Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:45

İlham Əliyev Dubaya niyə gedib?


İlham Əliyev «Bürc-Xəlifə»də.
İlham Əliyev «Bürc-Xəlifə»də.

-

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bir sıra işgüzar görüşlər keçirib. O, səfərinin ilk gününə Əbu-Dabinin irsi vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanın müavini şeyx Mohammed bin Zayed Al Nahyan ilə geniş tərkibdə görüş ilə başlayıb.

Görüşdə siyasət, iqtisadiyyat, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Xəbəri Azərbaycan prezidentinin saytı yayıb.

Daha sonra Əliyev Əbu-Dabidə şeyx Zayed məscid kompleksini və BƏƏ-nin birinci prezidenti şeyx Zayed bin Sultan Al Nahyan-ın məzarını ziyarət edib. Səfərin birinci günü Dubaydakı məşhur «Bürc-Xəlifə» binası ilə tanışlıqla başa çatıb.

Əliyevin səfərinə müəyyən dərəcədə cavab səfəri kimi baxmaq olar. 2015-ci il aprelin 2-də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Mohammed bin Rashid Al Maktoum Bakıya rəsmi səfərə gəlmişdi.

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq qarşılıqlı əsaslarla qurulub və fəallığı ilə nəzərə çarpır. 2011-ci ildə ticarət əlaqələrinin gücləndirilməsi üçün Bakıda BƏƏ Ticarət Palatasının ilk xarici ofisi - Bakı-Dubay Ticarət Palatası yaradılıb. İqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mövcuddur. Habelə Bakı-Dubay Əməkdaşlıq Şurası, Əməkdaşlıq üzrə Bakı-Əbu-Dabi Şurası, Azərbaycan və BƏƏ arasında Biznes Şurası fəaliyyət göstərir.

2015-ci il noyabrın 10-dan etibarən rəsmi Bakı BƏƏ vətəndaşları üçün viza rejimini sadələşdirib.

YAXIN ŞƏRQ KAPİTALI TAM YERİNƏ DÜŞƏR

Azərbaycan Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkələr arasında ticarət mübadiləsi 46.78 milyon dollar təşkil edib, BƏƏ üçün müsbət saldo 42.2 milyon dollara bərabər olub.

BƏƏ-də Azərbaycan kapitalının iştirak etdiyi 300-ə yaxın biznes qurumu fəaliyyət göstərir. Əmirliklərdə ən məşhur oyunçu kimi Azərbaycan Dövlət Neft Şirkətinin törəmə qurumu olan «SOCAR Trading» çıxış edir. Şirkət Fuceyr limanında 347 min kubmetr həcmi olan neft terminalına malikdir. SOCAR yaxın gələcəkdə onun gücünü 650 mln. kubmetrə çatdırmaq istəyir.
Bu barədə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin sədr müavini Maqsud Mahmudov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İndoneziya Energetika Forumunda bildirib.

Bu mövzu, ekspertlərin fikrincə, Əliyevin elan edilməmiş səfər gündəliyində mühüm məsələlərdən biri ola bilər. Çünki «SOCAR Trading» son illər üçüncü ölkələrin neft və qaz treyderi kimi xeyli irəliləyib. SOCAR-ın statistika məlumatları buna dəlalət edir. 2014-cü ilin yekunlarına görə, Azərbaycan Dövlət Neft Şirkətinin ümumi gəliri 39 mlrd. 674 mln. manat təşkil edib. Bunun əsas hissəsi «SOCAR Trading»in payına düşüb - 31 mlrd. manat.

Öz növbəsində, Əmirliklər həmişə Azərbaycanda maliyyə-iqtisadi iştirakını genişləndirməyə hazır olduğunu bildirib. İndiki şəraitdə Əliyevin siyasi kursunda əsas vurğunu qeyri-neft biznesinin inkişafına keçirmək cəhdini nəzərə alsaq, Yaxın Şərq kapitalı tam yerinə düşər.

İlham Əliyevin BƏƏ səfəri fevralın 1-dən başlayıb.

Həmçinin bax: AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG