Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm, qadası?


Alpay Azər
Alpay Azər

-

"Mənim vəzifəm nədi, ailəmin təminatını tam ödəmək, yeməyini-içməyini vaxtında vermək. Yay-qış, payız paltarlarını almaq, külfəti ildə bir dəfə xaricə gəzməyə aparmaq. Düz demirəm?"

"Nənəyə elə bil azvoltlu cərəyan vurdular..."

Alpay Azər

“Fraqmentlər” silsiləsindən 3 hekayə

VIRTUAL VƏ REAL KARL BİLDT

- Uy daa, bax, o Karl Bildti, – televizorda İsveçin keçmiş baş və xarici işlər nazirini göstərib arvadıma dedim.

O dəqiqə də yadıma düşdü ki, srağagün işdə bu adamın Putinin köməkçisi Surkovla görüşündən sonra öz tviterində yazdığı statusu oxumuşdum: “Moskvadakı müzakirələrdən sonra əmin oldum ki, Minsk prosesinin uğurla sona çatması çətin ki, yaxın zamanlarda baş tutsun”.

- Aa, – arvadım təəccübləndi.

Rusiyanın ORT kanalında gedən reportajda Karl Bildt skeytlə səkilərin üstüylə gah otura-otura, gah da qalxıb ayaqüstə inanılmaz sürətlə Moskvanın küçələriylə şütüyürdü, pilləkənlərin üstüylə ustalıqla aşağı enirdi, amma elə bilirdim, bu dəqiqə yıxılacaq, az qalırdı ürəyim düşsün. Nəhayət, arvadıma dedim:

- Bilirəm, bu, onlarda adi şeydi, amma belə təsəvvür eləmirdim.

- Elə mən də.

- İndi belə çıxır ki, bu oğraş Surkovla görüşdən sonra aeroporta maşınla yox, skeytlə gedib?

Arvadım dinmədi və avropalı siyasətçinin sərbəstliyi məni cuşa gətirdi, nəydisə, qəfil masanın üstündəki ütünü götürüb televizora tərəf tulazladım, ekranın şüşəsinin çilik-çilik oldu və arvadım qışqırdı. Qışqırıq səsinə yuxudan oyandım.

- Nə gördün yuxuda? – yerində dirsəklənən arvadım tez soruşdu.

- Heeç, Karl Bildt məni əsəbiləşdirdi.

- O kimdi?

- İsveçin keçmiş baş naziri. Son illərə qədər xarici işlər naziri olub.

Arvadım bu adamı tanımadı, yuxu mövzusu da ona maraqlı gəlmədi deyə, başqa sual vermədən başını balınca atıb yuxuya getdi.

Carl Bildt
Carl Bildt

Yuxum qaçmışdı, telefonumdan Ukraynanın censor.net.ua saytına girdim. Əvvəlcə ATO-nun (Antiterroristiçeskie Operasii) itkilərlə bağlı xəbərini oxudum. “Bu gün cəbhə bölgəsində Ukrayna əsgərlərindən ölən və yaralanan olmamışdır”. Altından şərh yazanların əksəriyyəti Allaha şükür edirdi, bir neçəsi öz prezidentləri Poroşenkonu hərbi əməliyyatlara çağırıb işğal olunmuş torpaqları azad etməyə çağırırdı.

Atəşkəsdən sonra adətən, hər gün dörd-beş yaralı, iki-üç gündən bir üç-beş Ukrayna əsgəri döyüşdə həyatını itirirdi. Bir əsgər belə öləndə, xəbər başlığı qaranlıq otaqda yanan şamların fonunda verilirdi, şərh yazanlar ölənlərə rəhmət, yaralılara şəfa diləyirdi, ruslara isə ölüm arzulayırdı.

Başqa bir xəbərdə son iki gündə Rusiyadan işğal etdikləri Donetsk və Luqansk vilayətlərinə beş tank, iki piyada döyüş maşını, silah-sursat və yanacaq daşıyan əlliyə yaxın maşının daxil olduğu yazılmışdı. Altdan şərh yazanlar bu dəfə Ukrayna prezidentini “Onu ancaq şokolad zavodları maraqlandırır, vətən yox?”, “Niyə Poroşenko onları bombalamağa əmr vermir?” kimi cümlələrlə yıxıb-sürüyürdü.

Lap axırda ukraynalı bir politoloqun Karl Bildtin Moskva səfəriylə bağlı məqaləsini oxumağa başladım. Yazırdı ki, təcrübəli diplomat olmuş bu adam indi dövlət vəzifəsi tutmasa da, Avropa ölkələrində, elə Rusiyanın özündə də müəyyən nüfuzu var. Politoloq isveçli siyasətçinin gazeta.ru saytına verdiyi müsahibədə Ukrayna hökumətini Donetsk və Luqanskda seçkilər keçirməyə lazımi şərait yaratmadığına görə tənqid etməsini onun Rusiyada bir neçə şirkətin müşahidəçilər şurasında təmsil olunmasına, tvitterdə Rusiyanı tənqid etməsini isə balans siyasətinə bağlayırdı, yəni, təcrübəli diplomat Rusiyanı sanksiyalarla sıxan Qərbə bir növ mesaj ötürürdü: baxın, mən heç də Rusiyapərəst deyiləm, nə olsun ki, onların şirkətlərinə lobbiçilik edib pul qazanıram. Məqalənin altında ukraynalılar mədənisifət, gözlüklü diplomata “fahişə”, “ikiüzlü”, “əski” kimi sözlər döşəyirdi.

Bunları oxuyandan sonra fikirləşdim, görən, Karl Bildti daha çox Rusiyada lobbiçilik elədiyi şirkətlərdən aldığı supermaaş maraqlandırır, yoxsa Ukraynanın milli maraqları?

“Ukraynanın milli maraqları” sözləri məndə ironik təbəssüm yaratdı. Az əvvəl gördüyüm yuxu yadıma düşdü. “Belə götürəndə bu adam liberal demokratiyanın tüğyan elədiyi İsveçdəndir. Lap vəzifəsi olsa belə, kefi istəsəydi, Surkovla görüşəndən sonra qaldığı oteldə idman paltarı geyinib Moskvada adam az olan bir parkda skeyt sürməzdi ki? Skeytlə yoxuşu sürətlə enəndə, ekstaz vəziyyətində balanslı mövqe tutmaq məsələsi bir yana, nə Rusiyanın, nə Ukraynanın maraqları onun yadına düşərdi”.

Heç bir dövlətin işinə qarışmayan neytral ölkənin vətəndaşı Karl Bildtlə böyük dövlətlərin arasında seçim etməyə çətinlik çəkən, ora-bura vurnuxan dovşanı xatırladan Azərbaycan vətəndaşı olan mən arasında qəribə bir yaxınlıq hiss etdim. Yenə bu diplomatın geosiyasi iç dünyasına baş vurdum: o, sonda nəyi seçərdi: “Qazprom”un qazını Avropaya çatdırmaq işinə görə yaxşı pul alan Almaniyanın keçmiş kansleri Şreder kimi Rusiyanı, yoxsa Putindən gözləmədiyi təcavüzdən özünü itirmiş, zəifləmiş Ukraynanı?

Nə o, nə də mən döyüşlərdə yaralanan ukraynalı əsgərlərin ağrılarını hiss edirdik, mən hələ də yumşaq döşəkdə uzanıb tavana baxa-baxa bunları fikirləşirdim. O isə bir gün əvvəl Moskvadan Kiyevə Ukrayna rəhbərliyi ilə Minsk prosesini, islahatlar məsələsini müzakirə etməkçün uçmuşdu.

Şənbə günüydü, bəlkə də bir azdan Karl Bildt Kiyevdən öz ölkəsinə uçmaq üçün təyyarəyə minəcəkdi, yumşaq kresloya oturandan sonra qalstukunu boşaldacaqdı, dəri qovluğunu açıb A4 kağızında etdiyi qeydlərə baxacaqdı.

Yəqin lap başda “Şərtlər” sözü olardı, sonra “Rusiya: 1. Donbasa xüsusi status verilir. 2. Sonra ordu çıxır. 3. Ukrayna Natoya üzvlükdən imtina edir. Ukrayna: 1. Rus ordusu Donbasdan çıxır. 2. Ukrayna Donbasa xüsusi status verir. 3. Ukraynayönümlü partiyalar seçkilərdə iştirak edir. 4. Natoya üzvlükdə kompromis mümkündü. Lap aşağıda “Avropa İttifaqı”, onun altında öz ölkəsinin adı “İsveç”, qabağında isə iki sual işarəsi yazılmış olardı. Qələmlə əvvəlcə sual işarələrini, bir qədər tərəddüddən sonra gülümsəyib “İsveç” sözünü də (“Nə etsək, Avropa İttifaqının tərkibində edə bilərik”) siləcəkdi. Az sonra buludlara çatmamış pəncərədən Ukraynanın yaşıl mənzərəsinə baxacaqdı, təyyarə buludlardan yuxarı qalxanda yuxuya gedəcəkdi. Yuxuda, ya da ola bilsin, bazar günü elə real həyatda yaşadığı şəhərdə skeyt sürəcəkdi, yenə ekstaz vəziyyətində geosiyasi düşüncələrdən uzaq olacaqdı.

Tviterində isə yaşıl parkda skeyt sürərkən, yaxınlarından birinin çəkdiyi şəkli qoyub altından bunları yazacaqdı: “Gərgin Moskva və Kiyev səfərlərindən sonra doğma şəhərimdəyəm”.

19 mart – 9 aprel, 2016

Bakı

PAXIL NƏNƏ

(Elnaz Eyvaza)

İkinci Dünya Müharibəsində ərini itirmiş, üç uşağını kolxozda işləyə-işləyə böyütmüş Sənəm nənənin qulağına çatanda ki, ortancıl oğlunun dul qızı Hicran bir oğlu ola-ola ərə getməyə hazırlaşır, cin vurdu təpəsinə.

Hicranın əri Qarabağ müharibəsində şəhid olmuşdu. Bağçada müəllimə işləyə-işləyə oğlunu ikinci sinfə qədər tək böyütmüşdü, indi onu sevən bir oğlan meydana çıxmışdı, otuz üç yaşına çatmış dul gəlinin ərə getmək istəyi təbii idi.

Nənə bəd xəbəri eşidəndə, əvvəlcə gəlinini danladı:

- Ay gəlin, axı nə məcburdu Hiciş ərə getsin. Uşağı böyüyür, öz də oğlan uşağı, gözünü açıb yumassan, bir də görəssən nəvən məktəbi qurtarır. Böyüyüb hər şeyi başa düşəndə, qızın necə onun üzünə baxacaq? Heç olmasa, oğlundan utansın, dədə-ana vecinə almırsa. Hər şey bir yana, qızın şəhid arvadıdı e.

- Ay Sənəm xala, indi başqa zamanadı, sən deyən şeylər...

- Sən deyən, mən deyən şeylər yoxdu, ay qız. Üç uşağı müharibənin o ağır illərində təkbaşına böyütmüşəm. Heç ağlımın ucundan keçmiyib, ərim öləndən sonra kənddə hansısa dul kişiyə ərə gedəm.

İllüstrasiya
İllüstrasiya

Gəlinsə qayıdıb deyəmmədi ki, birincisi, o vaxt kişilərin çoxu müharibədəydi. İkincisi, müharibədən sağ qayıdanlardan, ya kənddə qalanlardan kimiydi üç uşağı olan dul arvad alsın. Qaynanasından qorxan gəlin başqa şey dedi:

- Vallah, nə deyim, ay Sənəm xala. Oğlun əleyhinə deyil, gələcək kürəkənindən də razıdır, – dalınca güldü.

- Hələ bir gülürsən də. Vallah, heç birinizdə abır-həya qalmayıb.

Söz-söhbət gedib yaxın qohumların qulağına çatdı, nənənin xasiyyətinə bələd olan qardaşıqızı guya dəqiqləşdirmək üçün soruşanda ki, ay Sənəm xala, o düzdü, Hiciş subay oğlana ərə gedir, nənənin təpəsindən tüstü çıxsa da, sakit tonda, guya bundan xəbəri varıymış kimi dedi: “Nə bilim, a bala, heylə deyirlər”. Hicranı sevən oğlansa doğrudan subay idi.

Sənəm bu dəfə oğlunu qabağına qoyub tənbeh etməyə başladı:

- O gün arvadına da dedim, mənə başladı gələcək kürəkənindən danışmağa. Ay oğul, o gündən öz-özümə fikirləşirəm, gör hansı zamanaya gəlib çıxmışıq. Qızını hələ ərə verməmiş anasının dilindən kürəkən sözü dilindən düşmür. Axı sən nətəər razı olursan, qızın oğul anası ola-ola ərə gedir? Üstəlik, o övlad ki, bu gün-sabah hər şeyi başa düşəcək.

- Ay ana, neynəməliyəm mən? Yekə qızdı, ərə gedir də, müğənnilik, artislik eləmir ki?

- Hə, bircə artistimiz çatmırdı, bəxtəvər başıma.

- İndi sözünün canı nədi? Nəvənə deyim ki, nənən deyir, oğlun var, özün də bu gün-sabah qojalassan, ərə getmə?

- Bə əlbəttə elə deməlisən, öz adından deməlisən e, mənim adımdan yox. Sən qızın atasısan. Əri sağ olanda, ona yiyəliyi o eliyirdi, indi iş elə gətirdi, ər müharibədə şəhid oldu. Bundan sonra zəhmət çəkib, sən qızına bir ata kimi əmr eləməlisən.

- Nənəsisən də, özün görəndə deyərsən sözünü, gör kar eləyəcək? – oğlu qımışdı.

- Gəlmir axı yanıma ki, sözümü deyəm. Qorxusundan gəlmir, bilir ki, gəlsə, dişimin dibindən çıxanı deyəcəm. Gəlməsə, özüm qılçalarım qırıla-qırıla gedəjəm mikrorayona, – dizlərində duz olan nənə Əhmədlidə tək qalırdı. – Yaxşı, sən maa de görüm, o düz söhbətdi ki, ərə getdiyi gədə subaydı?

- Onu kim çatdırdı sənə iki daşın arasın arasında? – az öncə qımışan kişi qəfil ciddi sifət aldı.

- Sən suala cavab ver.

- Hə, düzdü, subaydı oğlan. Nədi ki?

- Bə nə yaxşı, gədənin ata-anası razı olur heylə şeyə?– nənə gözlərini qıydı.

- Sən onlara görə narahat olma, ay ana, onlar müasir ailədi, belə şeyə pis baxmırlar.

- Pah, nə oldu elə hamınız müasir olduz, bircə mən geridə qaldım. Ömründə inanmaram ki, oğlangil tərəf belə şeyə razı ola. Yəqin oğlan öz ata-anasından sənin qızının dul olmağını gizlədir. Razıdılar, ay inandım ha. Sən razı olarsan, subay oğlun uşaxlı arvad ala?

- Eee.

- Həə, görürsən, düz söz adama necə təsir eliyir.

Nəvənin ərə getməsinə bir neçə gün qalmış Hicranın itoynadan kiçik qardaşı evdə gedən söhbətlərdən bildi ki, Sənəm nənəsi bu işdən yaman narazıdır, onu lap özündən çıxarmaq üçün bəzi şeyləri uydurmaq eşqinə düşdü, axşamüstü gəldi yanına. Ordan-burdan söhbət elədilər və birdən nənə başladı, nə başladı:

- ...A bala, sən də o qotur kənddən çıxmış müasir anan kimi, ya üç yaşından yetim qalmış dədən kimi fikirləşirsən?

- Necə, ay nənə? Nəyi qotur kimi fikirləşirəm? – nəvə özünü bilməməzliyə vurdu, əslində, nənəsinin hikkəsinin səbəbini bilirdi.

- Bax, düz dedin, qotursuz hamınız. Sən nətəər qardaşsan ki, yeznən Qarabağda şəhid olub, bacın əlində uşaq ərə gedir?

- Ərə gedir də, nənə. İkincisi də, sənə bir şeyi deyim, – nəhayət, nənəni lap özündən çıxaran yalanı dedi: – Bacım o oğlana ərə gedəndən sonra onlar köçəcəklər bacımın indi qaldığı evə.

- Nə?! Nə danışırsan, ay gədə? – Nənəni elə bil ilan vurdu. – O ev bacının evi deyil e, şəhid olmuş yeznənin evidi, başa düşdün? Anan sənin dalını yuyanda, sənin yeznən Qarabağda vuruşurdu e, başa düşdün?

- Ay nənə, xahiş edirəm, müharibəni bura qatma. Hər halda, o evdə indi bacım qalır öz doğmaca uşağıynan.

- Pah, bacın qalır uşağıynan. Bəs yaxşı, şəhid ərinin qohumları eşitsələr ki, ora bacın yad kişi gətirir...

- Yad kişi yox, doğmaca ərini.

- Onlarçün yaddı. Üstəlik, o ev əslində Tapdığa, nəvələrinə aiddir, Hicişə yox. İnandırım səni, onlar bilə ki, bacının lap sən deyən kimi, ərini ora gətirir, evi əllərindən alarlar, lap buna haqları da çatar, – nənənin qəzəbdən gözləri parıldadı.

- Yox bir, od vurarlar.

- Lap od da vurarlar!

- Xeyr, heç nə edəmməzlər, o evə bacımın haqqı çatır. Elə məhz uşağı olduğuna görə, bacımın o evə tam haqqı çatır.

- Bacın uşaq fikirləşirdisə, gərək ərə getməyəydi. Deyirəm axı, niyə subay oğlan dul gəlin alır. Evə görə. Bunun o tərəfi-bu tərəfi yoxdu tay, hər şey aydındı mənə.

- Qəribə adamsan, ay nənə. İndi deyirsən, ömrünün axırına qədər ərsiz qalmalıdı bacım?

- Otursun uşağına baxsın. Mən necə oturub üç uşağı ərsiz böyütmüşəm. Üç e, bir yox. Üstəlik, o aclıq illərində. İşdiyir də bacın, yaxşı da maaş alır, hərdən valideynlər də hörmət eliyir. Çox elə vacibdi ərə getsin?

- Ee deyirsən də. Gəl açıq danışaq,ay nənə. Axı o vaxt üç uşaqnan kimiydi səni kənddə alan? Kəndin kişilərinin yarısı müharibədə qırılmışdı, yarısı da...

- Ay küçük, o gün anan deməsə də, gözündən oxudum, elə bildi başa düşmədim. Sən, ya o müasir anan hardan bilirsiz, məni o vaxt istəyən olub, ya olmayıb? Sən onda bu həyatda varıydın ki, biləsən məni o vaxt istəyən olub, ya yox?

- Ee, ay nənə gecdi gec. Artıq restoranda toy günü də təyin olunub.

- Nə? Toy? Hələ toy da eliyirsiz? Nə arsız adamlarsız.

