Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar


Foto: arxiv
Foto: arxiv

Keçmiş MTN-çilərlə bağlı cinayət işində zərərçəkmiş kimi adı hallananlar arasında keçmiş və indiki məmurlar da yetərincədir.

Onlardan biri də İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, hazırda isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri olan Saleh Səmədov-dur.

“300 MİN DOLLAR VERMƏYƏ RAZILAŞDIM”

Cinayət işinin materiallarına görə, MTN-çilər bu məmurun 300 min pulunu alıblar.

Amma 55 yaşlı Saleh Səmədov istintaq materiallarında sahibkar kimi təqdim olunub, onun vəzifəsi göstərilməyib. O, 2003-cü ildə "Araz" MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb.

Buna da bax: 'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

Saleh Səmədov 2015-ci ilin aprelində MTN-in hədəfinə çevrilib, onun, eləcə də biznes fəaliyyətilə əlaqədar iş gördüyü adamların telefonları dinlənilib. Günlərin birində səhər Bakıdakı evindən İmişliyə getməyə hazırlaşdığı vaxt telefonuna zəng gəlib, özünü MTN-nin şöbə rəisi Natiq Alıyev kimi təqdim edən şəxs ondan darvazanın qarşısına çıxmağı tələb edib. İdman geyimində qapıya çıxanda ona deyilib ki, MTN-ə getməlidir. Görüb ki, bir az əvvəl təmirdə olan avtomobilinin arxasınca göndərdiyi sürücüsü Ramili də artıq tutublar, o da MTN əməkdaşlarının yanındadır. Onu da, sürücüsünü də elə öz maşınına mindirib MTN-ə aparıblar.

Foto: arxiv
Foto: arxiv

S. Səmədovun istintaqa ifadəsinə görə, MTN-də saxlanıldığı otağa MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini Füzuli Əliyev də gəlib. Həm Füzuli Əliyev, həm də bu idarənin işçisi Natiq Alıyev ona sahibi olduğu şirkətin vergidən yayındığını, həbs olunacağını deyiblər. Amma orada saxlanıldığı gün ərzində 3 dəfə nazirliyin yaxınlığında yerləşən restorana yeməyə aparıblar. Elə həmin gün də ona deyiblər ki, azadlığa buraxılması üçün 1 milyon dollar pul verməlidi. Eyni zamanda, bildirilib ki, bu, idarənin rəisi Sübahir Qurbanov-un göstərişidir.

EVDƏKİ 100 MİNİN VERİB...

"Dedim ki, mənim bu qədər pulum yoxdur. Razılaşmadığıma görə həmin gecə məni MTN-də saxladılar. Səhəri gün Natiq Alıyev və Füzuli Əliyev yenə otağa gəldilər. Uzun söhbətdən sonra 300 min dollar verməyə razılaşdım, axşam saat 5 radələrində məni buraxdılar. Faktiki məni bir sutka yarımdan çox MTN-də saxladılar", – deyə Saleh Səmədov istintaqa ifadəsində deyib.

Onun sözlərinə görə, onu nazirlikdən evinə elə tutub aparmış MTN əməkdaşı Natiq Alıyev öz "Audi Q7"si ilə gətirib. Evində olan 100 mini ona verib, razılaşdıqları məbləğin bir hissəsini MTN-ə göndərib. Qalan 200 min üçün bir ay möhlət alıb. Bir ay tamam olmamış qalan pulu da MTN-də saxlanıldığı vaxt onu yeməyə apardıqları restoranın qarşısında Natiq Alıyevə verib.

Saleh Səmədov deyir ki, hədələndiyinə, həmçinin sonrakı sahibkarlıq fəaliyyətində incidiləcəyini bildiyinə görə başına gələnlər haqda heç bir orqana şikayət etməyib.

Buna da bax: Z.Əsgərov: 'Eldar Mahmudov məsuliyyət daşıyır'

GENERALIN QANUNSUZLUQLARDAN XƏBƏRİ YOXMUŞ

Saleh Səmədovla yanaşı, sürücüsü Ramil Şirinov da zərərçəkmiş qismində tanınıb. Dediyinə görə, atası ilə birlikdə maşında getdikləri vaxt MTN əməkdaşları onların qarşısını kəsib. Elə atasının gözü qarşısında onu təhqir edib, zorla maşından şillə-təpiklə döyə-döyə öz maşınlarına basıb aparıblar. MTN əməkdaşlarından biri isə atası olan maşına əyləşib onu da nazirliyə aparıblar. Atasını bir neçə saatdan sonra buraxsalar da, özünü bir sutkadan çox orada saxlayıblar.

Saleh Səlimov və onunla əlaqədə olanların telefon danışıqlarının dinlənilməsi haqda sənədlər də cinayət işinin materiallarına əlavə olunub. Səmədov və onunla kommersiya əlaqələrində olanların telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi haqda tapşırığı MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Sübahir Qurbanov imzalayıb. Amma həbsdə olan general deyir ki, tapşırığı imzalasa da, o adamlara qarşı qanunsuzluqlardan xəbəri yoxdur:

"Tapşırıqları imzalamaq üçün müavinim Füzuli Əliyev gətirib və belə tədbirin keçirilməsinin zəruriliyini məruzə edib. Ona görə mən də imzalamışam".

Keçmiş MTN-çilərdən ibarət on nəfərlik daha bir qrupun, o cümlədən Sübahir Qurbanov, Natiq Alıyev, Füzuli Əliyevin işi artıq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

XATIRLATMA

Eldar Mahmudov, 19 oktyabr 2015
Eldar Mahmudov, 19 oktyabr 2015

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarov və daha 3 nəfərin hazırda məhkəməsi gedir. A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG