Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Qəbələli sürücü: Bizi qəsdən qıcıqlandırırlar


Taksi
Taksi

-

«Rayonda vəziyyətimi hamı bilir. Şikəst övladımın qəpik-quruş pensiyası ilə dolanırıq. Hətta onun protez ayaqqabısını da icra hakimiyyəti özü alıb verir. Ancaq imkan vermirlər ki, işləyib bir tikə çörəkpulumu qazanım».

Arzu Bəşirov «Qaynar xətt»ə danışır ki, Qəbələ rayonunun Çuxur Qəbələ kəndindəndir. 10 il əvvəl maddi sıxıntılara görə kənddən şəhərə köçüb ki, taksi xidməti göstərib dolanışığını düzəltsin. Ancaq deyir, Yol polisinin əməkdaşları nə ona, nə də çörəkpulu üçün taksi xidməti göstərmək istəyən onlarla sürücüyə göz verib, işıq vermir:

«Bir müddətdir taksi xidməti göstərirəm. Ancaq işləməyə imkan vermirlər. Adama nə qədər yeri düşdü-düşmədi protokol yazarlar... Gözlərinə dəyən maşını saxlayıb cərimə yazırlar. Mən deyirəm «a kişilər, şikəst uşağım acından ölür», bunlarsa elə bir ucdan cərimə yazırlar».

«OĞLANLAR VAR Kİ, VƏSİQƏSİ YOXDUR...»

Sürücünün sözlərinə görə, rayon mərkəzində hər addımbaşı qadağa işarələri vurulub ki, bu da taksi sürücülərinə işləməyə çətinlik yaradır:

– Günaşırı bir protokol yazırlar. Əlimdə 7 protokol vardı, hərəsi də 20 manatlıq cərimə. Borcla-xərclə birtəhər ödədim. Bu gün çıxdım küçəyə, tutub birini də yazdılar. Burada oğlanlar var ki, cərimələri ödəmək üçün onun-bunun adına bankdan kredit götürür ki, maşını əlindən alıb cərimə meydançasına qoymasınlar. Çünki ailəsi acından ölər.

- Protokolu əsasən hansı pozuntuya görə yazırlar?

- Rayonun mərkəzində bütün taksilərin, kəndlərə, rayonlara gedən avtobusların dayandığı yer var. Bir işarə qoyublar, deyirlər, taksilər saxlaya bilməz. O nöqtəni özləri üçün gəlir mənbəyinə çeviriblər. Mənim kimisi gəlib saxlayan kimi tutub protokol yazırlar. Ancaq oğlanlar var ki, sürücülük vəsiqəsi yoxdur, harada istəyir orada da saxlayır, ona «gözün üstə qaşın var» demirlər. Fərqimiz bundadır ki, o oğlan aylıq haqq verir, mənim kimi evində şikəsti olanın artıq pulu yoxdur haqq verməyə...

«HƏRƏKƏTLƏRİ AC İNSANLARDA QICIQ YARADIR»

Arzu Bəşirov Yol polisinin rəisinə, hətta icra hakimiyyətinin başçısına da şikayət edib:

«Övladımın 10 yaşı var. Doğulandan şikəstdir. Rayon mərkəzinə köçdüm ki, buralarda iş tapıb ailəmi dolandırım. 10 ildir sürünürük. Dolanışığımızın ağır olduğunu görən yaxşı bir insan mənə etibarnamə ilə sürməyə köhnə bir «011» verdi ki, başımı saxlayım. Bunu başçı da bilir, Yol polisinin rəisi də... Yaxşı bilirlər ki, hərəkətləri ac insanlarda qıcıq yaradır. Sanki bizə qəsdən zülm edirlər».

Qəbələ rayon Yol Polis Şöbəsindən bildiriblər ki, taksi sürücüləri müştəri gözləmək üçün üzərində taksi nişanı olan şəxsi avtomobillərini avtobus dayanacaqlarında saxlayırlar. Bu da saxlama qaydalarına ziddir. Qadağa işarələrinə məhəl qoymayan sürücülər cərimələnir.

XS
SM
MD
LG