Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:40

“Hər dəfə prezidentə şikayət edəndə gəlib nəyimisə sökürlər"


İllüstrasiya
İllüstrasiya

►“Dedilər, nə qədər şikayət etsən, o qədər də sökəcəyik. Heç prezidentə yazdıqlarıma da cavab almamışam hələ”

“Hücum çəkib ayaqqabı təmiri köşkümü dağıtdılar. Sonra keçdilər qaraja… Hələ bunlardan da əvvəl gəlib eyvanımı sökmüşdülər”.

Binəqədi sakini Məlahət İbrahimova deyir, ötən il dekabrın 11-də yerli icra hakimiyyətinin işçiləri gələrək ona məxsus ayaqqabı təmiri köşkünü söküblər.

Ancaq buna görə köşk sahibinə kompensasiya ödəməyiblər. Məlahət xanımla icra hakimiyyətinin işçiləri arasında balaca köşkə görə mübahisə bitməmiş, qurumun işçiləri, necə deyərlər, qaraja əl atıblar.

Beləcə Məlahət xanıma məxsus obyekt və qarajın yeri "şumlanıb":

“O köşk bizim qazanc yerimiz idi. Böyük bir ailə ordan dolanırdı. Hər sənədi də vardı. Qarajın da sənədi vardı. Ancaq kompensasiya ödəmədən sökdülər”.

Məlahət İbrahimova Azadlıq 28, mənzil 2-də yaşayır. Elə qarajla ayaqqabı təmiri köşkü də yaşadığı evin qarşısındaymış:

“Obyektlərimi niyə sökdülər, heç özləri də izah edə bilmədilər. Mən prezidentə yazdıqca, onlar hər dəfə gəlib nəyisə söküb getdilər. Dedilər, “nə qədər şikayət etsən, o qədər də sökəcəyik”. Heç prezidentə yazdıqlarıma da cavab almamışam hələ…”

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“TƏMİR ETMƏK ƏVƏZİNƏ, BİR AZ DA SÖKDÜLƏR”

Məlahət xanım ötən il Binəqədi rayon icra hakimiyyətinə müraciət edərək evinin təmiri üçün kömək istəyib. Ancaq hər şey tərsinə olub. Deyir, icra hakimiyyətinin işçiləri evə gələrək eyvanın qanunsuz olduğunu bildiriblər. Sonra da fəhlələri göndərib eyvanı sökdürüblər:

“Kömək istədim, bunlar gəlib evimin bir hissəsini sökdülər, evimi daha da bərbad vəziyyətə saldılar. Qaz xətlərini sındırdılar, 6 aydan çox qazsız qaldıq. Mən yuxarılara şikayət etdikcə, bunlar gəlib hər dəfə əmlaklarıma zərər vurub gedirlər. Çox ağır bir vəziyyətdə yaşayırıq. İki qızım var. Heç biri işləmir. Yoldaşım rəhmətə gedib. Mən icra hakimiyyətinə məktub yazmışdım ki, evim təmir olunsun. Bunlar təmir etmək əvəzinə, gəlib bir az da sökdülər. Deyirlər ki, “obyektlərini söküb yerində başqasını tikəcəyik””.

Binəqədi rayon icra hakimiyyətindən bildiriblər ki, Məlahət İbrahimovanın yaşadığı ərazidəki ayaqqabı köşkü və evinin eyvanı qanunsuz tikilib. Ona görə də həmin küçədə abadlıq işləri aparılanda sökülüb.

Hüquqşünas Namizəd Səfərov deyir, Məlahət İbrahimovanın sökülmüş əmlaklara hüququnu tanıdan sənəd varsa, xanım həmin əmlaklara dəymiş zərərə, həm də mənəvi zərərə görə ərazi üzrə inzibati iqtisad məhkəməsinə müraciət edə bilər.

Ramil Usubov: «Evə çörək əvəzinə «botinka» aparıram»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

XS
SM
MD
LG