Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Azərbaycanla bağlı banka çağırış etdilər


Asiya İnkişaf Bankı.
Asiya İnkişaf Bankı.

-

Asiya İnkişaf Bankı: Yerli səslərə qulaq verin; Dağlıq Qarabağda son toqquşmalar İsrailin xarici siyasəti üçün əlverişli məqamda baş verməyib – 2 may Qərb mediasının icmalı.

«Azərbaycanda və Özbəkistanda iştirakçılılığı, hesabatlılığı dəstəkləyin». Bu çağırışla «Human Rights Watch» hüquq müdafiə təşkilatı, «Cotton Campaign» (Pambıq Kampaniyası) və «Urgewald» qrupu birlikdə çıxış ediblər. Onlar Aşıya İnkişaf Bankına müraciətlərində Bankı və səhmdar ölkələri çağırırlar ki, yoxsulluq içində yaşayanların baxışlarını nəzərə alsınlar.

«Bu, özəlliklə, Özbəkistan və Azərbaycan kimi repressiv ölkələrdə vacibdir», - bəyanatda deyilir.

Manilada mənzillənən Asiya İnkişaf Bankının İdarə Heyəti mayın 2-5-də Frankfurtda illik toplantı keçirir. Budəfəki iclasın mövzusu «Davamlılıq naminə Əməkdaşlıq»dır.

«Human Rights Watch»un Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir ki, «inkişaf naminə səylər yüksəkrütbəli hökumət rəsmiləri deyil, icmalar tərəfindən dəstəklənəndə və onlara xeyir verəndə, davamlı ola bilər. Özbəkistan və Azərbaycan kimi repressiv ölkələrdə Aşıya İnkişaf Bankı bu səylərin xalqa fayda verməsinə, repressiyanı gücləndirməməsinə daha çox çalışmalıdır».

Bəyanat müəllifləri bildirirlər ki, Azərbaycan və Özbəkistandakı repressiv mühit icmaların bank layihələrində iştirakını artırmağa əl vermir. Bu ölkələrdə əhali hökumətlərin Bankın qaydalarını pozmasından şikayətlənə də bilmir, təqibdən çəkinir.

Açıqlamada Özbəkistanın pambıq sənayesində məcburi əməkdən istifadə tənqid olunur. Azərbaycanla bağlı isə qeyd edilir ki, 1999-cu ildə bu banka qoşulandan Bakı müxtəlif sektorlara 2.3 milyard dollarlıq kredit və qrant alıb. Hökumətin son illər tənqidçilərinə qarşı repressiyanı gücləndirdiyi, onlarla fəalın siyasi motivlərlə həbsə atıldığı, müstəqil vətəndaş qruplarının bank hesablarının dondurulduğu vurğulanır. Martda bəzi fəalların buraxılmasına, bəzi QHT-lərin bank hesablarının açılmasına baxmayaraq, qanunvericilik məhdudiyyətləri qalmaqdadır.

«Asiya İnkişaf Bankı inkişaf layihələrində icmaların iştirakına, eləcə də şəffaflıq və hesabatlılığa daim önəm verib. Ancaq hökumətin müstəqil səsləri susdurduğu Azərbaycanda və Özbəkistanda bu prinsiplər işləyə bilməz. Gərək Bank bu problemləri anlasın və onların həlli naminə fəal iş aparsın».

Bəyanatda «Panama Sənədləri»nin prezident Əliyev ailəsinin gizli ofşor hesablarını aşkarlaması da yada salınır. Bir il öncə isə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın statusunu salıb, bunu fundamental azadlıqlara sayğısızlıqla əsaslandırıb.

«Asiya İnkişaf Bankı əhalinin sosial və iqtisadi ehtiyaclarını qarşılayan hökumətlərin dəstəklənməsində vacib rol oynaya bilər. Ancaq bundan ötrü əhalinin ehtiyaclarını dinləməli, onların həlli yollarını aramalıdır».

İsrail ordusu
İsrail ordusu

İSRAİL VƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

«İsrailin əlavə bir münaqişəyə müdaxiləsi ağılsızlıq kimi görünə bilər. «Haaretz» qəzeti bu günlərdə yazdı ki, Azərbaycanın hərbi təyyarəsi Dağlıq Qarabağda 4-günlük toqquşmalar zamanı iki dəfə İsrailə enib. Bu, çoxlarını təəccübləndirdi». Tabletmag.com saytında Armin Rosen yazır ki, bu, heç də İsrailin xarici siyasətdə diqqətsizliyi deyil, indiki məqamda hərəkət azadlığıdır. Hazırda regionda İsrailin xarici siyasəti daha üstün mövqedədir.

Müəllif Azərbaycanın İsrailin ən yaxın müsəlman müttəfiqlərindən olduğunu vurğulayır və qeyd edir ki, Dağlıq Qarabağda son toqquşmalar Təl-Əvivin xarici siyasəti üçün elə də əlverişli məqamda baş verməyib. Suriya münaqişəsində Rusiyayla İsrail, az qala, toqquşacaqdı, sonradan əldə etdikləri razılaşma əsasında İsrail «Hizbullah» hədəflərini vurur. Amma Dağlıq Qarabağ münaqişəsində tamamilə əks qütblərdə dayanırlar. Rusiyanın Ermənistanda hərbçiləri var. İsrail isə Azərbaycanı müasir silahlarla təmin edir. ATƏT Azərbaycan və Ermənistana silah satışına embarqonu saxlasa da, İsrail Azərbaycanla münasibətlərini bu embarqodan üstün sayır. «Haaretz» yazır ki, İsrail son 4 ildə Azərbaycana 5 milyard dollarlıq silah satıb.

Ancaq Dağlıq Qarabağ münaqişəsində Təl-Əviv yenə də ehtiyatlı davranır. Məsələn, Ermənistanı Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmağa çağırmayıb. Çünki bu halda özünün İordan çayının Qərb sahilini işğalına diqqət çəkmiş olardı. Axı İsrail də özünə aid olmayan torpaqlardan əsgərlərini çıxarmır. Yaxud Dağlıq Qarabağın statusunun həllini münaqişə tərəflərinə buraxır. «Haaretz» yazmasaydı, Azərbaycana hərbi yardım da gizli qalardı. Əks halda Rusiyanın müttəfiqi olan Ermənistanla diplomatik ziddiyyət yaranar.

Müəllifin fikrincə, İsrailin Dağlıq Qarabağ münaqişəsində tutduğu təhlükəli və ziddiyyətli mövqenin daha bir izahı var. Hazırda İsrail regionda indiyədək görünməmiş strateji mövqe qazanmaqdadır. İsrail qonşu ölkələrdə sabitsizlik yaratmış Suriya münaqişəsinin öhdəsindən məharətlə gəlib. Fələstin fraksiyaları zəiflədilib, parçalanmış durumdadır. İsrail Türkiyəylə də münasibətlərini normallaşdırır. Hətta Səudiyyə Ərəbistanı hazırda onun Qırmız Dənizə və Hind Okeanına çıxışını təmin edir.

«İsrailin strateji mövqeyinə təhlükələr yox deyil – İran və BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələri. Lakin indilik İsrail siyasi nəticələrindən asılı olmayaraq, Azərbaycan kimi ölkələrlə öz şərtləri əsasında münasibət yaratmaqdan ötrü yetərincə güclü mövqedədir».

XS
SM
MD
LG