Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:42

«Şah erasındakı İranla indiki Azərbaycanın oxşarlığı çoxdur»


Nardaran.
Nardaran.

-

«Daxili İşlər Nazirliyi Nardarana ciddi nəzarət etməkdədir. Rəsmilər və dövlətin nəzarətində olan media insidenti islamçılıqdan ruhlanmış terror aktı kimi təqdim edir. Etirazçılara daha rəğbətlə yanaşanlar isə dini narazılığı həll etmədiyinə, məsələn, məktəblərdə hicab qadağasını götürmədiyinə görə hakimiyyəti qınayır».

eurasianet.org saytında Eldar Məmmədov noyabrın sonunda baş vermiş Nardaran hadisələrinə təhlil edir. Həmin hadisələrdə 5 nəfər mülki şəxs, 2 polis həlak olub. 30-dan çox həbs olunan var. Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədovun məqalədə şəxsi mövqedən çıxış etdiyi qeyd olunur.

KHOMEINI-ÇİLƏR

Müəllifin fikrincə, hər iki izah yanlışdır. İslam Nardaran hadisələrinin kökündə duran yalnız bir səbəbdir. Etirazlar heç də yalnız İslamla bağlı deyil, söhbət şərəf və ədalətdən gedir.

«Nardaranda ölümlə nəticələnən toqquşmaların baş verməsi də təəccüblü deyil. Bu kənd qatı şiə müsəlmanların qalasıdır və güclü inanc bəzən onları prezident İlham Əliyev hökumətinin dünyəvi oriyentasiyası ilə qarşı-qarşıya qoyur. Bəzi müşahidəçilər, özəlliklə də hökumətyönlülər iddia ediblər ki, Nardaran sakinləri Azərbaycanın dünyəvi sistemini şəriət qayda-qanunu ilə əvəzləmək istəyirlər. Sakinlərin şiə məzhəbinə qulluq etməsi İranın kənddə narazılığı qızışdırmasına dair şübhələr də yaradıb».

«İran, yəqin ki, hadisələrə təsirini göstərib, ancaq heç də çoxlarının təxmin etdiyi kimi yox. Son etirazın səbəbini araşdıranda etirazçıların kimliyinə baxmaq lazımdır. Onların liderləri gənc şiə ruhanilərdir. Tale Bağırzadə və Elçin Qasımlı 2015-ci ilin yanvarında yaradılmış Müsəlman Birliyi Hərəkatının liderləridir. Onlar heç də Nəcəfdə oturan, siyasətə qarışmamağa çalışan Ayətulla Ali al-Sistani kimi ənənəvi şiə ruhaniləri kateqoriyasına uyğun gəlmirlər. İranda təhsil almış Bağırzadə və Qasımlı Khomeini-çidirlər – bu radikal inqilabi ideologiya, İslam terminləri ilə desək, fərdi ruhi bitkinlikdən çox, sosial transformasiyaya çalışır».

ŞAH İRANI VƏ ƏLİYEV AZƏRBAYCANI

«Qeyd etmək lazımdır ki, Şahın dövründə İranda sistematik korrupsiya, sosial ədalətsizlik və siyasi ifadənin çatışmazlığı radikalların müxtəlif növləri üçün münbit şərait yaratdı. Khomeini-çilik də onlardan biri idi».

«Şah erasındakı İranla indiki Əliyev Azərbaycanının oxşarlığı çoxdur. Neft hesabına rifah bir müddət nisbi sosial sabitlik yaratsa da, neftin qiymətinin düşməsindən dolayı iqtisadi azalma bu rejimləri sosial narazılıqla üz-üzə qoyur. Təsadüfi deyil ki, İranda inqilab məhz belə bir böhran zamanı baş verib. Azərbaycanda İslam inqilabı yetişməsə də, ölkənin dərinləşən iqtisadi problemləri daha artıq dərəcədə sosial gərginlik yaratmaqdadır».

«Nardaran Azərbaycan iqtisadi və sosial modelinin yanlışlarını göstərən mikrokosmos, kiçik aləmdir. Azərbaycanın beşulduzlu otellər və dəb şouları ilə par-par yanan paytaxtı Bakıdan 40 km-lik məsafədə yerləşən Nardaran kasıb kənddir, gəncləri işsizdir, sosial həyatı yoxdur. Düzdür, Azərbaycan şiəliyin mərkəzidir. Ancaq yerli sakinlərin əsas incikliyi heç də inanc, yaxud hicab qadağaları ilə bağlı deyil. Onlar yaxşı həyat şəraitlərinin olmamasından gileylənirlər», - müəllif yazır.

UÇURUM

«Nardaranın yoxsulluğu Bakıdakı elitanın gözqamaşdıran sərvəti ilə kəskin ziddiyyət təşkil edir. O sərvətin də daha çox dövlət büdcəsindən oğurlandığı düşünülür. Həyat standartlarında belə gözəçarpan uçurumlar, həmçinin korrupsiya və siyasi repressiya güclü ədalətsizlik hissi yaradır ki, bu da radikalizmə çevrilir. Bu yerdə və bu zamanda bu narazılıq artıq İslam formasını alır, ancaq fərqli bir kontekstdə radikal solçu hərəkata da çevrilə bilərdi».

Eldar Məmmədovun fikrincə, Azərbaycan hökumətinin Nardaranda sosial narazılığın ifadəsinə reaksiyası düzgün qurulmadı: «Bu, o demək deyil ki, Müsəlman Birliyi Hərəkatının qanunsuz silah saxladığı bəlli olanda hüquq-mühafizə orqanları oraya müdaxilə etməməliydi. Ancaq təhlükəsizlik qüvvələrinin kəndin yollarını bağlamaq qərarı heç nəyi həll edən deyil. Nardaranı dünyadan təcrid etməklə, sakinlərinin etiqad ifadəsini məhdudlaşdırmaqla hökumət belə bir təəssürat yaradır ki, Nardaran düşmən torpağı idi, təslim edilməli, işğal olunmalıydı. Hökumətin «şoka və lərzəyə salan» əməliyyatı durumu bir müddət sakitləşdirə bilər, ancaq uzunmüddətli perspektivdə daha çox narazılıq və radikallılıq törətmə riskləri var. Həm də bu narazılıq ölkənin digər yerlərinə də yayıla bilər».

İRANIN HƏVƏSSİZLİYİ

«Bəzi rəsmilər və şərhçilər kimi İranı itaətsizlik yaratmaqda ittiham etməyin də mənası yoxdur. Bakının Tehranla münasibətləri Hassan Rouhani 2013-cü ildə prezident seçiləndən xeyli yaxşılaşıb. Tehran onsuz da Suriya, Yəmən, İraq və Livan böhranları ilə məşğuldur. Şumal sərhədində sabitsizlik yaratmaq həvəsi yoxdur. Nardaran və ölkənin digər yerlərində narazılığın kökləri daxili səbəblərə söykənir».

«Nə qədər ki, Nardarandakı narazılığa şərəf mücadiləsi deyil, islamçı təhlükə prizmasından baxılır, oradakı problemlər də artacaq», - müəllif yazır.

Noyabrın 26-da Nardaranda polis əməliyyat aparıb, olay zamanı 7 nəfər ölüb, 30-dən çox adam həbs olunub. Bundan sonra bir neçə gün kəndə giriş-çıxış məhdudlaşdırılıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Hüquq-mühafizə orqanları dekabrın 1-dən isə Nardaranda xüsusi əməliyyata başlayıb. Kəndə Daxili Qoşunların qüvvələri, hərbi texnika yeridilib. Daxili işlər naziri Ramil Usubov Nardaranda aparılan axtarışlar nəticəsində 32 nəfərin həbs edildiyini bildirib.

XS
SM
MD
LG