Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Bir müəllifin Bakı kitab bazarı haqda araşdırması


Bakıda bir kitab dükanı
Bakıda bir kitab dükanı

-

"Bakıda irili-xırdalı, tanınmış, az tanınmış, haradasa, 50-ə qədər kitab mağazası, kitab evləri fəaliyyət göstərir."

"Bakıda kitab bazarında ümumiyyətlə, yazarın deyil, mağazanın bazarıdır. Mağazalar yazarlara diktə edir."

"Satıcılar tamam bivec, kitabları tanımırlar..."

Rafiq Hunaltay

Bakının kitab mağazaları – Kim Kimdir?!!!

Bu dəfə Bakıdakı kitab mağazalarından yazmaq istəyirəm. "Bugünün marketinqi" kitabını 31 oktyabrda ilk dəfə DMC2015-də satışa çıxardıq. O gündən sonra fasilələrlə həmin kitabı şəhərimizin bütün məşhur kitab mağazalarına verdim. Hətta şəxsən bu işlə məşğul oldum.

Təxminən 15-20 gündür ki, proseslərin içinə girdiyim üçün kitab bazarı haqqında artıq bəzi qəti fikirlərim formalaşıb...

Bazarın ümumi vəziyyəti

Kitab dükanı
Kitab dükanı

Əvvəla onu qeyd edim ki, Bakıda irili-xırdalı, tanınmış, az tanınmış, haradasa, 50-ə qədər kitab mağazası, kitab evləri fəaliyyət göstərir. Bunların arasında günün tələblərinə digərlərilə nisbətdə daha uyğun 2-3 kitab evi var ki, bunlardan ilki də təbii ki, "Ali&Nino"-dur.

Günün tələbləri dedikdə brendləşmiş, il ərzində fərqli sosial aktivliklər edən, bir sözlə, ancaq alverlə məşğul olmayan mağazaları nəzərdə tuturam. Bu dediklərim Bakı şəhərinə aiddir, bölgələrdən xəbərim yoxdur. İndi isə keçək mətləbə.

"Bugünün Marketinqi" kitabını təxmini bir aydır ki, Facebook və Instagram-da 50 000-dən çox adama göstərmişik. Azərbaycan dilində və 33 müəllifin 130 yazısını özündə birləşdirən, bazar üçün yeni tərz bir kitabdır. Olduqca faydalı kontent, həm də praktik olduğu üçün düşünürük ki, menecerdən sahibkara kimi hər kəs bu kitabda özü üçün nəsə tapa bilər.

Kitab dükanı
Kitab dükanı

Həmişə televiziya və radio verilişlərində eşitmişik ki, ya yazarlar şikayət edirlər kitab evlərinin işindən, bəzən monopoliyasından, ya da kitab mağazaları yazarları satıla bilən əsərlər, ədəbiyyatlar yarada bilməməkdə suçlayır və s.

Biri deyir, mən yazaram, işimi-gücümü atıb kitab evlərinin nazı ilə niyə oynayım, o biri də deyir ki, nəyi istəyərəm sataram, nəyi istəsəm yox və s.

Bunları bilən adam kimi ilk olaraq, düşündüm ki, ən yaxşısı, prosesin içinə girməkdir. Eləmədim təmbəllik, kitabları maşına yükləyib kitab evlərinə tək-tək payladım. Deməli, hazırda kitabımız "Ali&Nino", "Akademiya" kitab mərkəzi, "WH Smith Azerbaijan", Azərbaycan Prezidenti İşlər İdarəsinin Kİtab Evi, KitabEvim, "BookHouse" kitab mağazaları, "fiksbook" onlayn kitab mağazasında satılır.

Kitab mağazalarının iş prinsipləri necədir?

- İlk partiya üçün yazardan 5-20 arası kitab alırlar

- Satışdan 30-40% aralığı komision alırlar

- Hər birinin ayırca hesablaşma (satışa görə ödəniş) günü var

- Kitabın mağazada düzülüş və yerləşməsinə yazar qarışa bilməz

- Kitab bitdikdə mağaza sizi yeni partiya kitab gətirilməsi üçün xəbərdar edir (istəsə, unutmasa, baxan olsa və s.)

Kitab mağazalarının zəif cəhətləri nələrdir?

