Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:34

Stalin Sovet dövlətini kinoyla idarə edirdi


Sergei Eisenstein’in "Potyomkin zirehli gəmisi" filmindən görüntü
Sergei Eisenstein’in "Potyomkin zirehli gəmisi" filmindən görüntü

-

O, təkcə Sosialist realizminə deyil, əyləncəli caz komediyalarına da icazə vermişdi

“Mənə qulaq asmağa məcbur deyilsən. Bu, adi tamaşaçı rəyidir. Ya qəbul et. Ya etmə, get.” Əlbəttə, onlar həmişə qəbul edirdilər.

Stalin Kinokratiyası

SSRİ dağılandan sonra Kommunist Partiyasının və Stalinin şəxsi arxivləri açılanda Stalinin kinoya münasibətinə dair saysız-hesabsız materiallar ortaya çıxdı.

Politbüro, 1934
Politbüro, 1934

Qərb mediasında "Stalin üçün kino təkcə sevimli əyləncə deyil, eyni zamanda siyasi ilham qaynağı idi", "Stalin "Tarzan" filmini sevirdi" kimi bir çox yazılar yazıldı.

Onlardan biri, "Telegraph" qəzeti yazır ki, Stalin idarəetməsi həm də kinokratiya idi.

Stalin özünü kino-prodüser, rejissor, ssenarist, həmçinin filmə ad təklif edən, ideya və hekayələrə nəzarət edən, ssenari və mahnı mətnləri üzərində işləyən, rejissorlara və aktyorlara mühazirə oxuyan senzor kimi görürdü, buranı “yenidən çəkin”, buranı “montajlayın” deyir, nəhayət, filmləri baxışa buraxırdı.

Heç Hitlerin Üçüncü Reyxində mədəniyyət və maarif naziri Goebbels bu qədər rol icra etməmişdi, müasir terminlərlə desək, Stalin özünü Sam Goldwyn və Harvey Weinstein, Steven Spielberg və Martin Scorsese, Joe Eszterhas və Richard Curtis rollarında görürdü.

Stalin Kremlin Kino sarayında Beriya, Molotov və Jdanov ilə oturur və deyirdi:

"Yoldaş Bolshakov bu gün bizə nə göstərəcək?”

Kino naziri İvan Bolshakov Stalinin ovqatını tuturdu. Stalinin əhvalı pis olanda Bolshakov ona köhnə sevimli filmlərini göstərirdi, ya da bir xarici film.

Stalin ali senzor vəzifəsinə çox ciddi yanaşırdı. Lenin demişdi: “Bizim üçün kino bütün incəsənət növlərindən daha vacibdir” və Stalin bununla razı idi.

1930-cu illərin əvvəlində o, Sovet film sənayesinin bütün aspektlərini nəzərdən keçirdi və təkcə Sosialist Realizminə deyil, həm də əyləncəli caz komediyalarına icazə verdi.

Josef Stalin, Andrei Zhdanov, Stalinin uşaqları, 1930
Josef Stalin, Andrei Zhdanov, Stalinin uşaqları, 1930

Stalin Grigori Aleksandrov'un çəkdiyi ilk Sovet musiqili komediya filmi olan “Şən uşaqlar”-a (“Jolly Fellows”, 1934) baxandan sonra rejissora demişdi:

“Özümü əla hiss etdim, sanki bir ay istirahət etmişəm!”

Bundan sonra o, daha üç caz komediyası çəkdirdi, onların arasında öz sevimlisi “Volqa, Volqa” (1938) da vardı.

Stalin hər bir rejissora və filmə böyük diqqətlə yanaşırdı: arxivlərdə onun filmlər üçün seçdiyi başlıqlar, rejissorlarla keçirdiyi qısa görüşlər haqda sənədlər var. Məsələn, “Aerograd” (1935) kimi filmlər üçün nömrələnmiş qeydləri yazılmış kağızlar.

Özünün xarakter kimi göründüyü filmlərə isə daha artıq diqqət göstərirdii. Aron'un “Lenin” filmi 1918 (1939) üçün o, ssenarist Aleksey Kaplerə əməlli-başlı müəllimlik edibmiş, sonralar ona qızı Svetlananın ilk sevgilisi kimi nifrət etdi, Kapler həbs olundu.

Nasist Almaniyası ilə müharibə yaxınlaşanda Stalin iki kino komissarını güllələtdi və yeni film komissiyası toplayıb göstəriş verdi: filmlər yeni Milli-Bolşevik paradiqma ilə çəkilməlidir, onda Sergei Eisenstein rus qəhrəman haqda “Aleksander Nevsky” (1938) filmini çəkdi.

“Patyomkin zirehli gəmisi” (1925) filmindən sonra Stalin müavini Kaqanovichə deyibmiş: “Trotskiçidir, ondan da betərdir, amma çox istedadlıdır”.

Kaganovich istəyirdi ki, Eisenstein'i film çəkməkdən uzaqlaşdırsın və onu güllələtsin, çünki “Biz ona güvənə bilmərik, milyonları xərcləyəcək və Sosializm əleyhinə olduğu üçün pullar boşa gedəcək”, amma Molotov və Jdanov onu xilas etdilər, Stalin onlarla razılaşdı.

Sergei Prokofiev (solda) və Sergei Eisenstein, 1943
Sergei Prokofiev (solda) və Sergei Eisenstein, 1943

Müharibə vaxtı Stalin Eisenstein-ə blokbaster (iri büdcəli film – tərc.) çəkmək imkanı verdi verdi: ikihissəli “İvan Grozny” (1945 və 1958) filmində çar Stalinin özünü təmsil edirdi.

Stalin birinci hissəni bəyəndi, ikinci hissəni isə yox, Bolshakov ikinci hissənin yekun variantını ona göstərəndə Stalin dedi: “Bu, kino deyil, kabusdur!”

Ivan – Stalinin alter egosu olmalı idi, odur ki, Stalin Eisenstein'in bu ikinci hissəsi əleyhinə çıxanda demişdi: “Sənin Çarın qərarsızdır, o, Hamleti xatırladır, İvan isə böyük və müdrik idi”.

Həmin film nümayişində Stalinin sağ tərəfində oturan Jdanov demişdi: "İvan Grozny bu Eisenstein versiyasında isterik görünür”. Stalin əlavə etmişdi: “İvan arvadını həddən artıq çox öpür”.

Yeri gəlmişkən, Stalin qadın-kişi münasibətlərində də açıqlıq məsələsinə qarşı çox ciddi idi. İçində çılpaq rəqqasə olan film haqda demişdi: "Bordel saxlayırsan, Bolshakov?"

"Potyomkin zirehli gəmisi" filminin posteri, 1925
"Potyomkin zirehli gəmisi" filminin posteri, 1925

“Volga Volga” filminə baxandan sonra isə Stalin bütün öpüş səhnələrini Sovet filmlərindən yığışdırmaq haqda əmr vermişdi.

Diktatorial kino seminarında Stalin Eisenstein-ə demişdi: “İvan öz terrorunda çox qəddar idi. Onun qəddar olduğunu göstərə bilərsən, amma sən bunu əsaslandırmalısan ki, onun qəddar olmasının səbəbi anlaşılan olsun.”

Ivan'ın uzun saqqalı da Stalinin xoşuna gəlməmişdi. Eisenstein onu qısaldacağını və qəddarlığa bəraət gətirəcəyini demişdi.

Bir dəfə Stalin tipik kino gecələrinin birində Stalin rolu oyanaycaq aktyordan soruşub: “Stalin rolunu necə oynayacaqsan?” “Xalqın onu gördüyü kimi” – ağıllı aktyor cavab verib. “Yaxşı cavabdır” – Stalin deyib, ona bir şüşə içki hədiyyə edib.

Bəzən Stalin Jdanov ilə belə zarafat edərmiş: “Pis rejissordursa, ölüm fərmanını imzalayaq”.

Bir dəfə Stalin məzuniyyətdə olan Bolshakov ondan icazəsiz bir filmi nümayişə buraxır. Növbəti nümayişdə Stalin soruşur: “Kim icazə verdi bu filmi buraxdın?”

Bolshakov-un qanı donur: "Mən məsləhətləşdim və qərar verdim.” Stalin ona belə cavab verir: “Sən qərar verdin və məsləhətləşdin”. Bolshakov sükut içində otağı tərk edəndə Stalin arxadan səslənib: “Düzgün qərar vermisən”.

Bolshakov qorxmaqda haqlı idi: kino nümayişlərində ölüm-dirim söhbəti gedirdi.

***

Müharibədən sonra Stalin Goebbels'in film kitabxanasına daxil oldu, o, Chaplin filmləri, “In Old Chicago” (1937), “It Happened One Night” (1934) kimi filmləri sevdi. Arxivlər arasında Stalinin “Tarzan” (1932) filmini öz fonduna daxil etməyi tələb edən bir kağız da tapılıb.

Stalinin sevimli filmləri arasında “Spencer Tracy” və “Clark Gable” kimi macəra filmləri də vardı. Stalin özünü tənha, Məsihvari eqosentrik bir qəhrəman kimi şəhərə girən silahlı, əldaləti bərpa etmək istəyən tənha kovboyla assossasiya edirdi. Odur ki, John Ford'un filmlərini bəyənmişdi.

Khrushchev xatırlayırdı ki, Stalin kovboy filmlərini ideoloji cəhətdən tənqid edir, amma o filmlərdən sifariş edir, yenə baxmaq istəyirdi.

Winston Churchill Moskvada, 1942
Winston Churchill Moskvada, 1942

Müharibə vaxtı Stalin filmlərən diplomatik üsul kimi də istifadə etməyə başladı. Moskvaya ilk səfərində o, Churchill'i “Moskvadan əvvəl Alman marşrutu” (1942) filminə baxmağa dəvət etmişdi.

Stalin böyük film düşkünü idi, o, filmə baxmağı da film qədər vacib mərasimə çevirmişdi, sağ tərəfində oturan adam, arxa cərgədə oturan adam, sol tərəfində oturan adam - bunlara xüsusi əhəmiyyət verir, çox vaxt filmə baxanda o filmdə oynamış bir aktyoru da zalda əyləşdirirdi.

Təsadüfi deyil ki, ölümündən bir gün əvvəl də o, filmə baxmışdı.

Bütün bunların fonunda bir maraqlı fakt da var. Stalin film sahəsinə bütün bu göstərişlərini müdaxilə deyil, “məsləhət” adlandırmağı xoşlayırmış. O, rejissorlara göstəriş verəndə deyirmiş:

“Mənə qulaq asmağa məcbur deyilsən. Bu, adi tamaşaçı rəyidir. Ya qəbul et. Ya etmə, get.” Əlbəttə, onlar həmişə qəbul edirdilər.

"Telegraph"a əsasən OxuZalı

XS
SM
MD
LG