- Toy da olmasa, necə deyərlər, xudmani məclis. Mən də, zakaz verəcəm “Sənəm nənəm” mahnısını qoysunlar, – deyib, nəvə ortalığa düşdü, çırtıq çala-çala oxuyub oynamağa başladı: – Nənəm, nənəm, nənəm. Ay mənim göycək nənəm. Nənəm oy, nənəm oy, nənəm oy...

- Ə kiri, biqeyrət nəvə, hələ utanmaz-utanmaz təlxək kimi ortaya düşüb oynuyur da.

- Nədi, ay nənə? Nə olub sənə? Nə aləmi qatmısan bir-birinə? Bacım ərə gedir də. Deyirsən, o vaxt həyatda yoxuydum, bilmirəm, səni istəyən varıydı, ya yox. Gedəydin də ərə. İndi deyəssən ki, üç uşaq böyütmüsən, – ağzını əydi.

- Ağzını əymə ə, küçük balası.

- Nəyi səhv deyirəm? Birincisi, cavan gəliniydin, gərək ərə gedəydin. Amma yenə deyirəm, belə götürəndə, kimiydi səni üç uşaxnan alan, – göz vurdu nənəsinə. – İndi də bir uşağı olan nəvənin ərə getməyini gözün götürmür. Deməli, hansı mahnını oxuyub oynamaq lazımdı? – yenə ortaya düşüb çırtıq çala-çala oxuyub oynamağa başladı:

Nənəm, nənəm, nənəm,

Ay mənim paxıl nənəm.

Nənəm oy, nənəm oy, nənəm oy,

Ay mənim paxıl nənəm.

Sonra yaxınlaşıb “Ay Allah, gör hansı zamanaya gəlib çıxdıq” deyən, ona kül edən nənəsinin o üzündən-bu üzündən öpməyə başladı.

Axırda söz-söhbət gedib səbəbkarın - Hicranın qulağına çatdı. Söhbət açılanda, anasına belə demişdi:

- Belə iki gözüm aydın. Mən öz həyatımı yaşayıram, nənəmin yox. Özü cavanlığında əziyyət çəkib ərsizlikdən, elə bilir hamı bunun kimi ömrünün axırına qədər kişisiz, ailəsiz qalmalıdı.

- Elə demə, nəfsi ağırdı arvadın, sonra bir əmması çıxar, – anası narahat olmuşdu.

- Ha-ha-ha, dur onda duz hərlə başıma. Nəfsi ağırdı, arıqlasın, nəfsi yüngülləşsin.

Nənə nəvəsinin evlilik günü yaxınlaşdıqca tez-tez yerində qurcuxurdu, fısıldayırdı. “Buna bax, gör heç gəlib nənəsinnən halallıq alır? Utanmaz. Hər yay kəndə gələndə tək sənə çamış qatığının qaymağını verirdim, ay naşükür. İndi eşq vurub beyninə, məni yadından çıxardıb”. Bir tərəfdən də ata-anası qızlarını danlayırdı: fikir vermə, yaxşı olar ki, bir şey alıb yanına gedəsən, uşaq vaxtı sənə kənddə çox baxıb, lap danlasa da fikir vermə, o başqa zamananın adamıdı. Əslində təşvişə düşmüşdülər, qoca nənənin qaramatlığı işləri korlaya bilərdi. Axırda qızlarına təpinmişdilər: “Allah eləməmiş, bu iş alınmasa, bil ki, günah həm də səndə olacaq”.

Nəhayət, Hicran xeyir işdən bir ay əvvəl nənəsinin qara nəsfsindən qorxduğu üçün yollandı nənəsigilə. Hər şey qurduğu plana uyğun getməliydi, – marketdən tort, iki-üç limon aldı, içəri girən kimi nənəsinin üzündən, bu üzündən öpdü: “Nənəcan, sənə xoşuna gələn Abşeron tortu almışam. Limon da almışam, təzyiqinə görə”. İlk hədəfi vura bildi, neçə həftədi nəvəsinə qəzəbli olan Sənəm eləcə “Həə, sağ ol. Nə əziyyət çəkirdin?” dilucu dilləndi. “Əziyyət niyə olur, ay nənə,” – nəvə tez tortu götürüb özünü verdi mətbəxə, çaydanı suyla doldurub, qazın üstünə qoydu. Tortdan kəsib nəlbəkiyə qoydu və otağa qayıtdı. Nənəsinin yanında oturdu, elə bir vəziyyət yarandı ki, nənə artıq sıxılmağa başladı. İçəri girəndən “nənəcan”, şirin sözlər, xoşladığı Abşeron tortu, limon Sənəmin əl-qolu bağlamışdı. Başa düşdü ki, əsas məsələni özü deyəmməyəcək, səbrlə gözləməyə məcbur oldu, onsuz da hər ikisinə Hicranın gəlişinin səbəbi gün kimi aydın idi.

- Hə, nənə, de görüm, necəsən? Təzyiqin necədi?

- Təzyiqdi də, a bala. Zəhrimar gah düşür, gah da qalxır, məni də əldən salır.

- Belin necə, ağrıyır yenə?

- Hə, dünən ağrıyırdı, özün də dünən gördün, yaman yağış yağırdı.

Nəvə bilirdi ki, yağış yağanda nənənin beli bərk ağrıyır, elə qəsdən o sualı vermişdi. Cavabı eşidən kimi tez ayağa durub nənəsinin belini ovxalamağa başladı, halbuki ağrı səhərdən kəsilmişdi, amma heç nə demədi Sənəm, elə bil dili tutulmuşdu.

Hicran bilirdi ki, nənənin “Aşka memnun” türk serialından xoşu gəlir, özü də gəlmə vaxtını qəsdən 16:45-ə yaxın salmışdı. Televizorun pultunu götürüb lazım olan kanalı tapdı. “Həə nənə, bizim kinonun başlamasına az qaldı”. Bu vaxt mətbəxdə çaydan fit çalmağa başladı, Hicran tez yerindən durdu.

On dəqiqə sonra sinidə çayları, dilimlənmiş limonları gətirdi. Nənəsinin qabağına çay, tort qoydu. “Limon atım?” – “At”. Atdı və bir yerdə çay içə-içə filmə baxmağa başladılar. Gözləri ekranda olsa da, heç birinin fikri kinoda deyildi. “Mən açım söhbəti?” – hər ikisi bu sualı çözməyə çalışırdı. Nəhayət, ilk uzun reklam dəqiqələrində nəvə cəsarətləndi:

- Ay nənə, yəqin eşitmiş olarsan, mən bugünlərdə ailə quracam inşallah.

Nənəyə elə bil azvoltlu cərəyan vurdular, oturduğu yerdə diksindi:

- Hə, ay bala, eşitmişəm.

Nənə susdu, elə o andaca başa düşdü ki, “İnşallah” deməməyi bir yana, susmağıyla nəvəsi elə bilər ki, o, bu işə sevinmir. “Guya sevinirəm ki?” Ona görə tez suallara keçdi:

- Kimdi? Nəçidi? Haralıdı?

- İnjinerdi, mənnən iki yaş böyükdü, Bakıda doğulub, əsilləri Zaqataladandı. Arvadı iki il əvvəl rəhmətə gedib.

- Rəhmətə gedib? – Sənəmin gözləri kəlləsinə çıxdı.

- Hə də. Bilmirdin ki? Üç il əvvəl rəhmətə gedib, həkim ürəyini aperasiya eliyəndə elə stolun üstündə keçinib...

Xülasə, cavabların hamısı düz idi, bircə təzə kürəkənin dul olması məsələsindən başqa. Hicrana inanan nənənin kefi açıldı, nə açıldı, günlərdi içindəki hikkə, qəzəb bir anın içində yox oldu, təzə kürəkənin “dul olması” xəbəri onu əməlli-başlı sevindirdi. “Deyirəm axı, küçük məni dolayırmış,” – itoynadan oğlan nəvəsinin onunla məzələndiyinə əmin oldu. Bu dəfə sevincini gizlətməyə çalışdı, birdən nəvəsi onun məhz dul kişiyə ərə getməsinə görə sevindiyini hiss edə bilərdi, hisslərini başqa cür çatdırdı:

- Vallah, bütün nənələr kimi mən də sənin xoşbax olmağını istəyirəm. Hansı nənə öz nəvəsinin xoşbaxlığını istəməz ki? Təzə kürəkənin də ayağı yüngül olsun. Allah ona can sağlığı versin. Uşağı var?

- Bir oğlu var. Xalası saxlayır, – məcbur oldu bunu da uydurdu.

- Həə? Qoy onda hələ bir müddət xalasıgildə qalsın, sonra özünüz baxarsız. Məsləhət olar, gətirərsiz yanınıza. Lap yaxşı, elə sənin oğluna qardaş olar. Yaxşı, oğlanın evi-zadı var?

- Hə, ay nənə, neft şirkətində işləyir, səncə evi olmaya bilər. Evi də var, hələ Novxanı da bağı da var, – bu da düz idi.

O biri reklam dəqiqəsində nəvə əlində boş stəkanlar çayları təzələmək üçün mətbəxə keçəndə, nənə yenə fikirləşdi ki, belə baxanda, bunun dul kişiyə ərə getməsi, üstəlik, kişinin də bir oğlu olması yaxşı xəbər oldu, bu cür evlilikdən yəqin oğlan tərəfi də narazı qalmaz.

Bircə oğlanın öz evi, bağı olması xəbərindən ikili hisslər keçirdi nənə, – bir tərəfdən, paxıllığı tutdu nəvəsinə, o biri tərəfdənsə fikirləşdi ki, hər halda, ərin şəhid arvadının evində yaşamağındansa, belə daha yaxşıdı.

3 yanvar – 7 aprel, 2016

Bakı

MƏNTİQLİ ÖLÜM ARZULAYAN

Tanışım iş adamıdı, bir oğlu, bir qızı var. Arvadı necə deyərlər, nümunəvi evdar qadındır.

Uşaqların ikisi də Çağ Öyrətimin litseyində oxuyur, ikisinə ildə on altı min manat pul ödəyir tanışım. Uşaqlar əla oxuyur deyə, ataları təhsil haqqını “ürəklə verir,” – özü bunu deyir mənə. Səkkizdə oxuyan oğlunun fizika-riyaziyyat üzrə xüsusi istedadı var, bu yaxınlarda şəhər olimpiadasında birinci yer tutub, adlayıb respublika mərhələsinə.

London
London

- Ay qardaş, respublikada ikinci yox e, lap üçüncü yer tutsun, nə istəsə, ona alacam. Qoy məktəbi qurtarsın, onu Londonda oxutduracam. Lazım olsa, bağımı da, maşınımı da satacam, təki orda oxusun. Nə bilmək olar, bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm, qadası?

- Əlbəttə, düz deyirsən, – başımı tərpədirəm.

Oğlunun Nobel almasını elə ürəkdən arzulayır, həm uşağın özünə görə, həm atasına, həm də elə ölkəmizə görə tanışımın arzusunun gələcəkdə gercəkləşməsini mən də ürəkdən istəyirəm.

- Mənim vəzifəm nədi, ailəmin təminatını tam ödəmək, yeməyini-içməyini vaxtında vermək. Yay-qış, payız paltarlarını almaq, külfəti ildə bir dəfə xaricə gəzməyə aparmaq. Düz demirəm?

- Düzdü, düzdü, – başımı tərpədirəm. İndiyə qədər ailəsini Türkiyə, Misir, Çexiyaya aparıb gəzdirib, avqust ayında isə mütləq Şamaxıdakı villalarında dincəlirlər.

- Yadında saxla, soyuducu ki boş oldu, arvada ki vaxtında istədiyi paltarı almadın, sənin üzün arvadın da yanında qara olacaq, uşaqların da. Başını ağrıtmaq olmasın, mən hələ təzə ailə quranda, elə olurdu, evə iki kilo kartof almağa pulum olmurdu. Amma yavaş-yavaş biznesə girişdim, bir gün bir toçka, o biri gün bir mağaza, arada əlim yandı. Sonra yenə əlimə pul gəldi, yaxşı pul qazanmağa başladım. Onda iki əlimi göyə açıb dedim, – əllərini göyə açır, – Allah sənə şükür ki, mənə ruzi göndərdin, həyatda məni bu mərtəbəyə çatdırdın.

“Bu mərtəbə,” – bir vaxtlar xırda bizneslə məşğul olan tanışım hal-hazırda İspaniyadan Azərbaycana topdansatış mebel vurur.

- Şükür ki, arvadımdan da razıyam, uşaqlarımdan da. Mən təzə evlənəndə, Allahdan üç şey istədim. Ailəmin namusu, ruzisi, bir də uşaqların sağlamlığı. Və çox şükürlər olsun ki, indiyə qədər bu üç arzum həyata keçir.

Onu deyim ki, həyat yoldaşı doğrudan, namuslu qadındır, özü qıraqda gəzsə də, arvadını çox istəyir, diqqətcildir ona qarşı, amma özünün dediyinə görə, uşaqları lap çox istəyir. Hətta bir dəfə bu cür də demişdi mənə: “Sabah arvadı boşasam, gedib təzəsini alaram, amma uşaqlarımı kimsə əvəz edə bilməz”. Düzü, mən də qayıdıb deməmişdim ki, sən sabah təzəsini alsan, ondan da uşağın ola bilər. Birincisi, mövzunu uzatmaq istəməmişdim, ikincisi, bilirdim ki, bunu desəm, “İki uşaq bəsimdi,” – deyəcək.

- ...Əzizim, yəni həyatda hər şey öz nizamıyla, öz məntiqiylə getməlidir, – ənənəsinə uyğun, -malı, -məli feilli cümlələrlə əsas məsələyə keçir. –Yəni ata-ana öz övladlarını böyüdüb başa çatdırandan, oxudandan, nəvə görəndən sonra bu dünyadan getməlidilər, – tanışımın valideynlərini tanıyıram, hələ sağdırlar. – Eləcə də mən bu iki balamı böyüdüb, oxudub, qıza ürəyi istədiyi cehizi verib layiqli bir oğlana ərə verməliyəm. Oğlum istədiyi işi əldə eliyəndən sonra, ona halal süd əmmiş bir qız tapıb evləndirməliyəm. Düz demirəm, qardaş?

- Düz deyirsən, qardaş, düz deyirsən.

