Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

Keçmiş deputat xaricə getmək istəyir


Gülər Əhmədova
Gülər Əhmədova

Keçmiş deputat Gülər Əhmədova xaricə getməsinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

«Report»un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iyulun 8-nə təyin edilib.

G.Əhmədova əməliyyat olunmaq adı ilə xaricə getmək istəyir. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi onun istəyini gerçəkləşdirməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmin videolarda E.Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və bunun prezident aparatına çatdırılması haqqında söhbət gedirdi. Videolar E.Abdullayevin iş yerində gizlin çəkilmişdi. Söhbətin onunla G.Əhmədova arasında getdiyi iddia olunurdu. G.Əhmədova mətbuatda videoların montaj olduğunu açıqlamışdı.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub.

2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

XS
SM
MD
LG