Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Azərbaycanlı neft baronu Şimal dənizinə sərmayə qoyur


Şimal dənizində neft platforması
Şimal dənizində neft platforması

-

Azərbaycanın neft-qaz baronu Böyük Britaniyaya, Şimal dənizinə ilk sərmayəsini yatırıb, «Maclure» yatağında «Shell» şirkətinin 7.59%-lik payını alıb.

energyvoice.com saytı yazır ki, Nəsib Həsənov 2014-cü ildə Londonda tədqiqat və hasilat biznesini qurub. Hazırda «Nobel Upstream» şirkətinin Azərbaycanda və ABŞ-ın Texas ştatında - Hyustonda texniki və kommersiya qrupları işləyir.

«Nobel Uptsream»in «Maclure» yatağında pay əldə etməsi üzrə razılaşma artıq imzalanıb, ancaq hələ bir neçə mərhələdə təsdiqlənməlidir. Sövdələşmənin məbləği açıqlanmır.

1991-ci ildə kəşf olunmuş yataq Aberdindən 175 mil şimal-şərqdə, Şimal dənizinin mərkəzində yerləşir. Yatağın operatoru «Maersk» şirkətidir. Şirkətin baş icraçı direktoru, «BP Rusiya»nın keçmiş prezidenti Jeremy Huck-dır. «Bu razılaşma bizim artım strategiyamızın, Azərbaycanda və Şimali Amerikada mövcud portfelimizin vacib bir hissəsidir», - o bildirib.

Sayt yazır ki, «Nobel Upstream»in Londonda qeydiyyatdan keçmiş «Nobel Oil» ana şirkəti bir aydan çoxdur 2014-cü il hesabatlarını verməyib. «Nobel Oil» tamamilə cənab Həsənova məxsusdur. Şirkət 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesinə texniki təchizat məqsədilə yaradılıb. Ancaq sürətlə şaxələnib, qazma, neft ticarəti və bir sıra başqa sahələr üzrə filiallar yaradıb. Rumıniyada da yanacaqdoldurma məntəqələri şəbəkəsi var.

Şirkət bu yaxınlarda tədqiqat və hasilat işinə girişib, Azərbaycanda «Ümid»-«Babək» qaz yataqları blokunda da birgə müəssisə vasitəsilə tədqiqat işi aparır. Bu yataqda 20% payı var.

Qrup Nobel qardaşlarının adını daşıyır. Ludwig və Robert Nobel qardaşlarının «Branobel» şirkəti 19-cu əsrin sonunda bir yatağın işlənməsi ilə fəaliyyətə başlayıb, 20-ci əsrin əvvəlində nəhəng şirkətə çevrilib.

Tartusda Bashar al-Assad tərəfdarlarının mitinqi - 2015
Tartusda Bashar al-Assad tərəfdarlarının mitinqi - 2015

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza da «Nobel Upstream» şirkətinin Direktorlar Şurasının üzvüdür.

SURİYADA SİYASİ HƏLL MÜMKÜNMÜ?

Karneqi Fondundan Judy Dempsey bu sualı bir neçə ekspertə ünvanlayıb.

Oksford Universitetindən Koert Debeuf deyir ki, Suriyada siyasi həll mümkün deyil, çünki Rusiya və İran bunu istəmir:

«Onların strategiyası Qərbinkindən çox fərqlənir. İran Bağdaddan tutmuş Dəməşqə, Beyrutadək nüfuz dairəsi yaratmağa çalışır. Əsasən sünni ölkəsi olan Suriyada istənilən siyasi həll prezident Bashar al-Assad-ın hakimiyyətinin, eləcə də şiə İranının nüfuzunun sonu deməkdir. Rusiyadan ötrü də Suriya müharibəsi daha çox Assad-la bağlıdır. Rusiya prezidenti Vladimir Putin-in məqsədi Qərbi zəif düşürməkdir. O, Avropa Birliyinin və NATO-nun Rusiyanın təsir dairəsində hesab etdiyi ölkələrdən ötrü cəlbediciliyinə son qoymaq istəyir. Rusiya «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasını deyil, müxalifət qüvvələrini hədəfə alır. O, Avropaya qaçqın axınından da məmnundur, çünki bununla Birlikdə sabitsizlik yaradır».

«Ən narahatedici məqam isə odur ki, Rusiya Türkiyəni də münaqişəyə çəkməyə çalışır. Rusiya Suriya kürdlərini dəstəkləyir, onlar da Suriya-Türkiyə sərhədi boyunca irəliləyir. Bu, Türkiyə üçün qırmızı xətdir… Türkiyə prezidenti Recep Tayyip Erdoğan reaksiya verərsə, NATO ona qoşulacaqmı? Yəqin ki, yox. Rusiyanın martda Krımı ilhaqı və Ukraynanın şərqini tutması Avropanı necə parçaladısa, Türkiyə də NATO-nu eləcə parçalayıb zəiflədəcək».

Koert Debeuf deyir ki, dünya son dərəcə kritik məqama yetişib. Heç vaxt görünməmiş bir liderlik dönəmi çatıb.

Mehdi Karoubi və Mirhossein Mousavi
Mehdi Karoubi və Mirhossein Mousavi

İRANIN LİDERSİZ MÜXALİFƏTİ

İranın əsas islahatpərəst müxalifətinin dəyişikliyə ümidi azalsa da, hələ tam ölməyib.

Bunu «Reuters» agentliyindən Parisa Hafezi yazır.

«Yaşıllar Hərəkatı»nın mühacirətdə olan fəalları «xərclənmiş qüvvə» olmadıqlarını, İranda mübarizənin davam etdiyini deyirlər. Onların sözlərincə, indi mübarizə 2009-cu ildəki kimi, kütləvi etirazlarla deyil, seçki qutularında aparılır.

Ancaq müəllif ölkədə seçkiqabağı əhvalın daha yorğun olduğunu yazır. İslahatçı namizədlərin kütləvi şəkildə qeydiyyata alınmaması İranda siyasi və sosial dəyişikliyə ümidləri də tükədir.

2009-cu ildə sərt-xətt tərəfdarı Mahmoud Ahmadinejad təkrar prezident seçiləndə, kütləvi etirazlar təhlükəsizlik qüvvələri tərəfindən yatırıldı. «Yaşıllar»ı dəstəklədiyinə görə universitetdən qovulmuş 28 yaşlı Arif iranlıların xəyal qırıqlığından söz açır: «2009-cu ildə aksiyalarda «Bəsic» və İnqilab Keşikçilər tərəfindən döyüldüm. Buna dəyməzdi. Bədəli çox böyük oldu. Sadəcə, azad bir həyat yaşamaq istəyirəm. İnsan kimi hüquqlarına hörmət qoyulmasını istəyirəm».

Bu hərəkat hələ də lidersizdir. Keçmiş baş nazir Mir Hossein Mousavi və parlamentin eks-spikeri Mehdi Karoubi beş ildir ev dustaqlığındadır. Onlar heç məhkəmə qarşısına da çıxarılmayıblar.

«Küçə etirazları, həbslər, hakim elitadakı ziddiyyətlər İslam Respublikasının əsaslarını titrətdi. 2009-cu ildən bəri mühafizəkarlarla islahatçılar arasında siyasi nifaq daha da dərinləşib», - müxalifəti dəstəklədiyinə görə bir il həbsdə yatmış bir keçmiş hökumət rəsmisi belə deyir. «Rouhani gələndə çoxları ümid edirdi ki, Mousavi və Karoubi-nin ev dustaqlığı bitəcək. Ancaq bu, baş vermədi».

XS
SM
MD
LG