Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:20

«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»


Laçının işğalı
Laçının işğalı

-

«Laçın işğal olunandan üç ay sonra – avqustda atlara minib Kəlbəcər yolu ilə evimizə getdik. Dörd nəfərdik. Kəndimizə - Ağbulağa çatanda axşamdı. Gündüz istəsək də, gedə bilməzdik. Kənd bomboşdu, heç kim yoxdu. Bircə evdə işıq da yanmırdı...Evimə baxdım, elə viran qoymuşdular. Yandırılan yandırılmışdı, dağıdılan dağıdılmışdı. O mənzərə 24 ildir hafizəmdən çıxmır».

24 il əvvəl yaşadıqlarını danışan laçınlı aşıq, coğrafiya müəllimi Cabbar Cabbarovdur. Söylədiyinə görə, həmin mənzərənin təsiri altında 24 ildə çoxlu şeirlər yazıb, özü demiş, «dastanlar bağlayıb», ancaq heç birihəsrətini ovuda bilməyib. Elə oradaca kəndi Ağbulağa bir şeir də deyib bədahətən:

Çalın-çarpaz çəkilibdi dağın, Ağbulaq.

Hanı alışan ocağın, yanmır çırağın, Ağbulaq.

Bədxahların ucbatından yasdadır dağın, Ağbulaq.

Ölən ölüb, itən itib, tapılmır sağın, Ağbulaq...

24 ildir Ağbulağa qayıtmaq ümidi ilə yaşayan Cabbar Cabbarov çox uzağa gedə bilməyib. Elə Laçının qış yataqları yerləşən Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşıb. İlanmələyən düzlərdə dağların həsrəti ilə yaşayır, «bir gün qayıdacağıq» ümidi ilə.

Bu günü haqda dediklərini Cabbar Cabbarovun öz dilindən eşidək:

– Ağcabədinin Taxtakörpü qış yataqlarında yaşayıram. İşğalla əlaqədar neçə ildir burdayıq. 100 ailəyik burda. Yarımsəhra iqlimi var, yayı çox çətindir, yaylağımız yoxdur, suyumuz yoxdur. Çox çətindir.

– Yadıma gəlir ki, altı il əvvəl AzadlıqRadiosunun müxbirləri gəlmişdi sizin qəsəbəyə. Onda da vəziyyətdən şikayət etmişdi məcburi köçkünlər. Sizi hələ yeni tikilən evlərə köçürməyiblər oradan?

– 1500 ev tikilmişdi, o da bir qisim insanlar üçün. Əhali çoxdur, bir heylə insanı yerləşdirmək də çətindir. Ona görə bizi köçürməyiblər.

– Bəs indi harada yaşayırsınız?

– Yeraltı damlarda, qarğıdan-qamışdan tikilən damlarda. Bura doludur ilanla, həşəratla, antisanitariya vəziyyətidir. Normal şərait yoxdur.

– Necə dolanırsınız?

– Torpaq şorandır, əkinçiliyə yararsızdır. Burda ağac əkəsən, bağ salasan, yayda sərinləyəsən, mümkün deyil. Buralar sovet dövründə otlaq kimi istifadə edilən yerlərdir. Heyvandarlığın da öz problemi var. Heyvanı olan Daşkəsənə aparır. Orda da yaylaqlarda sıxlıqdır. Ondan başqa köç yolu yoxdur, malı-heyvanı gərək «Kamaz»la daşıyasan. Ona da pul lazımdır, elə orda yaylaqda yer götürməyə də pul verməlisən. Gərək heyvanı satıb «Kamaz» tutasan, yaylaq yerinə verəsən, onda da bizə heç nə qalmır. Bəzilərimiz ölməməkdən ötrü bir az heyvan saxlayırıq. Bəziləri gedib Ağcabədinin başqa kəndlərində kiminsə heyvanına baxır, əkin əkir, qışı yenə bura qayıdır.

– Dərs dediyiniz məktəbdə vəziyyət necədir?

– Bəzi şirkətlərin köməyi ilə asbestdən məktəb tikilib. Yararsızdır. İkinövbəlidir. Məktəbdə də vəziyyət acınacaqlıdır. Bu da dərsdən yayınmaya səbəb olur. Öz yerimiz azad olunsa, bir alaçıq, bir dam düzəldib dolanardıq. 24 ildir ki, Minsk qrupu bizi aldadır, yalan vədlər verir. Apreldə döyüş olanda düşündük ki, güclü dövlətlər bizim mövqeyimizi dəstəkləyəcək, beynəlxalq qanunlar çərçivəsində nizamlanma prosesi gedəcək. Amma bu gün yenə atəş səsi eşidirəm... Torpaqlar qayıtmağına qayıdacaq. Amma kim görəcək o günləri? Yaşlılar dünyasını bir-bir dəyişir.

– Ümidsizsiniz?

– Torpaqlarımızın qaytarılması qarşısıalınmaz prosesdir. İnanıram ki, Laçına qayıdacağıq.

Video: 19 Laçınlı 53 günlük mühasirdən necə sağ çıxdı?

XS
SM
MD
LG