Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:29

Küçəyə çıxıb Şah İsmayılın kim olduğunu soruşsaq...


Səbuhi Əhmədov
Səbuhi Əhmədov

-

Əcnəbilər nədən Şah İsmayıla «qoçqapan» və «vunderkind» deyiblər?
Gözlə

No media source currently available

0:00 0:29:52 0:00
Direct-ə keçid

«Təəssüf ki, biz Şah İsmayılı bütün dünyada tanıdan döyüş və qələbələrini bilmirik».

Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramına ötən cümə günü- aprelin 15-də Milli Azərbaycan Tarixi Muzeyində açılan «I Şah İsmayıl- sərkərdə və hökmdar» sərgisinin kuratoru Səbuhi Əhmədov söylədi.

«İSTƏR NAPOLEON, İSTƏRSƏ KUTUZOVDAN SÖZ AÇANDA...»

Onun sözlərinə görə, əgər indi küçəyə çıxsaq və Şah İsmayılın kim olduğunu soruşsaq, oxşar cavablar alarıq: «Elə bir adam tapılmaz ki, desin, yox, tanımıram. Soruşsaq ki, hansı döyüşləri olub onun? Hamı Çaldıranın adını çəkəcək... Bu da, məncə, yaxşı hal deyil. İstər Napoleon, istərsə Kutuzov-dan söz açanda, onların qalib və məğlub olduqları döyüşləri sadalayırıq. Təəssüf ki, Şah İsmayılı dünyada tanıdan – az qala, bütün Asiyanı ələ keçirməklə bitən döyüşlərini, qələbələrini biz bilmirik. Təkcə məğlub olduğu döyüşünü - Çaldıranı xatırlayırıq...».

KİM ŞAH İSMAYILDAN DAHA ÇOX YAZIR?

Maraqlıdır ki, tarixçi alim Səbuhi Əhmədov bunu təbii sayır: «Fikrimcə, bu da, təbiidir. Bax, sərgidəki bu vitrinə diqqət yetirək. Burda ancaq 2014-2015-ci illərdə Şah İsmayıla həsr olunmuş kitabları düzmüşük. Akademik Ramiz Mehdiyevin «Şah İsmayıl - hökmdar və döyüşçünün portreti» kitabı da burdadır. Bu, 2014-cü ildə Azərbaycanda çap olunan və bizim sərginin konsepsiyasının əsasında dayanan kitabdır. Yerdə qalan bütün kitablar Türkiyədə çap olunandır. Və bu paradoksal bir vəziyyətdir. Türkiyə araşdırıcıları, mütəxəssisləri, ədibləri Şah İsmayıl haqqında daha çox yazırlar, nəinki biz... Sonra da gileylənirik ki, dünya onu tanımır və tanıyanda da başqa cür tanıyır. Yəni başqalarında günah axtarınca, özümüzə sual verək ki, biz onu təbliğ etmək, tanıtdırmaq üçün nə etmişik? Bax, bu vitrini sərgidə o üzdən qoyduq. Fikrimcə, bu vitrin istər tədqiqatçıları, istərsə tamaşaçıları düşündürməlidir».

Eksponat
Eksponat

«DİLLƏRİ DƏ, FƏRMANLARI DA, FƏALİYYƏTİ DƏ AZƏRBAYCAN UĞRUNDA...»

Səbuhi Əhmədov «İZ» proqramına sərgidəki başqa panelləri də şərh etdi: «Girişdə biz «Şah İsmayılın şəxsiyyəti» adlı panel qoyduq. Burda onun haqqında müasirlərinin dediyi sitatlar toplanıb. Onun fiziki qüvvəsi, insani keyfiyyətləri haqqında. Başqa bir paneldə Səfəvilərin və I Şah İsmayılın etnik mənşəyi verilib. İstər Rusiya, istər Qərbi Avropa, istərsə İran və Türkiyə mütəxəssisləri bir ağızdan deyir ki, Şah İsmayılın sülaləsi Azərbaycan türkü - azərbaycanlılardır. Dilləri də, fərmanları da, fəaliyyəti də Azərbaycan uğrunda olub».