- Satıcıların xidmət səviyyəsinin aşağı olması

- Merçendayzinqin, kitabların düzülüş qaydasının qarmaqarışıq olması

- Satılan kitabların online rejimdə izlənərək, bitdiyi halda dərhal təmin olunmaması

- Ancaq özlərinə maraqlı kitabların və ya nəşriyyatların kitabını daha çox satmaq, nəşriyyatlar arasında ayrı-seçkilik

- Kitab təhvil-təslim və ödəniş işlərinin mürəkkəbliyi, yoruculuğu

- Pirat kitabların hələ də ümumi kitablar içində çoxluq təşkil etməsi

Yazarlar üçün nə kimi çətinliklər mövcuddur?

- Yüksək tirajla kitab çap olunmasa, baha başa gəlir və demək olar ki, sərfəli olmur

- Kitab mağazaları ilə fərdi qaydada işləməli olduğu üçün əlavə vaxt və əsəb itkisi yaşayır

- Mağazalarda ayrı seçkiliklə qarşılaşa bilər

- Azərbaycanda kitab çapı daha baha başa gəlir

- Bizim millət oxumağı yumşaq desək, hələ ki, çox da zad eləmir

- Yazarlar piratçılığa qarşı qanunun boşluğu səbəbindən mübarizə apara bilmirlər

"Ali&Nino" ilkin olaraq 20 ədəd kitab istədi. Bunun üçün kitabı mən anbara təhvil verdim, orada mənimlə müqavilə imzaladılar.

Təxminən bir-iki həftə sonra adıçəkilən mağazanın çox satış etdiyi ticarət mərkəzləri və bir-iki kənar mağazasından şəxsən kitabı soruşdum. Bəzi satıcılar ümumiyyətlə, belə kitab tanımadıqlarını dedilər.

Ona qədər isə həmin mağazaları ziyarət etmişdim və kitabları özüm axtarsam da tapa bilməmişdim, satıcıdan soruşduqdan sonra yerini göstərmişdi.

Elxan Elatlı və digər detektiv yazarların kitablarının arasında idi. ("28 mall", "Metropark", "Parkbulvar")

Halbuki digər biznes nəşrlər ayrıca lövhədə verilmişdi. Bir də ayırca biznes ədəbiyyatı tipli lövhə olmadığına görə oxucunun mağazada satıcının köməyi olmadan bu kitabları görə bilmə ehtimalı çox azdır.

Bəzi satıcılar ümumiyyətlə, belə kitab tanımadıqlarını dedilər.

Hər nə isə, kitabın artıq 2-3 gündür bitdiyini öyrəndikdən sonra aidiyyatı əlaqə nömrələri ilə əlaqə saxladım, bir neçə cəhdimdən sonra ancaq qalığı mağazalar üzrə öyrənə bildim və əlavə 10 kitab gətirib verməyim üçün birtəhər icazə ala bildim.

Ən böyük mağazalarda bir dəfə girib kitabı soruşan oxucu ikinci dəfə o kitab üçün həmin mağazaya gəlməz. 2-3 gün bir mağazada bitibsə, məncə, tez müddətdə anbardan gətirilməli, yoxdursa, digər mağazadan köçürülməlidir. Yetər ki, müştəriyə yox deməsin.

Bir də mağazanın özünün də marağında olmalıdır ki, kitab bitibsə, yazardan yenisini istəsin. Məsələn, bizim kitabın satış qiyməti 10 Azn-dir. 40% marja ilə işləyir "Ali&Nino", bu o deməkdir ki, hər kitabdan 4 manat komision qazanır.

İnanın ki, bizim misalda mağaza yazardan daha çox qazanır. Həm də ən az 2 dəfə çox. Bu arada, "Ali&Nino" hər ayın 15-i hesablaşma günü elan edib. Qalan vaxtlar mümkün deyil, hətta mağazada kitab bitibsə belə, ya gözləməlisən mağaza səni xəbərdar etsin, ya da növbəti ayın 15-də yoxlama zamanı qalıq deyilir, ona əsasən qərar verilir ki, yenidən neçə ədəd lazımdır.

"Ali&Nino" kitab mağazası
"Ali&Nino" kitab mağazası

Amma bu halda da neçə oxucu kitabı almaq istəyib, amma almamış gedir ki, bundan böyük ziyan ola bilməz.

Bu dediklərim inanın ki, hələ ən yaxşı halda "Ali&Nino"-dadır. O birilər haqqında da yazacam.

Sözümün canı bu gün bir daha "Ali&Nino"-ya zəng etdim ki, bəs yenə yoxladım, 4 mağazanızda kitab yoxdur, bir əməkdaş israrla ancaq 15-i gəl aydınlaşdıraq desə də, anbardakı xanım çox sağ olsun, sistemdən baxıb 14 kitab qaldığını dedi. Amma maraqlısı budur ki, mağazalarda kitab yox idi, demək ki, yenilənmə online rejimdə getmir.

Məsələn, bugün "28mal"l-dakı "Ali&Nino"-da sistem 5 ədəd kitab olduğunu göstərdiyi halda, reallıqda heç biri də yox idi və sonra öyrəndim ki, 2 gündən çoxdur ki, yoxdur.

Satıcıdan soruşduqda ki, bəs gələcəkmi yenisi və nə vaxt gələcək, soyuqqanlı şəkildə "biz bilə bilmərik" dedilər.

Ümumiyyətlə, Nigar xanıma (Nigar Köçərli - red.) da bir neçə dəfə demişəm, ticarət mərkəzlərində olan mağazalardakı satıcılar çox etinasiz və xidmət səviyyələri olduqca aşağıdır. Ümumiyyətlə, danışmaq istəmirlər.

Məncə, 1 nömrəli mağazaya belə satıcılar yaraşmaz. Bu arada, çox kitab mağazalarına getdiyimə görə hamısı "Ali&Nino" haqqında bir şeyi deyirdi ki, onlar əsasən Qanun Nəşriyyatının kitablarını satırlar, başqalarını çox az hallarda alırlar.

Nə qədər doğrudur - deyə bilmərəm, amma insafən demək lazımdır ki, Qanun nəşriyyatının son zamanlar həm tərcümələri, həm yeni buraxdıqları kitabları daha çox gündəmə uyğun və maraqlı kitablardır. Məsələn, klassiklərin əsərlərinin cild-cild olan seriyasını çox bəyənirəm.

Prezidentin İşlər İdarəsi yanında kitab evi
Prezidentin İşlər İdarəsi yanında kitab evi

Prezident İşlər İdarəsinin Kitab Evi isə əsl məmur kitabxanası kimidir. Satıcılar tamam bivec, kitabları tanımırlar. Gəl ki, mağaza çox geniş, gözəl, şəhərin mərkəzində, kitablar çox boldur, amma o bolluğun içində son çıxan kitabları tapmaq elə də asan deyil.

Hiss olunur ki, yenilənmə gec-gec edilir. Burada isə 35% komisionla işləyirlər və yazara mədaxil qaimə fakturası verilir. Hər həftənin 2-ci günü hesablaşma və qalıq öyrənmə mümkündür.

Ümumiyyətlə deyim ki, Azərbaycan dilində biznesə aid kitablar çox olmadığına görə bir tərəfdən mağazaları qınamaq da olmur. Məsələn, kitabxanaların çoxunda "360 dərəcə brendinq", "Biznes nə istəyir", "Bugünün Marketinqi", "Asan dildə biznes" və iki başqa kitab görürdüm, başqa heç nə. Ona görə onları hara gəldi qoyurlar, bəlkə də.

"Akademkitab"
"Akademkitab"

Akademiya Kitab Evi də Milli Elmlər Akademiyasının kitab mağazasıdır. Prezident kitabxanasına çox oxşayır iş prinsipi ilə. Amma nisbətdə daha yaxşı işləyir.

Satıcılar mehribandırlar, kitabları tanıyırlar. Amma kitabları təhvil götürən Fatma xanım haqqında bu sözləri demək olmur.

Bu kitabxana da 35% komisionla işləyir. Yazara nömrəli qəbz təqdim edir, ancaq o qəbz nömrəsi ilə məlumat almaq olar.

Digərlərindən fərqli olaraq səhv etmirəmsə, burada hər gün zəng edib qəbz nömrəsi ilə qalıq, filan öyrənmək olur. Mağaza özü əl yerdədir, genişdir, imkanları, potensialı yüksəkdir.

Amma səbəbini bilmirəm, nədənsə Akademiya və Prezident İşlər İdarəsinin kitabxanasında olanda özümü mağazada deyil, məhz kitabxanada hiss edirəm. Mağazada nəyinsə alınıb-verildiyi, satıldığı məkan aurası yoxdur. Uşaq vaxtı getdiyim kitabxanaların ətrini duyuram sanki. Dediyim kimi, səbəbini özüm də hələ tuta bilmirəm.

WH Smith kitab mağazası
WH Smith kitab mağazası

WH SMith Azerbaijan-da yayın sonları idi səhv etmirəmsə, ilk dəfə olanda. Mağazanın idarəçi meneceri, bu arada, dostumuz, AİR məzunu Hikmət bəydir.

Mağaza xarici stildə, zövqlə dizayn edilib. Lakin özünəməxsus mənfi cəhətləri var.

Bunlara Azərbaycandilli kitablara çox yer verilməməsi, kitabların nisbətən baha olması, çeşidin çox zəng olmamasını aid etmək olar. Bir sözlə, bu mağazanın hədəf kütləsi sadə camaat deyil, elə yeri də sadə camaatlıq deyil. Dediyim kimi, dizayn və tərtibat isə çox yaxşıdır.

"KİtabEvim" mağazası
"KİtabEvim" mağazası

Kitabevim.az isə açıq deyim ki, içəri daxil olanda məni ən çox açan mağazadır. Məsələn, ancaq bu kitab mağazasında işçilərin daxili uniforması var, ancaq burada kitablar çox səliqə ilə düzülüb.

Kitablar həm kateqoriyalara görə, həm də nəşriyyatlara görə bölünüb.

Xudmanı book-cafe lap yerinə düşür. Ən bəyəndiyim xüsusiyyəti isə yazarlar üçün cuzi şərtlər daxilində kitabın təqdimat imkanının verilməsidir.

Kaş ki, bu mağazanın daha böyük sahəsi olardı, bir az geniş olardı.

"Kitabevim" 40% komisionla işləyir, ödəmə və qalıq öyrənmə istənilən vaxt mümkündür. Çox gülərüz personalı var. Eyni zamanda aktiv olaraq online satış da işləyir.

Balaca mağazada ˝Qoy-Götür˝ tipli guşənin olmasını çox bəyəndim. Bir kitab qoyursan, orda olanlardan birini götürürsən. Maraqlı idi həqiqətən. Hiss olunur ki, rəhbərlik ədəbiyyat meylli adamdır. Tanımasam da, şəxsini təbrik edirəm. Ticarət mərkəzlərinin içində bu konsepti görmək maraqlı olardı.

"Book House" kitab mağazası
"Book House" kitab mağazası

Book House kitab mağazası ilə bu gün tanış oldum. "Marketinq Azərbaycan" qrupundan tanıdığımız Toğrul bəy oranın idarəçilərindəndir.

Sağ olsun, bu gün ora həm kitabımızı verdik, həm də kitabın "roll-up"ını qoyduq. Görək, orada satışlar necə olacaq.

Sistem baxımından, kitabların qiyməti və gətirilmə şərtləri, piratçılığın olmamasına görə buranı çox bəyəndim. Mağaza iki hissədən ibarətdir. Yuxarısı bu yaxınlarda book-cafe olacaq, aşağıda Aygun City-nin birinci mərtəbəsində isə xüsusi rəflər hazırlanır.

Bura da digərləri kimi 40% komisionla çalışır. Eyni zamanda bütün yazarlar üçün çox sərfəli bir sistem üzərində işlədiklərini də söylədilər ki, bu da elan edilənədək sirr qalsın.

Mağaza dizaynına görə elə də xüsusi fərqlənmirdi, amma türk kitablarının zənginliyinə görə digərlərindən seçilirdi.

Online kitab mağazalarından ancaq "fiksbook" satışda varıq. Fiksbook yalnız iqtisadiyyat tematikalı kitablar satır, düşünürəm ki, buranın yaxın gələcək üçün yaxşı perspektivi var.

Ümumiyyətlə, yuxarıdakı mağazalardan "KitabEvim" və "Ali&Nino"-nun həm gözəgəlimli, həm də online satış saytları var.

Online mağazalardan dostumuz Alokitab.az-ı çox təriflədi, bu gün saytları ilə tanış oldum, deyilən qədər varmış. Yəqin ki, kitabı onlara da satışa verərik.

Qənaət

Yuxarıda yazdığım kimi, 2 həftədən bir az çoxdur ki, dərindən olmasa da, kitab mağazaları ilə daha çox ünsiyyətdə oldum. Yazdıqlarım tam obyektiv olmaya bilər təbii ki. Amma ilkin qənaətim belədir ki, Bakıda kitab bazarında ümumiyyətlə, yazarın deyil, mağazanın bazarıdır. Mağazalar yazarlara diktə edir.

Bütün mağazalar içərisində daha köklü, brendləşmiş "Ali&Nino"-dur, amma onun da özünəməxsus problemləri var, digərləri, eləcə də digər yazarlar tərəfindən birmənalı qarşılanmır.

Kitabevim perspektivli görünür. Uzun sözün qısası isə əgər düşünürsünüzsə ki, bazar artıq tutulub, yanılırsınız, hələ də bu sferada daha sistemli, daha ciddi işləyən şəbəkəyə ehtiyac var.

Bir də, kim deyirsə, kitab satışı biznes deyil, eşidin, inanmayın. Sadəcə kitaba biznes nöqteyi nəzərindən yanaşmaq lazımdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG