Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb


Azərbaycan Beynəlxalq bankının keçmiş sədri Cahangir Hacıyev
Azərbaycan Beynəlxalq bankının keçmiş sədri Cahangir Hacıyev

İttihamda 211 milyonluq mənimsəmədən söhbət gedir. Bankın arayışında bu məbləğin mənimsənilməsinə görə, təkcə C. Hacıyev yox, digər təqsirləndirilən şəxslər də məsuliyyət daşıyır:

"Qaynımın hədiyyə elədiyi suvenir xəncəri soyuq silah kimi rəsmiləşdirdilər. Odlu silah isə mənim olmayıb - özləri qoyub, özləri də götürüblər. Bağda axtarış apardılar, guya, saunada yastığın altından tapança tapdılar. Mən o qədər balqabağam ki, silahı orada saxlayım?"

Bunu "Beynəlxalq Bank" işi üzrə təqsirləndirilən şəxslərdən biri Azad Cavadov avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən deyib.

Buna da bax: Beynəlxalq Bank işi: 'Allahınız olsun, niyə yalan danışırsız?'

“DEDİK, İŞÇİLƏRƏ MƏVACİBLƏR PAKET ŞƏKLİNDƏ VERİLİB”

Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadov həm də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri, hazırda onunla birlikdə mühakimə olunan Cahangir Hacıyevin tələbə yoldaşıdır. Dediyinə görə, elə C. Hacıyevin dəvəti ilə zavodda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi fəaliyyət göstərib.

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

Cinayət işinin materiallarına görə, A. Cavadov iki gün ərzində "Beynəlxalq Bank"dan 17 milyon manat kredit götürüb. Deyir ki, Vergilər Nazirliyinin müstəntiqlərinin təşəbbüsü ilə belə bir addım atılıb: "Onlar dedilər ki, “pullar ödənilməlidir”. Müstəntiqlərə dedik ki, “işçilərə məvaciblər paket şəklində verilib, dövlət strukturlarına ödənişlər edilib”. Onlar bizim bu xərcləri qəbul etmədilər. Həmin məbləğlərin ödənilməsi üçün əlavə kredit götürülməsini təklif etdilər. Bu barədə Cahangir Hacıyevə dedim".

Buna da bax: Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'

A. Cavadov onu da qeyd edib ki, Bankdan götürülmüş 17 milyon kreditlə həmin borcu ödəyib və bundan sonra Vergilər Nazirliyinin yoxlamaları ilə əlaqədar onun özünün də barəsində cinayət işi başlanıb.

Ekspertiza rəy verib ki, A.Cavadovun evindən aşkarlandığı iddia olunan odlu silahın üzərində onun əl izləri var. Lakin o, ekspert rəyinin saxta olduğunu deyib.

ZAVODA ÜMUMİLİKDƏ 60 MİLYONLUQ KREDİT VERİLİB

A. Cavadov sualları cavablandırarkən bildirib ki, zavoda ümumilikdə 60 milyonluq kredit götürülüb və həmin məbləğ müəssisənin genişləndirilməsinə sərf edilib, bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib.

Buna da bax: Cahangir Hacıyev maliyyə nazirinin həbs olunmasını istəyir

İttihama görə, həmin pullardan 6 milyonu mənimsənilib. Amma A.Cavadov deyir ki, heç bir mənimsəmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, hətta pul ödənilməsəydi də, müəssisənin özü bankın girovunda idi. Müəssisə sonradan "Aqrarkredit" QSC-nin nəzarətinə keçib.

C. Hacıyev də onun dediklərini təsdiqləyib: "Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin "Aqrarkredit"in nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir".

DOSTUNUN ÜZƏRİNDƏ 6 MİLYONLUQ MƏNİMSƏMƏ İTTİHAMI

A. Cavadovla tələbə yoldaşı olduğunu və ona güvəndiyini, onun fəaliyyəti dövründə götürülmüş kredit borclarının ödənildiyini deyən C. Hacıyev dostunun üzərində olan 6 milyonluq mənimsəmə və qanunsuz silah saxlama ittihamının qurama olduğunu vurğulayıb.

"Beynəlxalq Bank"ın strukturlarının mühafizəsini həyata keçirilən "İnter Security" şirkətinin sıravi işçilərinin adlarına bankdan böyük məbləğdə kreditlər götürülüb. Şirkətin rəhbəri İbrahim Hüseynov da təqsirləndirilənlər sırasındadır. O, ötən məhkəmə iclasında ifadə verərkən demişdi ki, inanılmış bir adam kimi kredit götürmək üçün ona müraciət ediblər. O da işçilərini göndərib ki, onların adlarına rəsmiləşdirilsin. Amma götürülmüş vəsaitin hara sərf olunduğundan xəbəri yoxdur. Ona kredit götürmək üçün kimin müraciət etdiyinə gəlincə, C. Hacıyevin sürücüsü Aydın Mehdiyevin adını çəkmişdi.

Buna da bax: Beynəlxalq Bank işi: 'Özbaşına kredit verməmişəm'

Bu gün İ. Hüseynovun işçiləri də məhkəmədə şahid qismində dindirilib. Onlar da eyni məzmunlu ifadə veriblər. Bildiriblər ki, rəhbərlik onları banka göndərib, gedib orada müəyyən sənədlərə qol çəkiblər, puldan isə xəbərləri yoxdur.

211 MİLYONLUQ MƏNİMSƏMƏ

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə yanaşı, "Aqrarkredit" QSC də bu iş üzrə zərərçəkmiş qismində tanınıb. "Beynəlxalq Bank"ın nümayəndəsi Ağalar Ağaşirinov məhkəməyə arayış təqdim edib. İttihamda 211 milyonluq mənimsəmədən söhbət gedir. Bankın arayışında bu məbləğin mənimsənilməsinə görə, təkcə C. Hacıyev yox, digər təqsirləndirilən şəxslər də məsuliyyət daşıyır.

C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldıraraq, eyni zamanda, həm Beynəlxalq Bankın, həm də "Aqrarkredit" QSC-nin zərərçəkmiş kimi tanınmasına etiraz edib. Fikrini də belə əsaslandırıb: "Prezidentin fərmanı ilə "Beynəlxalq Bank"ın problemli kreditlərilə bağlı məsələlərin həlli "Aqrarkredit"ə verilib. Belə olan halda, həm Beynəlxalq Bankın, həm də "Aqrarkredit"in zərərçəkmiş kimi tanınması doğru deyil. Xahiş edirik, Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrarkredit" tərəfindən imzalanan çoxtərəfli müqavilələrin, həmçinin problemli kreditlərlə bağlı sənədlərin surəti məhkəməyə təqdim edilsin".

Buna da bax: Bankirin arvadı axtarışa verildi

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

C. Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG