Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

Bir gəncin internatdan sonrakı evsizliyi


Xəyal Tağıyev
Xəyal Tağıyev

-

«İnternatdan çıxdım, hara gedəcəyimi bilmədim. Köməyim olmadan birtəhər başımın çarəsini tapdım. Qərib ölkəyə getdim, iş tapıb işlədim, yemədim, işlədiyim meşədə yaşaya-yaşaya qəpik-qəpik topladım, iki sot torpaq aldım».

Xəyal Tağıyevin 33 yaşı var. Qazax rayonunun Yuxarı Əskipara kəndində doğulsa da, uşaqlığı Maştağadakı 1 saylı internat məktəbində keçib. Yeniyetməlik yaşına çatanda internatı tərk etməli olub. Getməyə yeri, döyməyə qapısı olmayan kimsəsiz Xəyal gələcəyini qurmaq üçün 2008-ci ildə pul qazanmağa - Rusiyaya işləməyə yollanıb. İki il meşədə ağır işlərdə çalışıb.

«İNTERNATIN QAPISINI AÇIB BURAXIBLAR ÇÖLƏ»

Topladığı pulla Bakıya dönərək iki sot torpaq sahəsi alıb ki, ev tiksin. Ancaq görün başına nə gəlib:

«Paytaxtın ucqar bir yerində aldığım torpaqda 5 ildən çoxdur ki, bir otaq tikə bilmirəm. Əlimdə torpağım ola-ola qapılarda qalıram. Çünki məmurlar tikməyə imkan vermirlər. Sənəd üçün icra hakimiyyətinə yaxınlaşırsan, deyir, «get, 10 min manat gətir». Beləcə, 5 ildir ki, məmur qapılarını gəzirəm. Torpağı alanda 27 yaşım vardı. İndi 33-ü tamamlayıram. Ömür getdi, mən torpağımda bir otaq tikə bilmədim».

Xəyal Tağıyev deyir, internatı tərk edəndə elə bilib dövlət onu mənzillə, işlə təmin edəcək. Ancaq heç də belə olmayıb. Başa düşüb ki, internatı tərk edənlərə dövlət güzəştləri, cəmiyyətə inteqrasiya, reabilitasiya, təminat və sairə - bunların hamısı kağız üzərində imiş:

«İnternatın qapısını açıb buraxıblar çölə… 10 ildir deyirəm ki, «heç olmasa, imkan verin, özüm özümə gün ağlayım». Kimsəsizəm, dəstəyim yoxdur ki, kimdənsə borc alım, məmurlara verim… 10 min manatı haradan tapım? Normal ölkələrdə gərək özləri şərait yaratsınlar ki, internatdan çıxan kimsəsiz özünə həyat qursun».

«ŞİRİNLİK» İSTƏYİRLƏR

Xəyal Tağıyevə torpaqda ev tikməyə imkan verməyən qurumsa Binəqədi rayon İcra Hakimiyyətidir. Deyir, torpağın sənədi olmadığına görə də ondan «şirinlik» istəyirlər, «gətir, 5 min ver, gözümüzü yumuruq, get tik» söyləyirlər:

«Onu da deyim ki, torpaq aldığım ərazidəki bütün evlər sənədsizdir, heç torpaqların da sənədi yoxdur. Bələdiyyə sənəd vermir, icra hakimiyyəti sərəncam. Əvəzində ikisi də yaxşıca pul qazanır. Mənsə rüşvət vermək istəmirəm, torpağıma sənəd, tikintimə rəsmi icazə istəyirəm. Məcbur edirlər ki, vətəndaş gətirib bunlara rüşvət versin, tikinti aparsın. İstədikləri vaxt da gəlib evi adamın başına uçursunlar».

Nəhayət, Xəyal Tağıyev qərara gəlib ki, bələdiyyənin də, Binəqədi rayon İcra Hakimiyyətinin də hərəkətlərindən prezidentə yazsın. Və yazıb… Yazıb ki, «uşaq evindən çıxıb küçələrdə qalmışam. Aldığım torpağı sənədləşdirə, özümə bir daxma tikib içərisinə yığışa bilmirəm. Bələdiyyə və məmurlar imkan vermirlər, rüşvət istəyirlər. Axı, bu yetimdə pul haradan?.. Gedirəm icra hakimiyyətinə, sizin uşaq evindən çıxan kimsəsizlərlə bağlı sərəncamlarınızı, qanunları qoyuram masanın üstünə, mənə gülürlər. Belə çıxır ki, onlar sizi saymırlar. Əgər məmurlar prezidentdən çəkinmirlərsə, o zaman dərdimizi kimə deyək?».

İş orasındadır ki, bu, Xəyalın ölkə başçısına yazdığı birinci məktub deyil. O, əvvəllər də dəfələrlə prezidentə yazıb. Ancaq həmişəki kimi, son məktubu da cavabsız qalıb.

TORPAQ HƏRRACLA SATILIR

Binəqədi rayon İcra Hakimiyyətindən Xəyal Tağıyevin dediklərinə belə aydınlıq gətiriblər ki, ev tikmək üçün mütləq əvvəl torpağın fərdi tikinti üçün ayrılması barədə qərar və torpağa şəhadətnamə alınmalıdır.

Binəqədi Bələdiyyəsi isə deyir, bələdiyyə torpaqları hərrac yolu ilə satılır. Vətəndaşlar çox vaxt torpaq sahəsini özlərini dəllal kimi təqdim edən dələduzlardan alırlar, sonra da bələdiyyəni həmin torpaq sahəsinə görə sənəd verməməkdə günahlandırırlar. Əksər hallarda belə torpaq sahələri mühafizə zolaqlarına düşür və bələdiyyələrin fonduna aid olmur.

Sənədə və torpaqda tikinti aparılmasına görə rüşvət istənilməsinə gəlincə, bələdiyyə də, icra hakimiyyəti də Xəyal Tağıyevin dediklərini qətiyyətlə təkzib edir.

XS
SM
MD
LG