Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:36

«Sovetski»nin köçürülməsi dayanıb?


Xeyli vaxtdır ətrafda söküntü işləri getmir.
Xeyli vaxtdır ətrafda söküntü işləri getmir.

-

«Nə köçən kimi köçə bilirik, nə də qalan kimi qalırıq. Bu qışın günündə qalmışıq palçığın içində. Bir maraqlanan da yoxdur...».

Paytaxtın «Sovetski» adlanan məhəlləsinin sakinləri deyir ki, hökumət yaşadıqları ərazini bir müddət əvvəl xarabalığa çevirib, orada qalan camaatın vəziyyətini nəzərə almayıb. Ətrafdakı evlərin bir hissəsi sökülüb, ailələr köçürülüb və bu, həmin ərazilərdə qalanların yaşayışını xeyli ağırlaşdırıb.

PUL DA «ÖLDÜ»

Qədirli küçəsinin sakini, 51 yaşlı Lalə Xəlilova deyir ki, təxminən bir il öncə icra strukturlarından bir neçə nəfər onların yaşadığı həyətə gələrək, evlərin sahəsini ölçüb-biçiblər. Deyiblər ki, Novruz bayramına qədər köçürüləcəklər:

«O gedən getdilər, heç bir xəbər yoxdur. İkinci Novruz gəlir, hələ də buradayıq. Biz heç kimə yalvarmırıq ki, niyə köçürmürsünüz? 50 ildən çoxdur burada yaşayıram, Allah bundan sonra nə qədər ömür versə, elə burada da yaşamaq istəyərəm. Söhbət ondan gedir ki, bizə qəti söz demirlər. Biz də bilək ki, qalırıq, yoxsa köçürük, işimizi də buna görə quraq. Yoxsa bu nədir, camaatı adam yerinə qoymurlar, konkret heç nə demirlər ki, biz də işimizi bilək. Qardaşımın oğlu nişanlıdır, toy eləmirik, gözləyirik ki, bunlardan nə xəbər çıxacaq. Bilsək ki, qalırıq, evə bir az əl gəzdirərik, gəlin gətirərik. Qorxuruq ki, təmirə pul xərcləyərik, sonra da gəlib deyərlər ki, köçürsünüz».

Lalə Xəlilovanın sözlərinə görə, xeyli vaxtdır ətrafda söküntü işləri getmir. Elə qohum-qonşu arasında da söz-söhbət gəzir ki, «Sovetski»nin köçürülməsi prosesi dayandırılıb:

Kvadratı 1500 manatdan verilən pula nə ala biləcəyik?
Kvadratı 1500 manatdan verilən pula nə ala biləcəyik?

«Deyilənə görə, neftin ucuzlaşmasından sonra hökumətin pulu yoxdur «Sovetski»ni köçürməyə. Biz də qalmışıq belə... Üstəlik, o qədər uzatdılar ki, pul da «öldü». İndi bizi köçürsələr də, kvadratı 1500 manatdan verilən pula nə ala biləcəyik? Bir tərəfdən evlərimizin sahəsi az, o biri tərəfdən də dollar qalxdı».

«DÖVLƏTİN BUNA PULU YOXDUR»

Abdulla Şaiq küçəsinin sakini Yaşar Quliyev də söküntü prosesinin yarımçıq qalmasından narazıdır. Deyir ki, ətrafda sökülmüş evlərin bir qisminin dağıntıları heç ərazidən təmizlənməyib. Buna görə də yağış yağanda palçığa qərq olurlar:

«Yaxud da külək əsəndə zir-zibilə görə küçədə addım atmaq olmur. Bir tədbir görən də yoxdur. Fikirləşmirlər ki, axı burada qalıb yaşayanlar adamdır, onları bu vəziyyətə salmaq olmaz».

Yaşar Quliyevin sözlərinə görə, 2014-cü ilin sonlarında icra hakimiyyətindən gəlib, evlərin sənədlərini yığıblar. Amma üstündən bir ildən çox keçsə də, səs-səmir yoxdur:

Elə bil bombalayıblar...
Elə bil bombalayıblar...

«Deyilənə görə, hökumət «Sovetski»ni köçürmək planını dayandırıb. Yəni köçən köçdü, qalanlar isə bundan sonra da qalacaq. Çünki köçürmək üçün böyük pullar lazımdır, neft ucuzlaşdığından, dövlətin buna sərf olunası pulu yoxdur. Əgər həqiqətən belədirsə, hökumət əvvəlcədən yüz ölçüb, bir biçməmiş bu boyda yükün altına niyə girirdi? Niyə xaraba qoydular bu məhəllələri?».

«ELƏ BİL BOMBALAYIBLAR»

Vidadi küçəsində yaşayan Ağakərim Mehdiyev də hökuməti plansız iş görməkdə qınayır. Deyir ki, hökumətin natamam işinə görə özü və ailəsi, həmçinin ətrafda yaşayan onlarla ailə çətin vəziyyətə düşüb:

«Axı insanın yaşayışı təkcə evinin içindən ibarət deyil, yaşadığımız küçə, qəsəbə də abad olmalıdır. Burada isə hər yer dağınıqdır. Ayağını evdən çölə qoyursan, sanki müharibədən çıxmış ərazidir. Elə bil bombalayıblar, evlərin bir hissəsi dağılıb, qalanı da qalıb. Belə yaşayış olar? Daha ortada da görünmürlər, əvvəllər tez-tez gəlib-gedərdilər. Neçə aydır, nə məmurlardan gəlib-gedən var, nə də söküntü aparan maşınlar gözə dəyir. İndi deyirlər ki, söküntünü başa çatdırmaq üçün pul yoxdur. Hər şeyi əvvəldən hesablamaq lazım idi. Plansız iş görəndə belə olar da...».

...Evlərin bir hissəsi dağılıb, qalanı da qalıb.
...Evlərin bir hissəsi dağılıb, qalanı da qalıb.

«KÖÇÜRÜLMƏ MƏRHƏLƏLİ APARILIR»

Amma hökumət rəsmiləri plansız iş görülməsi barədə deyilənlərlə razılaşmırlar. Yasamal rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı Şöbəsinin müdiri Şahin Məmmədov AzadlıqRadiosuna bildirib ki, «Sovetski»nin köçürülməsi prosesinin dayandırıldığı haqda deyilənlər doğru deyil, proses davam edir: «Bu, bir günün içində həll olunası məsələ deyil axı. Köçürülmə mərhələli şəkildə aparılır».

Şahin Məmmədov deyir ki, köçürülmə prosesində vətəndaşlarla icra hakimiyyəti arasında ciddi problem də yoxdur: «Əvvəlcədən deyildiyi kimi, hər kvadratmetr üçün 1500 manatdan kompensasiya ödənilir. Ciddi narazılıq halları yoxdur».

«Sovetski» sakinlərinin məhkəmə mübahisələrinə gəlincə, şöbə müdirinin sözlərinə görə, bu cür hüquqi çəkişmələr, əsasən, dövlət orqanlarına qarşı deyil, eyni ünvanda yaşayan, yaxud qeydiyyatda olan qohumlar, qonşular arasında baş verir.

XS
SM
MD
LG