ŞAH İSMAYIL FRANSIZLARIN GÖZÜYLƏ...

Səbuhi Əhmədov ayrıca paneldə Şah İsmayılla bağlı söyləntiləri topladıqlarını vurğuladı:

«Onun indi 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Solaxay olsa da, bütün əmirlərdən güclüdür. Oxatma məşqlərində, adətən, musiqi çaldırır. Rəqsi çox sevir. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafat verir». (Venesiyalı tacir, Təbriz, 1518-ci il)

«Fransız şərqşünası Jean-Louis Bacqué-Grammont yazır ki, «İsmayıl fars dilini tam inkar etməsə də, sözsüz, türk dilində və türklər haqqında düşünürdü. Türk tayfalarının gözlərində onlara yaxın və aydın dildə danışan və Azərbaycanda ideal bir dövlət yaradan İsmayıl ilahiləşdirilmişdi. Şah İsmayıl onu taxta çıxarmış Qızılbaş tayfalarının hamılıqca qəbul edilmiş lideri idi». Başqa fransız şərqşünası Jean Paul Roux isə yığcam şəkildə deyib: «İsmayıl öz uğuru ilə ətrafındakılara borclu olsa belə, onun vunderkind olmasını inkar etmək mümkün deyil». Doğrudan da, istər döyüş səhnəsindəki uğurlarını, istər şairliyini, «barbəd»də, yəni ud musiqi alətində gözəl ifasını, idmançı kimi məşhurlaşmasını xatırlasaq, bütün bu məqamlar fransız şərqşünasına haqq qazandırmağa əsas verir».

«ASİYANIN SİYASİ VƏ DİNİ TARİXİNDƏ ƏN ÖNƏMLİ DÖVR»

Avstriyalı şərqşünas Von Hammer yazıb: «XVI əsrin əvvəlində tarixi səhnədə İsmayıl kimi şəxsiyyətin meydana gəlməsi o qədər diqqətəlayiq hadisələrə səbəb oldu ki, nəticədə, onun hakimiyyəti Asiyanın siyasi və dini tarixində ən önəmli dövrlərdən birinə çevrildi». Səbuhi Əhmədov «Asiyanın siyasi və dini tarixində ən önəmli» ifadəsinə diqqət çəkir və əlavə edir ki, «bu, təsadüfi deyil, onun fəaliyyətinin nəticəsidir».

Eksponat
Eksponat

«ONU 40-50 YAŞLARINDA MÜDRİK ŞƏXS KİMİ TƏSVİR EDİRLƏR»

Səbuhi Əhmədov sərgidə daha bir vitrini bu üzdən önə çəkdiklərini vurğulayır: «Elə o səbəbdən sərgidə bir vitrin «Şah İsmayıl Avropalıların gözü ilə» və «Miniatürçü rəssamların gözüylə» başlığı altında təqdim olunur. Maraqlıdır ki, cavan olsa da, hamı onu müdrik şəxsiyyət kimi, saqqallı, uzunsaçlı, ən azı, 40-50 yaşı olan bir adam kimi təsvir edir. Sultan Süleyman kimi, onun da haqqında Şərqdə olan çoxsaylı dastanlar bunu təsdiqləyir. O başqa məsələ ki, biz onları az çap edirik, lirikasını önə çəkirik, onun dövlət quruculuğu sahəsindəki fəaliyyətini qabartmırıq. Amma diqqət edin, onun 1500-cü ildə yaratdığı dövlət 2 əsr ərzində mövcud oldu. Elə bir dövlət aparatı qurulmalıydı ki, həm sadə, həm effektli olsun, həm ağır müharibələrdən çıxsın, həm də inkişaf etsin. Və bu, həmin aparatı yaradanın uğurudur, axı!».

«O, yerdə quyu qazar, qoçu gətirib buynuzlarınadək quyuya basdırardı. Özü ata minib qoça sarı çapar, ona yaxınlaşanda əyilər, qoçun buynuzlarından yapışıb onu quyudan çıxarar, 3 dəfə fırlayıb qabağa elə atardı ki, at ona çata bilməzdi. Ona görə də, ona qoçqapan deyərdilər...». (XVII əsr qaynağı)

I ŞAH İSMAYIL VƏ ŞAİR XƏTAİ? HANSI BİZƏ DAHA YAXINDIR?

Sonda Səbuhi bəy özü-özünə «Şah İsmayılın xatirəsinin əbədiləşdirilməsi, tarixi irsinin öyrənilməsi, onun üzləşdiyi tarixi olayların bizim tərəfimizdən qavranılması yönündə biz hər şeyimi etmişik» sualını da verdi və belə cavabladı: «Məncə, bu baxımdan «yox!» cavabı daha çox səslənəcək... Ən azından, bax bu vitrində bizim rəssamların Şah İsmayılı necə təsvir etməsinə diqqət yetirin. Çox az rəssam onu hökmdar kimi tanıdır. Onu döyüşdə, at belində təsvir edən rəssam ümumiyyətlə yoxdur... Sonrakı nəsillər -oğlu, nəvələri dövründə, onu ovda, at belində, döyüşdə təsvir edirdilər».

«XƏTAİLİYİNİ BİR QIRAĞA QOYAQ!»

Tarixçi-alim bunu təbii sayır: «Doğrudan da, bu təbiidir! 37 yaşında rəhmətə gedən bu adam nə qədər ağır yaralar alsa belə, imperiyasının bir ucundan, o biri ucunadək- hər yerə əliçatırdı və çox qıvraq həyat tərzi vardı. Onun möhtəşəm saraylarının, pal-paltarının olmaması da bundan irəli gəlirdi. Çox sadə həyat tərzi olan və at belində dolaşan bir şəxsiyyət idi Şah İsmayıl!Amma bizim rəssamlar, heykəltəraşlar onu şair kimi, gözəllərin əhatəsində, bir əlində badə və s. təsvir edirlər. Elə bir məqama çatmışıq ki, biz onun Xətailiyini bir qırağa qoymalı, ilk növbədə, onun şahlığını, hökmdarlığını, dövlət başçısı olmasını önə çəkməliyik».

Eksponat
Eksponat

KİMDİR GÜNAHKAR?

Səbuhi bəy aparıcının bu sualına belə cavab verdi: «Müxtəlif günahkarlar var. İlk növbədə, sovetlər dövründə olan ideoloji məqamlar rol oynayıb. Sovetlərdə qoyulan abidələrə diqqət etsək, görərik ki, ya inqilabçılar, ya mədəniyyət xadimləridir. Halbuki bizim orta əsrlərdə də, yeni tarixdə də sərkərdələrimiz olub. Onların nə heykəlləri qoyulur, nə xatirələri əbədiləşdirilirdi... İndi elə məqamdır ki, bu ideologiya dəyişdirilməlidir. Və biz Şah İsmayıl deyəndə, ilk növbədə, sərkərdə, daha sonra hökmdar və ən axırda, hobbi kimi şeir yazan bir şairi tanıtmalıyıq. Hər halda, mənim təsəvvürüm belədir!».

MÖHTƏŞƏM SƏRGİDƏ DAHA NƏLƏR VAR?

130-dan çox eksponatın toplandığı və bu il dekabrın 15-dək açıq olacaq sərgidə Şah İsmayılla bağlı daha nələr var?

«İZ»i burdan dinləsəniz, çox maraqlı faktlarla qarşılaşacaqsınız.

XS
SM
MD
LG