Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:52

13 min manatlıq avtomobil necə 36 min manat oldu?


Avtomobillər
Avtomobillər

-

Dəyəri 13 min 300 manat olan bir avtomobil vətəndaşa necə 36 min manata başa gəlir? Qəbələ sakini Azər Zeynalov indi bunun üstündə baş sındırır. 2013-cü ildə alıb 3 min 300 manatını nağd ödədiyi, yerdə qalan məbləği 5 illik kreditə bağladığı və indi əlində çar-naçar qaldığı avtomobilini neyləsin?

Söhbət ondan gedir ki, Azər Zeynalovun manatla aldığı avtomobilin kreditini bank ona dollarla ödəyib: «O vaxt dedim ki, «maşını manatla alıram, niyə müqaviləni dollar ödənişi ilə bağlayırsınız?» Nə qədər elədim, dəyişmədilər, o vaxt da 1 dollar 78 qəpik idi deyə, daha dərinə getmədim».

«ÖDƏDİYİM MƏBLƏĞ İKİ DƏFƏ ŞİŞİB»

Azər Zeynalovun iki il əvvəl «dərinə getmədiyi» məsələ indi onun özünü «dərinliyə salıb». AzadlıqRadiosuna üz tutan Qəbələ sakini krediti «Bank of Baku»nun Şəki filialından alıb, 5 illiyə hər ay 356 dollar ödəməsi şərti ilə müqavilə bağlayıb və 18 ay hər ay banka ovaxtkı məzənnə ilə 285 manat ödəyib:

«Birinci devalvasiya olanda banka getdim, mübahisə-müzakirə, axır razılaşdıq ki, müqavilədə hər ay ödəyəcəyim məbləğ 285 dollar olsun, o vaxt 1 dollar 1 manat idi. Ancaq onlar buna o şərtlə razı oldular ki, mənim ödədiyim 18 ayı ümumi 60 aydan (5 illik) çıxdılar, üstünə 24 ay gəldilər. Yəni bundan sonra mən 66 ay kredit ödəməliydim. İndi isə dollar qalxıb və demək mən hər ay təxminən 420 manat ödəməliyəm».

BANKIN TƏKLİFİ: MAŞINI SAT

Azər Zeynalov deyir, birinci devalvasiyada da tələb edib ki, borcu manatla göstərilsin, amma bank rəhbərliyi buna razılaşmayıb. İkinci devalvasiyadan sonra isə bankdan ona təklif edilib ki, borcunu ödəyə bilmirsə, bank maşını satıb krediti bağlasın:

«Amma bu maşın neçəyə satılacaq ki, krediti bağlasın? Bank bunu bilir, ona görə də deyir ki, əgər maşının pulu krediti ödəməsə, yerdə qalan borcu sən ödəyəcəksən».

«Bank of Baku» məsələni şərh etmək istəmədi. «Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə verilir» - bankdan AzadlıqRadiosuna bildirilib.

Əkrəm Həsənov
Əkrəm Həsənov

«ORTADA ALDATMA FAKTI VAR»

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, indi bu cür hallarla üzləşən təkcə Azər Zeynalov deyil:

«Belə misallar çoxdur. O vaxt kredit veriləndə bank vətəndaşı aldadıb. Heç bir dəlil-sübuta ehtiyac yoxdur, çünki kreditin məqsədi maşının alınması olub. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində bütün alqı-satqı əməliyyatları manatla aparılır. Bank da yaxşı bilirdi ki, ona dollar yox, manat lazımdır. Amma bank vətəndaşı aldadıb».

«BANK MÜŞTƏRİYƏ HEÇ BİR GÜZƏŞT ETMƏYİB»

Əkrəm Həsənov deyir ki, aldatma faktı vətəndaşa məlum olan andan 1 ilə qədər onun məhkəməyə müraciət etmək və müqavilənin etibarsız sayılması üçün iddia qaldırmaq imkanı vardı. Hüquqşünas hesab edir ki, bu imkan Azər Zeynalovun əlindən çıxsa da, məhkəmə perspektivi var:

«Müştəri birinci devalvasiyadan sonra da aldadılıb. Bank əslində müştəriyə heç bir güzəştə getməyib, onun pul ödədiyi ayları faktiki silib, müddəti də artırıb. Faktiki müştərinin bank qarşısında öhdəliyi artıb. Güzəşt o vaxt ola bilərdi ki, ödəniş valyutası manatla göstərilərdi».

Hüquqşünas Azər Zeynalova İqtisadiyyat və Sənaye Nazirliyinin antiinhisar xidmətinə müraciət etməyi məsləhət bilir: «Bu aldatmaya görə vətəndaş bankı məhkəməyə verə bilər, amma tövsiyəm budur ki, tək yox, özü kimi banklara aldanan müştərilərlə birləşib kütləvi şəkildə məhkəməyə, dövlət orqanları müraciət etsin».

XS
SM
MD
LG