Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

İşdən çıxarılanlar danışır


Illüstrasiya
Illüstrasiya

“Anamı müayinə üçün İrana bankdan kredit götürüb apardım.

İndi hər ay 300 manatlıq maaşımın 162 manatını banka verirəm. Ona görə mən işləməliyəm”

– Yanvarın 19-da iş yoldaşlarımızla danışdıq ki, yanvarın 20-də gedək şəhidlərin ziyarətinə. Axşam zəng gəldi ki, “işdən çıxarılmısınız”. Elə bil bizi diri-diri soyqırım etdilər.

“Azərişıq” ASC-nin əməkdaşı olan Ramil İbadov belə deyir. Onun sözlərinə görə, nə ona, nə də 8 iş yoldaşına işdən çxıarılmaqla bağlı əvvəldən xəbərdarlıq edilib.

Ramil İbadovun 32 yaşı var, orta məktəbin 9-cu sinfində oxuyanda atasını itirib. O gündən ailənin böyük övladı kimi yükünü çiyninə götürüb, şəkər diabetindən əziyyət çəkən anasına, 3 bacı-qardaşına baxmağa, ailəni dolandırmağa başlayıb. Yaşı 32-ni haqlasa da, ailə qurmayıb... Çətinliklə də olsa, həm işləyib, həm də ali təhsil alıb, sonra “Azərenerji”-də işə başlayıb. Pillə-pillə işində yüksəldiyini söyləyir. Ötən il “Azərişıq” yarananda onu da “Azərenerji”dən bura, dispetçer xidmətinə transfer ediblər.

“ALİTƏHSİLLİLƏRİ ÇIXARIB, 11-Cİ SİNFİ BİTİRƏNLƏRİ SAXLAYIBLAR”

– Yanvarın 19-da Cənub bölgəsi üzrə 26 nəfəri işdən çıxarıblar. Onun 9 nəfəri Şirvan elektrik şəbəkəsindəndir, qalanı Hacıqabul, Lənkəran, Neftçala, Astara, Cəlilabad, Yardımlı, Lerik, Masallı, Salyan elektrik şəbəkəsindən. Əmrdə yazılıb ki, Cənub RegionalEnerji Təchizatı və Satışı İdarəsi işçilərinin əmək müqavilələrinin müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci bəndinə əsasən xitam verilib. Az qala 50 faizi işdən çıxarılıblar. Özü də ali təhsillilər çıxarılıb, 11-ci sinfi bitirənləri saxlayıblar... Əslində bizimlə üç aydan bir müqavilə bağlanırdı. Biz uzun müddət bu sahədə işlədiyimiz, ali təhsilli olduğumuz üçün bizi ixtisara salmamalıydılar. Bizə iş təklif olunmalıydı. Mən həm əməliyyatçı mühasiblik liseyini, həm dəkompyuter liseyini bitirmişəm... Bu gün yanvarın 21-də poçtalyon işdən çıxmaqla bağlı evə bildiriş gətirib. (Ardı aşağıda)

Banklardan krediti dollarla götürənlər nə etsin?
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

“300 MANATIN 162 MANATI KREDİTƏ GEDİRDİ”

Ramil İbadov deyir ki, iş yoldaşları ilə məhkəməyə müraciət etməyi düşünürlər.

– Alınmasa, aclıq aksiyası keçirəcəm. Neyləyim? Evdə işləyən bir mənəm. Anam şəkər xəstəsidir, ayaqlarında tromb var, qaralır. Burdaki iş mənə hava-su kimi lazımdır. Anamı müayinə üçün İrana bankdan kredit götürüb apardım. İndi hər ay 300 manatlıq maaşımın 162 manatınıbanka verirəm. Ona görə mən işləməliyəm...

Buna da bax: Di Kaprionun Lenin rolunda çəkilməsinə etirazlar

AZƏRİŞIQ: “HAMININ AİLƏSİNDƏ PROBLEMİ VAR”

“Azərişıq”-ın mətbuat xidmətindən AzadlıqRadiosuna deyirlər ki, hamının işə ehtiyacı var, hamının ailəsində problemi var.

