Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

XİN-də Agramunt-a qətnamələri xatırlatdılar


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Agramunt-un rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xəbəri nazirlik yayıb.

Görüşdə AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər arasında konstruktiv dialoq və anlaşma şəraitində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan Qarabağ danışıqları haqqında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyib. Ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu bildirib.

Nazir münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini vacib sayıb. 822, 853,874 və 884 saylı həmin qətnamələrdə Azərbaycanın işğal edilən rayonlarının boşaldılması irəli sürülür.

Elmar Məmmədyarov görüşdə, həmçinin, parlament diplomatiyasının əhəmiyyətinə toxunub və Azərbaycanın bu yöndə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

P.Agramunt isə Azərbaycanın AŞPA ilə uğurlu əməkdaşlıq göstərdiyini, əlaqələrin daha da inkişafı üçün imkanların olduğunu bildirib.

Görüşdə maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cənab Agramunt fevralın 29-dan Azərbaycanda səfərdədir. O, fevralın 29-da vətəndaş cəmiyyətinin təmsilçiləri və bəzi redaktorlarla görüşüb.

P.Agramunt AŞPA prezidenti olana qədər AŞPA-nın Azərbaycan üzrə iki həmməruzəçisindən biri idi.

XS
SM
MD
LG