Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:42

Oğuzlular devalvasiya əlindən dad edir


Oğuz
Oğuz

-

«Dollar qalxandan vəziyyətimiz çox çətinləşdi. Onsuz da rayonumuzda işsizlik baş alıb gedirdi, indi də lap çətin vəziyyətdə qalmışıq».

Oğuz rayon sakini Rəhman dayıdır gileylənən. Rayonda xırda ticarətlə məşğul olan Rəhman dayı bahalıqdan dad döyür:

«Əvvəl yumurta 12 qəpik idi, indi 17 qəpikdir. Şəkər tozu 40 qəpik, düyü 30 qəpik, unun kisəsi 3 manat bahalaşıb. Prezidentin qərarından sonra unun da, çörəyin də qiyməti yenidən əvvəlki həddə uyğunlaşdırıldı. Ancaq bahalaşan digər ərzaq məhsulları təzə qiymətlərlə satılır».

DOLANA BİLMİRİK

Rayon sakini Rəfizə xanım da bahalaşmadan şikayətlənir:

«Maaş onsuz da aşağı idi, indi də lap dəyərini itirib. Dolana bilmirik. Əvvəl hansısa ərzaqdan 1 kilo alırdıqsa, indi yarım kilo alırıq. Ürəyimiz istədiyi bir çox ərzaq məhsulundan imtina etməyə məcburuq. Ərzaq və dərmanların qiyməti çox qalxıb. Hətta, mağazaların hərəsində bir qiymət «oxuyurlar». Rayon yeridir, nəzarətdən uzaqdadır. Bakıda, heç olmasa, qorxub bir az endirdilər. Rayonda nəzarət olmadığı üçün burda kim neçəyə istəsə, o qiymətə də satır».

«MÜFLİS OLMUŞAM»

Maşın ehtiyat hissələrinin satışı ilə məşğul olan Fərhad Mehdiyev müflis olduğunu söyləyir:

Oğuz
Oğuz

«Pul yoxdur ki, gedim dükana təzə mal alım. İndi satış üçün bir təkərim belə yoxdur. Köhnədən qalanları satıram. Guya ki, təzə nəsə gətirsəm, dəyişiklik olacaq?! Onsuz da alan yoxdur. Elə günlər olur, 1 manatlıq alver etmirəm. Satdığım malların qiyməti hətta, əvvəlkindən də aşağıdır».

Mebel satışı ilə məşğul olan Şakir Zeynalov mebelin 20 faiz bahalaşdığını deyir:

«Satdıqlarımın içərisində ən ucuz mebel 1000 manatdır. Sata bilmirik. Neyləyim?!».

Evini satışa qoyduğunu deyən müsahibimiz Bakıya pənah aparacağını söyləyir. Ümidini paytaxta bağlayan Şakir Zeynalov arabir «küləklər şəhəri»nə iş üçün baş çəkir, ancaq hələlik orda da iş tapmayıb.

BAHALAŞMA EVİMİZİ YIXIB

Rayon sakinlərinin ən böyük problemlərindən biri də işsizlikdir. Onlar daha çox yay aylarında, əsasən də qoz-fındığın bol olduğu vaxtlarda boş-bekar qalmırlar. Sakinlərin iş yerləri mövsümü xarakter daşıdığından, qışda durum qəlizləşir.

Elə Ağamusa adlı sakin də yayda daha çox əkin-biçinlə məşğul olduqlarını, amma qışda görməyə iş tapmadıqlarını deyir:

«Rayonun əsas gəlir mənbəyi qoz və fındıq məhsullarıdır. Qışda burdakı mənzərəni təsəvvür etmək çətin olmaz. Bu bahalaşma lap evimizi yıxıb...».

XS
SM
MD
LG