Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:41

'Facebook şəxsiyyət vəsiqəsi tələb etməlidir'


Facebook
Facebook

Facebook sosial şəbəkəsi şəxsiyyəti təsdiqləyən sənəd tələb etməlidir. Məhz istifadəçilərə internetdə anonimliyə icazə verilməsi hazırda texnologiya nəhənglərinin başına gələn iyrənc və qanunsuz halların kökündə dayanır. «The Times» qəzetində belə yazan Edward Lucas arqumentini sosial şəbəkələrin, özəlliklə də, Facebook-un hüquqi və mənəvi vakuumda işləməsiylə izah edir.

POZULAN HÜQUQLAR

Ötən ay Böyük Britaniya parlamentarilərinin hazırladıqları hesabatda vurğulanırdı ki, sosial şəbəkə platformalarının kriminallar, manyaklar, terrorçular, eləcə də Rusiya kimi «xarici düşmən ölkələr» tərəfindən sui-istifadəsini əngəlləyə bilmirlər. Sonucda sosial media saxta xəbərlərin, eləcə də «kəşfiyyat pornoqrafiyası»nın yayıldığı əsas məkana çevrilib. «Kəşfiyyat pornoqrafiyası» terminini ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey təzəlikcə düzəldib, siyasi məqsədlərlə oğurlanan e-mail-ləri, sızdırılan digər materialları nəzərdə tutur.

Müəllif yazır ki, Facebook müəllif hüquqlarının pozulmasına görə lap çox tənqid olunur. Məsələn, boksçu Anthony Joshua-nın Wladimir Klitschko üzərində qələbəsini Facebook Live-da 400 min nəfər izləyib. «Beləliklə, yarışmaya vaxtını, pulunu və sağlamlığını qoyanların intellektual mülkiyyəti oğurlanmış olub. Elə bilin ki, oğru onların geyinib-soyunma otağından əşyalarını çırpışdırıb», – məqalədə deyilir.

Yaxud Avstraliyada sosial şəbəkədə seksist və antisemit münasibətlə üzləşmiş yəhudi məktəbli qıza şirkətdən bildiriblər ki, onların «ictimai standartları» pozulmayıb. Müəllif qurbanların Facebook rəsmiləri ilə dərhal ünsiyyət qura bilmədiyini, onların ləng hərəkətə keçdiyini də vurğulayır.

Twitter
Twitter

TWITTER TƏCRÜBƏSİ

Texnologiya nəhəngləri artıq hüquqi və siyasi baryerlərlə üzləşməli olurlar. Məsələn, Almaniya saxta xəbərlərin yayıldığı sosial media şirkətlərinə cəza tətbiq etməyə hazırlaşır. Facebook-un həmtəsisçisi Mark Zuckerberg bu həftə bildirib ki, zorakı kontentə nəzarət məqsədiylə əlavə 3 min nəfər işçi götürəcək.

Müəllif bunun da problemi yoluna qoya bilməyəcəyini, əsas əngəlin anonimlikdən qaynaqlandığını vurğulayır. Belə ki, bir neçə saniyəyə Facebook hesabı yaradılır və real ad, ünvan tələb olunmur. «Sivilizasiya bir-birini yaxşı tanımayan adamların inamlı əlaqə yaratmasından asılıdır. Real dünyada hisslərimiz köməyimizə gəlir. Bu adam normal görünürmü? Normal danışırmı? Normal qoxuyurmu? Bu suallara cavab tapmağa çalışırıq».

Twitter problemi birtəhər yoluna qoymağa çalışır, «təsdiqlənmiş» istifadəçilərin adlarının qarşısında mavi «quş» qoyulur. Məsələn, @realdonaldtrump hesabından tvit atan ABŞ prezidentinin özüdür ki var. @darthputinKGB isə Kremlin başında duran şəxsin adından yaradılmış parodiya hesabıdır.

ÖZÜNÜ TANIT, SONRA...

Müəllifin fikrincə, Facebook da belə etməlidir. Sosial şəbəkəyə özü haqqında kredit tarixçəsi, mobil telefon ödənişləri, seçici siyahısındakı qeydiyyatı və pasport məlumatlarını daxil edənlər «Facebookland»də ciddi qəbul olunmalıdırlar.

Siyavuş Novruzov
Siyavuş Novruzov

«Həqiqiliyini nə qədər güclü formada təmin edərsənsə, daha çox hüquq qazana – canlı video yayımı edə, mesaj göndərə, gündə dəfələrlə material yaya bilərsən. Həm də elədiklərinə görə məsuliyyət daşımalısan. Anonimliyini saxlamaq istəyənlər də istəklərinə uyğun davrana bilərlər, amma özünü təqdim etməyə hazır olanların hüquqları onlara aid olmamalıdır», – müəllif vurğulayır.

Qeyd edək ki, bu ilin martında Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov təklif etmişdi ki, Facebook-da şərh yazmaq üçün pasportla qeydiyyat tətbiq olunsun. Təklif parlamentdə «İnformasiya, informasiyalaşma, informasiyanın mühafizəsi haqqında» Qanunun müzakirəsi zamanı səslənmişdi. O zaman həmin fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açmış, tənqidçilər bunu hakimiyyətin müstəqil fikirliləri nəzarətə almaq niyyətiylə izah etdi.

Bundan başqa, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, internetdə saxta adla böhtan atanın, təhqir edənin cəriməsinin yuxarı həddi 500 manat da artıb, 2 min manata qaldırıla bilər.

XS
SM
MD
LG