Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

«Polkovnik» sənədli filminin Polşada nümayişi keçiriləcək


Vəli bəy Yadigar
Vəli bəy Yadigar

-

Martın 14-də Polşanın paytaxtı Varşava şəhərində «Salnamə» sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilmiş «Polkovnik» sənədli filminin nümayişi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif olunmuş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun köməkliyi ilə çəkilən filmin təqdimatında filmin rejissoru Tahir Əliyev iştirak edəcək.

Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1897-ci ildə Borçalıda zadəgan ailəsində dünyaya göz açıb.

1918-1920-ci illərdə Cümhuriyyət ordusunda bu nəsildən 8 zabit şərəflə xidmət edib.

Vəli bəy 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olub.

XI Ordu Bakıya basqın edəndə, Vəli bəy üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilib.

1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib.

Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirib.

«Armiya krayova» xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Birinci Dünya müharibəsindən sonra Argentinada yaşayıb.

Vəli bəy 1971-ci ildə Buenos-Ayresdə dünyadan köçüb.

1991-ci ildə məzarı Varşavaya gətirilərək dəfn olunub.

XS
SM
MD
LG