin də sözlərini xatırlamaq olar, deyirdi ki, heç bir rəssam reallığa tab gətirməz.

Məni həmişə narahat edib ki, həqiqət bir qəlbə, bir əqlə sığa bilmir. O, bir növ doğranmış şəkildədir, o, çoxdur və dünyaya səpələnib.

Dostoyevski deyir ki, insanlıq özü haqqında ədəbiyyatda yazdığından daha çox şey bilir.

Mən nə edirəm? Mən gündəlik hissləri, fikirləri, sözləri toplayıram. Öz zəmanəmin həyatını toplayıram. Mənə qəlbin, ruhun tarixi maraqlıdır. Ruhun həyatı. Böyük tarixin buraxdıqlarını, yuxarıdan aşağı baxdıqlarını toplayıram. Buraxılmış tarixlə məşğulam.

Az eşitməmişəm ki, bu, ədəbiyyat deyil, sənəddir (dokumentdir).

Bəs nədir bu gün ədəbiyyat? Bu suala kiim cavab verər?

Biz indi əvvəlkindən daha çevik yaşayırıq. Məzmun formaya sığmır. Onu sındırır və dəyişdirir. Hər şey öz həddini aşır: musiqi də, rəsm də, sənədli söz də öz hədlərindən çıxır. Fakt və məna arasında sərhəd yoxdur, biri digərinə qarışır.

Şahidin də hissləri var. İnsan danışarkən yaradır, heykəltaraş mərmərlə çarpışan kimi o da zamanla çarpışır. O, aktyor və yaradıcıdır.

Məni kiçik insan maraqlandırır. Kiçik böyük insan, ona görə ki, kiçik insanı iztirabları böyüdür. Kiçik insanın özü mənim kitablarımda öz tarixçəsini danışır, öz tarixçəsilə birgə böyük tarixi də.

Başımıza gələnlər hələ dərk olunmayıb, danışmaq lazımdır. Əvvəlcə danışmaq. Biz bundan qorxuruq, hələ öz keçmişimizlə baş edə bilmirik.

Fyodor Dostoyevski
Fyodor Dostoyevski

Dostoyevskinin “Cinlər” əsərində Şatov söhbətdən əvvəl Stavroginə deyir:

“Biz iki varlıq hüdudsuz aləmdə üz-üzə gəlmişik... dünyada sonuncu dəfə. Saxlayın tonunuzu və insan səsilə danışın! Heç olmasa bir dəfə insan səsilə!”

Mənim öz qəhrəmanlarımla söhbətlərim təxminən belə başlanır. Əlbəttə, insan öz zəmanəsindən çıxış edir, o, boşluqdan danışa bilməz!

Amma insanın qəlbinə yol tapmaq çətindir, onu əsrin xurafatı, ehtiras və aldanışları zibilləyib. Televizor və qəzetlər zibilləyib.

İstərdim indi burada öz gündəliklərimdən bir neçə səhifəni götürüb vərəqləyim ki, zamanın necə hərəkət etdiyini... ideyanın necə öldüyünü göstərim... Həmçinin onun izilə necə getdiyimi...

1980-85-ci illərin gündəliyi:

Belarusda bir barda Svetlana Aleksieviçin televiziyada göstərilən Nobel nitqini dinləyirlər
Belarusda bir barda Svetlana Aleksieviçin televiziyada göstərilən Nobel nitqini dinləyirlər

Müharibə haqda kitab yazıram... Niyə müharibə? Çünki biz hərbçi adamlarıq – həmişə gah vuruşmuşuq, gah da müharibəyə hazırlaşmışıq.

Diqqətli olsaq görərik ki, hamımız hərbi düşüncəyə malikik. Evdə də, küçədə də. Ona görə bizdə insan həyatı belə ucuzdur. Hər şey müharibədəki kimidir.

Şübhəylə başladım. Müharibə haqda daha bir kitab... Niyə?

Jurnalist səfərlərimin birində bir qadınla tanış oldum, müharibə vaxtı sanitar təlimatçı olub. Danışdı. Dedi, qışda Buzlu göldən keçəndə düşmən onların hərəkət etdiyini görüb, başlayıb atəş açmağa.

Atlar və adamlar buzun üstüylə gedirlər. Gecədir. Qadın yaralıları sahilə çəkməyə başlayıb.

“Yaş, çılpaq bir adam sürütləyirdim, elə bilirdim paltarı cırılıb, güc-bəlayla onu sahilə çatdırdım, sahildə başa düşdüm ki, böyük yaralı bir belyuqa balığını daşıyıb gətirmişəm.”

Üçmərtəbəli mat! İnsanlar əziyyət çəkirlər, bəs heyvanlar, quşlar, balıqlar niyə, nəyə görə?

Başqa bir səfərimdə süvari eskadronunun sanitar təlimatçısını dinlədim. Danışırdı ki, bir yaralı almanı döyüş yerindən sürüdüb çıxarıb, əvvəlcə bilməyib almandır, ayağı yarıdan kəsilmiş, qan içində bu əsgərin voronka formalı alman əsgəri olduğunu sonradan görüb. Bu ki, düşməndir! Nə etməli? Orada - yuxarıda öz yaralıları can verməkdədir!

Amma o, bu almanın yarasını sarıyıb, sonra sürünməyə davam edib. Sürünə-sürünə bir rus əsgərinə çatıb, huşsuz əsgər özünə gələndə almanı öldürmək istəyib, alman da özünə gələndə rusu öldürmək üçün avtomatını axtarıb.

“Gah bunu itələyirdim, gah o birini. Ayaqları bizdə idi, qan içində. Qan qarışmışdı.”

Bu, mənim bilmədiyim müharibə idi. Qadın müharibəsi. Qəhrəmanlar haqda deyil! İnsanların bir-birlərini necə qəhrəmanlıqla öldürməsi haqda deyil.

Bir qadının müharibə təəssüratı yaxşı yadımdadır: “Döyüşdən sonra meydanda gedirsən. Hamısı yerdədir... Hamısı gənc, hamısı gözəl. Uzanıb səmaya baxırlar. Bunlara da yazıq, onlara da.”

Bu “bunlar”, “onlar” sözləri mənə kitabın nə haqda olacağına eyham vurdu: müharibənin – qatillik olması haqda. Qadın yaddaşında necə qalması haqda.

İndicə bu insan gülümsəyirdi, siqaret çəkirdi, - amma daha o, yoxdur. Hər şeydən çox qadınlar heçlik haqda danışırlar: deyirlər, müharibədə hər şey puç olur. İnsan da, insanın vaxtı da.

Bəli, onlar cəbhəyə könüllü gediblər, 17-18 yaşlarında, amma öldürmək istəməyiblər. Ölməyə isə hazır olublar. Vətən uğrunda ölməyə. Tarixdən söz silib çıxara biməzsən – Stalindən də həmçinin.

Kitabı iki il çap etmədilər, Yenidənqurmaya qədər. Qorbaçova qədər. “Sizin bu kitabınızdan sonra heç kəs döyüşə getməz” – senzor mənə dedi, “Sizin təsvir etdiyiniz müharibə qorxuludur. Niyə sizin kitabda qəhrəmanlar yoxdur?”

Mən qəhrəman axtarmırdım. Mən tarixi hekayətlə qələmə alırdım, şahidindən və iştirakçısından başqa heç kəsin görmədiyi kimi...

İnsan müharibədən dərhal sonra bir, on il keçəndən sonra isə ayrı müharibə danışır... Sənədlər – canlı varlıqlardır, onlar bizimlə birgə dəyişilir...

Amma mən tam əminəm ki, belə 41 yaşlı hərbçi qızlar bir də heç vaxt olmayacaqlar. Bu, “qırmızı” ideyanın ən şiddətli vaxtı idi, İnqilab və Lenin zamanında olduğundan da şiddətli.

Onların Qələbəsinə QULAQ da daxildir. Bu qızları hədsiz çox sevirəm.

Amma onlarla Stalin haqda danışmaq olmazdı... Müharibədən sonra ən cəsurlarla, qaliblərilə birgə Sibirə getməkləri haqda danışmaq olmazdı.

