Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

"Evdən gələn ərzaqların içindən tük çıxanda sevinirdim..."


Ömər Məmmədov(solda), Rəşadət Axundov, Sevda Sultanova
Ömər Məmmədov(solda), Rəşadət Axundov, Sevda Sultanova

-

"Siyasi iddiası olmayan, sadəcə ölkəni normal görmək istəyən bu gənclər bizə istər-istəməz, konkret siyasi təyinatı olanlardan daha doğma gəlir..."

Sevda Sultanova

FİLMDƏN DAHA ARTIQ

Bütün vicdan məhbuslarına

Bir neçə ay əvvəl Rəşadətdən yazmışdım. Sonra yayımlamaqdan vaz keçdim. Çünki yazı mənə zəif gəlmişdi, Rəşadətlə bağlı düşüncələrimi dolğun ifadə edə bilməmişdim.

Azad olunandan bir neçə gün sonra Rəşadət və Ömərlə görüşəndə, gözlərində yaşları ilə heç cürə uyuşmayan təmkinli, sakit kədəri, dərin yorğunluğu, mütəvazi davranışlarını, sarsılmazlığını görəndə onlardan yenidən yazmaq ehtiyacını duydum.

Ümumi dostlarımızdan biri demişdi ki, Rəşadətdən yazırsansa, mütləq hansısa film qəhrəmanı ilə müqayisə elə. Təbii ki, məşğul olduğum sahəni nəzərdə tutaraq deyirdi.

"Aclıq" filmindən bir görüntü
"Aclıq" filmindən bir görüntü

NİDA-çıların aclıq aksiyasından sarsıntımı Steve McQueen-in real hadisə əsasında ekranlaşdırdığı “Aclıq” filmindən yazdığım “Aclıq və ölüm” qeydlərimlə ifadə etmişdim.

Amma indi onlarla görüşəndə, həmin an reallığa əlim toxunanda anladım ki, heç bir film, heç bir roman qəhrəmanı yaşanan gerçəkliklə, bu gerçək qəhrəmanlarla müqayisə oluna bilməz.

"Ata naminə" filmindən bir görüntü
"Ata naminə" filmindən bir görüntü

NİDA-çı gənclərin taleyini “Ata naminə” filmində canlandıran, dövrün ən mükəmməl aktyorlarından biri Daniel Dey-Lewis təsadüfən demirdi:

“Həyat filmlərdən vacibdir. Qəhrəmanlarımda gördüklərimi birinci, həyatda görməyə çalışıram”.

Bu mənada NİDA-çıların simasındakı həyat faktı, yaşanmış situasiya sarsıldığım filmlərdən daha artıq təsirlidir. Heç şübhəsiz ki, bir filmdən daha artıq filmdir.

Lev Gumilev
Lev Gumilev

Lev Qumilyovun passionarlıq nəzəriyyəsində belə detal var. Müəllif yazır ki, müharibədən, çox ağır döyüşdən gələn yorğun, ac-yalavac əsgərləri təsəvvür edin. Onlardan bir qismi yeməyə acgölzüklə girişəcək, digərləri isə təmkinini pozmadan ləyaqətlə davrancaq.

NİDA-çıları ədalətsiz həbslərinə, bir neçə il həyatlarında baş verənlərə ləyaqətli reaksiyalarını təmkinini pozmayan əsgərlərlə müqayisə edirəm.

Ömər danışır ki, atam xəstə olsa da, yalnız mən həbsdən çıxandan sonra müalicə olunacağını deyirdi. Ona görə həbsdə özümü psixoloji olaraq ən pis şeylərə belə, hazırlamışdım.

Onların bu reaksiyası və azad olunmasına cəmiyyətdə, sosial şəbəkələrdə verilən reaksiya onsuz da məğlub durumda olan hakimiyyətin məğlubiyyəti idi. Ədalətə gözlərini bağlayan məhkəmənin məğlubiyyəti idi. Və həbsdən çıxandan sonra rejimlə kompromissə getməyən Elmar Hüseynovun, vəkil Elton Quliyevin qəbrini ziyarət etmələri hakimiyyətin ədalətsizliyinə kompromissiz cavab idi.

Siyasi iddiası olmayan, sadəcə ölkəni normal görmək istəyən bu gənclər bizə istər-istəməz konkret siyasi təyinatı olanlardan doğma gəlir. Yəqin ona görə onların itirdikləri illəri daha ağrılı qarşılayırıq. Yəqin ona görə onlara doğma, əziz adam kimi təkrar-təkrar sarılmaq istəyisən.

Həmişə fikirləşmişəm ki, NİDA-çların yanında olmaq NİDA-nın yanında olmaq demək deyil. Xədicə İsmayılın yanında olmaq Xədicənin yanında olmaq demək deyil. İlkin Rüstəmzadənin yanında olmaq İlkinin yanında olmaq demək deyil. İlqar Məmmədovun yanında olmaq İlqarın yanında olmaq demək deyil. Onların yanında olmaq hər şeydən əvvəl, azad dəyərlərin zorlandığı cəmiyyətdə vicdan məsələsidir. Öz qarşında daşıdığın məsuliyyətdir. Özünə verdiyin hesabatdır. Hər halda məndən ötrü yüz faiz belədir.

Onların yanında olmaq vicdan məsələsidir. Öz qarşında daşıdığın məsuliyyətdir. Özünə verdiyin hesabatdır.

Rəşadətlə bağlı bir faktı bölüşməkdən yan keçə bilmirəm.

Onunla tanış olanda banklardan birində işləyirdi. Günlərin birində Rəşadəti etiraz aksiyasında görəndə karıxdım.

Axı biz buna öyrəncəli deyilik. Necə ola bilər ki, bankda işləyən, karyerasında irəliyə getmək üçün üfüqlər açılan gənc bütün bunlara tüpürərək, vecinə almadan etiraz aksiyasına qoşulsun? Heç cürə ağlım almırdı, Rəşadətə ilk heyrətim onda yarandı.

Nəhayət, məqalənin yazılmasını motivasiya edən səbəblərdən biri Ömərin danışdığı çox poetik və kədərli məqam oldu.

Anar Məmmədli
Anar Məmmədli

Bir ayın söhbətidir, Anar Məmmədligilə şirniyyat bişirib yollamışdım. Kağız qoymuşdum ki, birdən şirniyyatdan tük çıxsa, iyrənməyn, nəzərə alın ki, başımı təzə yumuşam, saçım təmizdir.

Səhər Anar zəng elədi ki, narahat olma, tük çıxmadı, digər yoldaşları bilmirəm amma. Dostumuz Aliyə zarafatla dedi, həbsxanada yeməkdən tük çıxması belə, yəqin onlar üçün sevinc olar.

Tük məsələsinə Ömərin reaksiyası isə ruhumu alt-üst elədi.

- Evdən gələn ərzaqların, yeməklərin içindən tük çıxanda sevinirdim. Sevinirdim ki, anamın tüküdür.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG