Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:30

British Airways Tehrana üçür, AZAL-ın bazarı daralır


Britaniyanın British Airways hava şirkəti London-Bakı reysi üzrə uçuşlarını dayandıranda, bu, ilk növbədə azərbaycanlı sərnişinlər üçün pis xəbər olmuşdu.

Britaniya şirkəti Bakıya uçuşlarını dayandırdıqdan dərhal sonra Azərbaycan Hava Yolları konserni - AZAL təyyarə biletlərinin qiymətlərini təxminən 400 funt sterlinqdən 500-ə qaldırmışdı.

İndi çox ehtimal, British Airways şirkətinin 7 illik fasiələdən sonra Tehranın Ayətullah Xomeyni hava limanına uçuşları bərpa etməsi AZAL üçün yaxşı xəbər olmayacaq.

Bundan əvvəl AZAL London-Bakı reyslərinə uçuşun davamı kimi Tehrana da bilet satırdı.

Qiymətlər iranlılar üçün əlverişli idi, beləki AZAL təyyarəsi ilə Tehrana uçuşun qiyməti Bakıya uçuşun qiyməti ilə eyni, bəzi hallarda isə daha ucuz idi.

Hazırda AZAL təyyarəsi ilə Londondan Tehrana uçuş 340 funt sterlinq civarındadır. Azərbaycan Respublikası vətəndaşları və Bakının qonaqları üçün isə daha yaxın məsafəyə - yəni Azərbaycan paytaxtına uçuş 500 funt sterlinqə başa gəlir.

Tehranın İmam Xomeyni beynəlxalq hava limanı
Tehranın İmam Xomeyni beynəlxalq hava limanı

İnternet resurslarındakı məlumatlara görə, British Airways Tehrana həftənin 6 günü uçuşlar edəcək və biletlərin təxmini qiyməti 380 funt sterlinq olacaq. AZAL-ın biletlərindən azacıq baha olsa da, iranlılar üçün daha sərfəlidir, çünki British Airways Tehrana birbaşa uçur.

AZAL-ın ənənəvi bilet qiyməti siyasətinə baxılsa, ehtimal etmək olar ki, indi Azərbaycan şirkəti üçün iki yol qalır: ya iranlılar üçün biletləri bir az da ucuz etmək, ya da bazarı itirmək.

Bunun bilet qiymətlərini azərbaycanlı sərnişinlər və Bakıya gedib-gələn əcnəbilər üçün necə təsirləndirəcəyini irəlicədən söyləmək çətindir.

British Airways Bakıya uçuşlarını ötən may ayında dayandırmışdı. Şirkət bunu reyslərin kommersiya baxımından sərfəli olmaması ilə izah etmişdi.

İndi isə əvəzində British Airways Tehrana müntəzəm uçuşlar edəcək. Bu İran üzərindən beynəlxalq sanksiyaların qaldırılması nəticəsində mümkün olub.

Beləliklə 7 illik fasilədən sonra British Airways şirkətinin Tehrana ilk dəfə uçan Boeing 777 təyyarəsi sentyabrın 1-də axşam Londonun Hitrou aeroportundan havaya qalxıb.

Bundan əvvəl Tehrana başqa bir Britaniya şirkəti BMI-ın uçuşları 2012-ci ildə dayandırılmışdı.

Ümumiyyətlə isə, British Airways Tehrana 1946-cı ildən müntəzəm uçuşlar edirdi. Bu xidmət 2007-ci ildə dayandırılmışdı. Bundan sonra uçuşları BMI yerinə yetirirdi.

Ötən ilin avqustundan Tehranda Britaniya səfirliyi işini bərpa edib.

XS
SM
MD
LG