- Sonra nəvələrimi görməliyəm, axşam işdən gələndə onlarla oynamalıyam. Yəni Allah eləməmiş, mənim, ya özümdən böyük qardaşımın ölümümü atam-anam görə, mən dədəmin, əmilərimin, dayılarımın çiynində gedəm. Ya Allah göstərməsin, – hər iki qulağını tutub “kış-kış” edir, – övlad itkisi başıma gələ.

- Allah eləməsin, o nə sözdü, – sözünü kəsirəm, istəmirəm çox dərinə getsin.

- Yəni demək istədiyim odur ki, həyatın qanunuyla, həyatın məntiqiylə atam-anam mənim çiynimdə getməlidi, eləcə də mən qocalıb yetmiş beş, ya səksən yaşa çatanda, oğlumun, qardaşı oğlannarımın çiynində getməliyəm o dünyaya.

Tanışımın həvəslə izah elədiyi məntiqli ölüm konsepsiyasını eşidəndə məni gic gülmək tutur, amma özümü bir təhər saxlayıram, deyə də bilmirəm ki, avazın yaxşı gəlir, bilirəm ki, desəm, xətrinə dəyər.

- Bəlkə səhv deyirəm, qardaş?

- Yox, əlbəttə düz deyirsən. Amma yetmiş beş, səksən yox, doxsan yaş arzulayıram sənə, – artıq gülməyimi saxlayammıram.

- A kişi, sən elə bilirsən sənnnən zarafat eliyirəm? Mən bayaqdan sənə sənə ciddi şeylər deyirəm, sən də arsız-arsız hırıldayırsan, – tanışım küsür məndən.

- A kişi, balaca uşaq kimi niyə küsürsən ki? Nə pis bir şey dedim axı? Gülməyimə fikir vermə, mən sənin həyat fəlsəfənə hörmətlə yanaşıram. Ona görə də maraqlı söhbətinə davam elə görək, – yenə əvvəlki ciddi görkəmimə qayıdıb, qulaq asa-asa başımı tərpədirəm.

Tanışımla ildə bir-iki dəfə görüşürəm, hər dəfə eyni həvəslə arzularını mənimlə bölüşür, oğlunun, qızının məktəbdəki uğurlarından danışır.

Soruşuram ki, işdi-şayət, yuxarı siniflərdə oğlundakı kimi, qızının da hansısa fənn üzrə xüsusi istedadı üzə çıxsa, onu da tək oxumağa xarici ölkəyə göndərərsən. Sanki bu sualı bir neçə dəfə eşidibmiş kimi, o dəqiqə cavab verir: “Ehh, sən elə bilirsən, mən onu fikirləşməmişəm. Oğlan qızdan yaşca böyükdü, düzdü?” – “Hə,” – deyirəm. – “Oğlan məktəbi qurtarandan sonra gedib bir il Londonda oxuyar, oranın qayda-qanununa öyrəşər. Sonra da qızı göndərərəm ora, bir yerdə qalarlar, qız həm ev işlərini görər, paltar yumaqdı, yemək bişirməkdi, həm də dərsini oxuya-oxuya qardaş nəzarəti altında olar”.

Beləcə, ona qulaq asa-asa başımı tərpədib deyirəm ki, hə, qardaş, düz deyirsən, Allah bütün bu gözəl arzularına görə ürəyincə versin.

Ayrılandan sonra həmsöhbətimin həyat eşqi, səliqəli-parlaq arzuları, ailəsinə bağlılığı haqqında fikirləşə-fikirləşə ürəyimdə, belə pis çıxmasın, qorxa-qorxa dua edirəm ki, tanışım bu həyatdan getməmiş, Allah-Təala onun hal-hazırda altmış-yetmiş yaş arasında olan ata-anasını səksən-səksən beş yaşında o dünyaya göndərsin.

Eləcə də tanışımın oğlu-qızı sağ-salamat böyüsün, oğlan fizika üzrə Nobel də alsın, o alınmasa, heç olmasa, nüfuzlu beynəlxalq mükafatdan-zaddan alsın. Qız da qardaşıyla bir yerdə Londonda oxusun, hər ikisini istədiyi kimi evləndirsin, nəvələri axşamlar çıxsınlar bunun belinə, otaqda o baş-bu baş çapsınlar bunu. Və nəhayət, tanışım səksən beş-doxsan yaşında gecə yuxudan ayılmadan qəfil vəfat eləsin, oğlu, qardaşı uşaqları bunu aparıb el adətiylə dəfn eləsinlər.

Sanki bu arzularımı onunla bölüşürmüş kimi təsəvvürümdə də olsa, bu dəfə mən ona sual verirəm: “Düz demirəm, qardaş?” – “Əlbəttə, düz deyirsən”, – cavab verir.

19 oktyabr, 2014 – 22 sentyabr, 2015

Bakı

XS
SM
MD
LG