Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:41

«Ağ qızıl»ın qara günü və ya Saatlıda kütləvi işsizlik gözlənir


Pambıq yığımı
Pambıq yığımı

-

Nefti «qara qızıl», pambığı isə «ağ qızıl» adlandırırlar. Ancaq, deyəsən, Azərbaycanda «qara qızıl» kimi «ağ qızıl» da qara günlərini yaşayır.

Bu günlər Sabirabad rayonundan, pambıqçılıq təsərrüfatı ilə məşğul olan Əfras Əsgərovun prezidentə «Açıq məktubu» da elə bu qara gündən xəbər verir. Fermer prezidentə yazırdı:

«PAMBIQÇILIQ ARTIQ BİTMƏK ÜZRƏDİR»

«Kənd təsərrüfatı ili elan etdiyiniz 2015-ci il başa çatdı. Bir sıra rəsmilər ilin çox uğurlu olmasını desələr də, həqiqət ondan ibarətdir ki, biz pambıqçılar bu ili çox acınacaqlı şəkildə başa vurduq. Həm gəlirlərimiz xeyli dərəcədə azaldı, həm də böyük bir ümidsizliyə qapıldıq… Belə ki, artıq pambıqçılıq perspektivsiz bir sahəyə çevrildi. Buna görə də ölkəmizə neftdən sonra valyuta gətirə biləcək əsas sahələrdən biri olan pambıqçılıq artıq bitmək üzrədir».

Eyni vəziyyət pambıqçılıqla məşğul olan qonşu Saatlı rayonunda da yaranıb. Kiçik fermer Şamil Hacıyev deyir ki, əgər tez bir vaxtda pambıqçılığa diqqət ayrılmasa, rayonda kütləvi işsizlik yaranacaq:

«KÜTLƏVİ İŞSİZLİK OLACAQ»

«İndi sahələr şumlanmalıdır ki, mart-aprel aylarında əkin başlasın. Ancaq heç kimin bundan ötrü vəsaiti yoxdur. Saatlı rayonu əsasən pambıqçılıqla məşğuldur. Belə çıxır ki, kütləvi işsizlik olacaq. Çünki bir fermer 10, 20, 30 hektar sahədə pambıq əkdirəndə, nə qədər insan gəlib orada günəmuzd çalışıb evinə çörək aparırdı».

İmişlidə pambıq sahələri.
İmişlidə pambıq sahələri.

Şamil Hacıyev deyir ki, əslində vəziyyət Beynəlxalq Bank böhranı yaranandan sonra çətinləşib. Çünki Beynəlxalq Bankın vəsaitləri hesabına «CTZ- AQRO» MMC şirkəti əvvəllər fermerlərə kreditlər ayırıb:

«Adamların özlərinin ilkin vəsaiti yoxdur. Məhz bu kreditlə kəndli fermerlər məhsul yetişdirirdilər. Pambıq satılanda bu kreditlər qaytarılırdı. İndi aqrobank kredit verməlidir, ancaq bir xəbər yoxdur. Əksər kəndli fermerlər nə edəcəklərini bilmirlər».

PAMBIĞIN HANSI XƏRCLƏRİ VAR?

Şamil Hacıyev pambığın xərclərini belə sadalayır:

«1 hektar yer iki dəfə şumlanmalıdır. 80 manat şuma gedir. Sahəyə iki dəfə mala çəkilməlidir. 60 manat da malaya gedir. Sahə 5 dəfə kultivasiya edilməlidir. Bu işin də hər dəfəsinə 15 manat pul gedir. Suvarma da öz yerində. İki dəfə sahə sulanır, hər dəfə suvarmaya 20 manat pul gedir. Üstəlik, bunun azotu var, ziyanverici həşəratlara qarşı dərmanları var. Ziyanverici həşəratlara qarşı dərmanların pulu hektara haradasa 150 manat tutur. Azotun bir kisəsini almaq, daşımaq xərcləri 10 manat edir. Bir hektara 5 kisə azot gedir. Üstəlik, günəmuzd işləyənlərə də yığımda pambığın 1 kiloqramı üçün 10 qəpik pul ödənir. Ailələr var ki, gözlərini pambıq yığımına dikiblər».

İmişlidə pambıq yığımı - 2013
İmişlidə pambıq yığımı - 2013

Şamil Hacıyev deyir ki, zavod fermerlərdən pambığın bir kiloqramını 41 qəpiyə götürür:

«Əgər 1 hektar sahə 30 sentner pambıq versə, onda kəndliyə heç nə qalmır. Fermerlər Türkiyədən gətirilən toxumdan istifadə edirlər. Onda məhsuldarlıq yüksəkdir. Ancaq həmin toxum da yerli toxuma nisbətən bahadır».

MONOPOLİYA…

Şamil Hacıyevin sözlərinə görə, əsil problem Azərbaycanda pambıqçılığın monopoliyada olmasıdır:

«Telmankənddə bir zavod açılmışdı. Həmin zavod pambığın 1 kiloqramını 47 qəpiyə alırdı. Sıxışdırıb o zavodu çıxartdılar. Əgər bu sahədə monopoliya olmasa, kəndli özü problemlərin öhdəsindən gələr. Malın, qoyunun, evinin əşyasını satıb pambığını əkər. Ancaq bilir ki, pambığa monopolistlər lazımı qiyməti verməyəcəklər. Ona görə də əksər kəndlilər kreditə üstünlük verirlər. Orta Asiya respublikalarında pambığın qiyməti yüksəkdir. Azərbaycanda qiymətləri monopolistlər tənzimləyir. Prezident bu sahədən monopoliyanı götürməsə, əhalinin onsuzda ağır olan vəziyyəti lap ağırlaşacaq».

Bu deyilənlərə münasibət öyrənmək üçün Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ancaq oradan bu məsələ ilə bağlı danışmaq istəmədilər.

XS
SM
MD
LG