“Ancaq neyləmək olar, bütün dünya böhrandadır, bu böhran bizə də indi gəlib çatıb...”

Qurumdan onu da deyirlər ki, işdən 26 nəfər yox, 11 nəfər çıxarıblar. Bunu da əlavə edirlər ki, həmin şəxslər “Azərenerji”dən çıxarılanda “Azərişıq” onları müqaviləylə işə götürüb və hər 3 aydan bir müqavilələri yenilənib. “Bu işçilər özlərini doğrultmayıblar, ortaya keyfiyyətli iş qoya bilməyiblər, ona görə də müqavilələri uzadılmayıb”, - ASC-dən bildirirlər.

Bu işçilər ortaya “keyfiyyətli iş” qoya bilmirlərsə, bəs uzun zaman bu sektorda necə işləyiblər? Sualımıza qurumdan belə cavab verirlər:

“Bu, başqa mövzudur...” (Ardı aşağıda)

Sakin: "Bankdan pulu götürüb sonra necə qayarım?"
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

“AZENCO” SUSUR

Ötən gün – yanvarın 20-də “Azenco” ASC-də 200-dən çox işçinin işdən uzaqlaşdırılması haqda yazmışdıq. İşini itirənlərdən biri Etibar Hüseynov da AzadlıqRadiosuna demişdi ki, həyat yoldaşı ağır xəstədir, vaxtaşırı müalicə və müayinəyə ehtiyacı var. Evə gəlir gətirən böyük oğlu və özü olub. “Astoriya” otelində işləyən oğlu da, o da 4 gün fərqlə işdən çıxarılıblar.

Yanvarın 21-də “Azenco” ilə əlaqə saxlasaq da, bu ixtisarların səbəbi haqqında məlumat ala bilmədik.

Amma əvəzində işini itirən bir neçə adam AzadlıqRadiosuna müraciət edib. Onlardan biri – Rəvan yazır: “Azenco”-nun bir qolu olan "STP" MMC-də işləyirdim. 05.01.2016-cı ildə isə işə gələndə dedilər ki, ixtisara düşmüsən...”

Buna da bax: Təyyarə qəzaları daha can almayacaq- [Video]

“BU HAQDA NEFT 100 DOLLAR OLANDA DÜŞÜNMƏK LAZIM İDİ”

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev özəl sektorda, bank sektorunda, eləcə də dövlət strukturlarında böyük ixtisarlar getdiyini bildirir. O deyir ki, işsizlik problemi haqqında hökumət “dünyanın düz vaxtında- neft 100 dollar olanda” düşünməli idi, məqsədyönlü, dərin islahatlar aparılmalı idi.

İqtisadçı o biri yandan da ixtisarları normal sayır:

“İki rəqəm deyim sizə. Səudiyyə Ərəbistanı ildə 350 milyon ton neft hasil edir, cəmi 20 min işçisi var. Bizdə isə - bir dəfə neft hasilatında 50 min tona yaxınlaşdıq – 80 min adam işləyirdi, ixtisar etdilər 50 minə çatdı. Söhbət ondan gedir ki, bizim iqtisadiyyatda əmək məhsuldarlığı çox aşağı səviyyədədir. Elə “Azərenerji”də, “Azərişıq”da çox adam işləyir, bu qədər işi başqa ölkədə 3-4 adam görür, elm- texnika inkişaf edir”.

Ancaq iqtisadçı etiraf edir ki, indiki məqamda ixtisarlar işsizliyi, narazılığı artıra bilər.

“Bu adamlar maaşları az da olsa, ailələrini birtəhər saxlayırdılar. İndi nə olacaq? Lazım olmayan işçi qüvvəsini başqa yerə yönləndirməlidirlər, yeni iş yeri açılmalıdır. Bunun üçün də böyük investisiya qoyulmalıdır və islahatlar aparılmalıdır”, - Oqtay Haqverdiyev söyləyir.

XS
SM
MD
LG