Qayıtdılar və susdular. Bir dəfə biri dedi: “Biz yalnız müharibədə azad idik. Ön cəbhədə”.

Bizim başlıca kapitalımız - əzablardır. Neft, qaz deyil, əzablar. Daim əzab qazıb çıxarırıq.

Həmişə bu suala cavab axtarıram: Niyə bizim iztirablarımız azadlığa çevrilmir? Doğrudanmı, onlar beyhudədir?

Çaadayev haqlı idi: Rusiya yaddaşsız ölkədir, total amneziya məkanıdır, tənqid və refleksiya şüuru yoxdur.

Dahiyanə kitablar ayaqlar altında tapdanır...

1989-cu ildir:

Mən – Kabuldayam. Daha müharibədən yazmaq istəmirdim. Amma budur, əsl müharibənin içinə gəlib çıxmışam. “Pravda” qəzetindən: “Biz qardaş əfrqan xalqına sosializm qurmağa kömək edirik.”

Hər tərəf hərbçilərdir, müharibə əşyalarıdır. Müharibə zamanıdır.

Dünən məni döyüşə aparmadılar: “Mehmanxanada qalın, xanım...”

Mən mehmanxanada oturub fikirləşirəm: başqasının kişilik və riskinə tamaşa etməkdə bir mənəviyyatsızlıq var.

Artıq iki həftədir ki, buradayam, müharibənin – kişi təbiətindən doğması, mənim üçün anlaşılmaz olması hissinə qapılmışam.

Amma müharibə gündəliyi möhtəşəmdir. Silahın gözəl olduğunu kəşf etdim özüm üçün: avtomatlar, minalar, tanklar. Başqasını daha yaxşı necə öldürmək olar – insan bu haqda çox düşünüb. Həqiqət və gözəllik arasında əbədi mübahisə gedir.

Mənə yeni bir italyan minası göstərdilər, “qadın” reaksiyam belə oldu: “Gözəldir. O, niyə belə gözəldir?”

Hərbçilər izah etdilər ki, onun üstünə ayağını qoysan, bir ucunu belə, tapdasan... insandan yarım vedrə ətdən başqa bir şey qalmaz...

Burada anormal şeylər haqda normal, məntiqli şeylər kimi danışılır.

Müharibə... Bu mənzərələr heç kəsin ağlını başından almır, heç kəs insanı bir qaya parçasının yox, başqa bir insanın öldürməsindən, o ölmüş insanın yerdə düşüb qalmasından dəli olmur.

“Qara tülpan” adlanan təyyarəni gördüm, Vətənə sink tabutları daşıyır. Ölüləri qırxıncı illərin köhnə əsgər formalarına bürüyürlər, bəzən çatışmır bu formalar.

Əsgərlər öz aralarında görün bir nə danışırlar: “Soyuducuya yeni ölülər apardılar. Xarab qaban əti kimi iylənirlər.”

Bu haqda yazacağam. Bəlkə də evdə danışsam, inanmayacaqlar. Qəzetlərimiz sovet əsgərlərinin qoyduğu dostluq əklillərindən dəm vurur.

Uşaqlarla danışıram, çoxu könüllüdür. Özləri bura gəlmək istəyiblər. Çoxu ziyalı ailədəndir, müəllim, həkim, kitabxanaçı uşaqlarıdır, - kitab adamlarıdır.

Əfqan xalqına sosializm quruculuğunda kömək etməyi səmimi qəlbdən arzulayıblar. İndi özlərinə gülürlər.

Mənə hava limanında bir yer göstərdilər, orada yüzlərlə boş sink tabut var, onlar sirli şəkildə bərq vururdular günün altında. Məni müşayiət edən zabit özünü saxlaya bilmədi: “Mənimki də ordadır... Onlardan birinə soxacaqlar. Bəs mən burda nə gəzirəm, nəyə görə döyüşürəm?”

Bu yerdə özü öz dediyimdən qorxdu: “Bunu yazmayın.”

Gecələr yuxuma ölülər girdi, hamısının heyrətlənmiş sifətləri vardı: mən kiməm belə? Doğrudanmı, ölmüşəm?

Tibb bacılarıyla mülki əfqanların uşaqlarına hədiyyələr apardıq. Oyuncaqlar, konfetlər, peçenye...

Mənə beş dənə ayı balası hədiyyəsi düşdü. Hospitala gəldik – uzun bir səngər, yataq adına yalnız odeyallar vardı.

Mənə gənc bir əfqan qadın yaxınlaşdı, qucağında uşaq vardı, nəsə demək istəyirdi, 10 il ərzində burada hər kəs biraz rusca öyrənib... uşağa hədiyyə verdim, əfqan qadın dedi ki, uşaq o hədiyyəni dişiylə götürəcək.

"Niyə dişiylə?" – mən soruşdum. "Ona görə ki, sizin ruslar bombalayıblar, bu balaca oğlanın əlləri yoxdur." Huşumu itirdim...

Bizim “Qrad”ın qışlaqları necə şumanladığını gördüm. Əfqan məzarlığında oldum, uzun bir qışlaq kimiydi. Məzarlığın ortasında bir qoca əfqan qadın qışqırırdı. Yadımdadı, Minsk yaxınlığındakı kəndimizə sink tabut gələndə ana necə haray qoparmışdı. O, insan səsi deyildi, vəhşi bir səs idi... Kabul məzarlığında eşitdiyim səsə bənzəyirdi...

Etiraf edirəm, dərhal azad olmamışam. Qəhrəmanlarımla səmimi olmuşam, onlar mənə etibar ediblər. Hər birimizin azadlığa öz yolumuz, öz baxışımız vardı.

Əfqanıstana qədər mən insan simalı sosializmə inanırdım. Oradan qayıdanda öz illüziyalarımdan azad olmuşdum.

“Bağışla ata, sən məni kommunist ruhunda tərbiyə etdin, amma sənin və anamın dərs verdiyiniz kənd məktəblilərinin başqalarının torpağında tanımadıqları insanları necə öldürdüklərini görəndə sizin bütün sözləriniz puç olur. Biz – qatilik, ata, başa düşürsənmi?” Atama belə deyəndə o, ağladı.

Əfqanıstandan çoxları belə azad qayıtdı.

Amma başqa bir nümunəm də var. Əfqanıstanda bir cavan oğlan mənə dedi: “Ey qadın, sən müharibədən nə başa düşə bilərsən? Məgər insanlar müharibədə kino və kitablardakı kimi ölürlər? Orada gözəl ölürlər, amma dünən mənim dostum öldü, başından dəydi güllə. O, bir neçə metr qaçıb öz başını tutmağa çalışdı.”

Bu oğlan yeddi il sonra uğurlu bir biznesmen oldu, indi də əfqanlar haqda danışmağı xoşlayır. Bir dəfə mənə zəng etdi: “Neynirsən kitab yazırsan? Çox qorxunc yazırsan.” O, artıq başqa bir insan idi. Ölüm düşərgəsində gördüyüm, iyirmi yaşında ölmək istəməyən o insan deyildi...

Özümə sual verdim, müharibə haqda necə bir kitab yazmaq istərdin... İstərdim elə bir kitab yazım ki, insan güllə ata bilmir, başqasını öldürə bilmir, müharibə haqda düşünmək belə, onu dəhşətə gətirir. Haradadır elə bir insan? Mən ona rast gəlməmişəm.

1990-97-ci illərin gündəliyi:

Yalnız rus ədəbiyyatı nəhəng ölkənin keçdiyi unikal təcrübədən danışa bilər, buna görə maraqlıdır rus ədəbiyyatı.

Məndən soruşurlar: niyə həmişə faciədən yazırsız?

Ona görə ki, biz belə yaşayırıq. Hərçənd, indi ayrı-ayrı ölkələrdəyik, amma “qırmızı” insan hər yerdədir. O, həmin həyatın xatirələrilə yaşayır.

Çernobıl haqda uzun müddət yazmaq istəməmişəm. Bilmirdim o haqda necə yazım. Hansı üsulla, haradan başlamaqla?

Mənim kiçik, Avropada itmiş, adını əvvəllər heç kəsin demək olar ki, eşitmədiyi ölkəm haqda indi bütün dillərdə danışırdılar, biz belaruslar Çernobıl xalqı olmuşduq.

Kommunist, millətçi və yeni dini partlayışdan başqa, bizi irəlidə amansız və total, amma hələ göz-nəzərdən iraq bir şey də gözləyirmiş. Çernobıldan sonra başqa bir səhifə açıldı.

Yadıma gəlir, bir taksist qabaq şüşəsinə dəyib düşən göyərçini görəndə nə demişdi: “Gündə iki-üç dənə quş ölür. Qəzetlərsə yazır ki, vəziyyət nəzarətdədir.”

Şəhər parklarından yarpaqları yığıb şəhər kənarına aparır, orada basdırırdılar. Torpaqdan ləkələri götürür, aparıb başqa yerdə basdırırdılar. Torpağı torpaqda dəfn edirdilər. Ağacı, otu dəfn edirdilər. Hər kəs bir az dəli sima almışdı.

Bir qoca bağban danışırdı:

“Səhər bağa çıxdım, gördüm nəsə çatmır, nəsə tanış bir səs... Quş səsi yoxdur. Bir dənə də! Bu nədir belə? İkinci gün də yoxdurlar, üçüncü gün də... Sonra məlumat gəldi ki, atom stansiyasında qəza olub, yaxınlıqda.

Amma uzun müddət heç nə bilmirdik. Quşlar bilirdi, biz yox.”

Çernobıl haqda məlumatlar qəzetdə hərbi dillə əks olunurdu: partlayış, qəhrəmanlar, əsgərlər, evakuasiya.

KQB o stansiyada iş aparırdı. Casus və diversant axtarırdılar. Şayiə gəzirdi ki, qəza xarici təhlükəsizlik orqanlarının planlaşdırılmış aksiyasıdır.

Çernobıla tərəf hərbi texnika, əsgərlər hərəkət edirdi. Hərbi sistem işə düşmüşdü. Amma avtomatlı əsgər bu yeni dünyada faciəvi idi. Onun əlindən radiasiyaya məruz qalmaqdan, evə qayıdandan sonra ölməkdən başqa bir şey gəlmirdi.

Gözlərimin qarşısında Çernobılaqədərki və Çernobıl insanları ayrıldı.

Radiasiyanı gözlə görmək, toxunmaq, eşitmək, qoxlamaq olmur... Belə bir tanış və qeyri-tanış dünya ilə əhatələnmişdik.

Mən zonaya yollananda bizə tezcə izah etdilər ki, gül dərmək olmaz, çəməndə oturmaq olmaz, vedrədən su içmək olmaz... Ölüm hər tərəfdə gizlənmişdi, bu, başqa cür bir ölüm idi. Yeni maskalarla. Yad qiyafədə.

Müharibə görmüş qocalar evakuasiya ediləndə göyə baxıb dedilər: “Günəş parlayır... Tüstü yox, qaz yox. Güllə səsləri yox. Məgər müharibədir?" Qaçqın olmaq zamanı idi.

Səhər hamı acgözlüklə qəzetlərə hücum edirdi, oxuyan kimi onları hirslə kənara tullayırdılar, - casuslar tapılmayıb. Xalq düşmənləri haqda yazmırlar.

Casussuz dünya və düşmənsiz xalq – bizə tanış deyildi. Nəsə yeni bir şey başlanmışdı. Əfqanıstanın ardınca Çernobıl bizi azad insanlar etdi.

Məndən ötrü dünya tərpəndi. Zonada özümü nə belarus, nə rus, nə ukraynalı kimi hiss etdim, yeni bir boloji növ idim, məhv olacaqdım.

İki qəza üst-üstə düşdü: sosial qəza – Sosialist Atlandidası suyun altına gedirdi və kosmik qəza – Çernobıl.

İmperiyanın çökməsi hamını narahat edirdi: insanlar məişət qayğılarına düşmüşdü, nə alsınlar, necə yaşasınlar? Nəyə inansınlar? Hansı bayrağı qaldırsınlar? Ya bəlkə böyük ideyasız yaşamağı öyrənməli?

Bax, bu naməlum idi, axı heç belə yaşamamışdıq. “Qırmızı” insanın qarşısında yüzlərlə sual vardı, o, tənha çəkirdi bütün bunları. O, heç vaxt belə, azadlığın ilk günlərində olduğu qədər tənha olmamışdı. Sarsılmış insanlar vardı ətrafımda. Mən onları dinləyirdim...

Gündəliklərimdən bu qədər.

Nobel nitqi
Nobel nitqi

İmperiya çökəndə başımıza nə gəldi?

Əvvəl dünya iki yerə bölünürdü: cəlladlara və qurbanlara – bacılar və qardaşlar, bu, QULAQ-dır, bu isə müharibə, elektorat – texnologiya, müasir dünya.

Əvvəllər bizim dünyamız oturanlara və oturdanlara bölünürdü, bu gün slavyanofillərə və qərbçilərə, milli satqınlara və patriotlara bölünür. O cümlədən, ala bilənlərə və ala bilməyənlərə.

Sonuncu, deyərdim, sosializmdən sonra ən sərt sınaqdır, çünki bu yaxınlara qədər hamı bərabər olmuşdu.

“Qirmızı” insan heç cür mətbəxdə oturub xəyalını qurduğu o azad səltənətə daxil ola bilmədi. Rusiyanı "qırmızı" insansız bölüşdürdülər. O, heç nəsiz qaldı. Alçaldılmış, qarət olunmuş. Aqressiv və təhlükəli.

Rusiyaya gedəndə belə sözlər eşidirəm...

– Modernləşmə bizdə yalnız əmək-islah düşərgələri və edamlarla mümkündür.

– Elə bil rus insanı varlı olmaq istəmir, hətta bundan qorxur. Axı o, nə istəyir? O, həmişə bir şey istəyir: istəyir ki, başqa birisi varlı, ondan daha varlı olmasın.

– Dürüst insan bizlərdə tapmazsan, müqəddəslərsə var.

– Rahat nəsil yetişəcəyini gözləmə; rus insanı azadlığın nə olduğunu anlamır, ona kazak və qamçı lazımdır.

– Rus dilində iki başlıca söz var: müharibə və həbs. Oğurladın, gəzdin, içəri girdin. Çıxdın, yenə girdin.

– Rus həyatı pis, rəzil olmalıdır, onda ruh qalxır, onda ruh başa düşür ki, bu dünyaya aiddir... Nə qədər çirk və qan olsa, o qədər seyrəngahdır...

– Yeni inqilab üçün nə güc var, nə də dəlilik. Ruh yoxdur. Rus insanına elə bir ideya lazımdır ki, şaxta kimi dərisinə vursun...

– Belə keçir həyatımız – bardak və barak arasında. Kommunizm ölməyib, ölü sağdır.

Cəsarət edərək deyirəm ki, 1990-cı illərdə əlimizdə olan bir şansı buraxmışıq. “Ölkə necə olmalıdır ki, insanlar orada yaxşı yaşasınlar: güclü, ya yoxsa ləyaqətli” sualına birinci cavabı - "güclü" cavabını seçmişik.

Ruslar ukraynalılarla savaşırlar. Qardaşlarıyla. Atam belarusdur, anam ukraynalı. Çoxları mənim kimi.

Rus təyyarələri Suriyanı bombalayır...

Ümid dövrünü qorxu dövrü əvəz edib.

Zaman geri dönür... İkinci əl (secondhand) zaman...

İndi əmin deyiləm ki, “qırmızı” insan haqda hər şeyi yazıb qurtarmışam...

Mənim üç evim var – Belarus torpağı, atamın vətəni, bütün həyatımı yaşadığım yer, Ukrayna – anamın vətəni, doğulduğum yer və böyük rus mədəniyyəti, onsuz özümü təsəvvür etmirəm.

Onların hamısı mənə əzizdir, - sevgi haqqında isə danışmaq bizim dövrümüzdə çətindir.

7 dekabr, 2015

Ruscadan tərcümə: Nərmin Kamal

XS
SM
MD
LG