Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

'Məmurların oğurluqlarının əvəzini bütünlükdə xalq ödəyir' - Media icmalı


Pul
Pul

Qurtuluş günü, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçmiş vəzifəli şəxslərinin mühakiməsi zamanı yaşanan proseslər və «Formula 1» yarışından sonra manatın taleyi bu gün (15 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır...

KORRUPSİYA VƏ AZADLIQ

«Novoye Vremya» qəzetində «Korrupsionerlər azadlığı milyona alırlar?» sualına cavab axtarılır.

Müəllif yazır ki, hazırda Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçmiş vəzifəli şəxslərinin mühakiməsi davam edir. Onlar dövlətə küllü miqdarda ziyan vurmaqda ittiham edilirlər. Həmin ziyanın bir hissəsinin ödənildiyi bildirilir.

Müəllif vurğulayır ki, sovrulan pulların bir hissəsini dövlətə qaytarmaqda məqsəd azadlığa çıxmaqdır:

«Söhbət milyonlardan gedir. Aydındır ki, böhrandır, dövlət xəzinəsində pul çatışmır. Belə halda milyonların bir hissəsini qaytarmağa razılaşırlar. Amma müxtəlif ranqda olan məmurların oğurluqlarının əvəzini bütünlükdə xalq ödəyir».

Müəllif hesab edir ki, bir şəxsin uzun müddət bir nazirliyə rəhbərlik etməsi maliyyə oğurluqlarına yol açır.

Yazıda vurğulanır ki, 25 il vəzifədə qalan bəzi nazirlər sanki öz mülklərini idarə ediblər.

Yazıda oxuculara sual da verilir:

«Belə imkanlara malik adamlar niyə biznesə getməyib dövlət məmuru kimi qalmaq istəyirlər. Görünür ki, dövlət büdcəsini talan etmək təmiz qazanmaqdan asandır. Göründüyü kimi, korrupsiyanın həcmi heyrət doğurur...».

Dollar
Dollar

MANATI NƏ GÖZLƏYİR?

«Yeni Müsavat» qəzetində ««Formula-1» yarışlarından sonra manatın məzənnəsi dəyişəcəkmi...» sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspertlərlə manatın yaxın aylarda taleyi müzakirə edilir.

Müəllif yazır ki, son aylar manat sabitləşib. Ancaq cəmiyyətdə bu prosesin uzun sürməyəcəyi ilə bağlı proqnozlar var. Hətta bəziləri hesab edir ki, iyunun 23-dən 25-nə kimi davam edəcək «Formula-1» yarışlarından sonra manat ucuzlaşacaq. 3 ay əvvəl olduğu kimi, 1 dollar 1 manat 92 qəpik səviyyəsinə qalxacaq.

Bununla belə, müəllif xatırladır ki, Mərkəzi Bankın rəhbərliyi ilin sonuna kimi manatın məzənnəsində ciddi enişin baş verməyəcəyini bildirib.

Deputat Vahid Əhmədov deyib ki, manatın məzənnəsinə təsir edən amillər var. Bunlar idxal, ixrac əməliyyatları, neftin qiyməti, maliyyə bazarındakı tələb və təkliflərdir.

Deputat hesab edir ki, manatın sabitliyini qorumaqdan ötrü qeyri-neft sektoru güclü şəkildə inkişaf etməlidir:

«Bu sektorun inkişaf etdirilməsi üçün müəyyən investisiyalar, vəsait yatırılmalıdır. Real sektoru vəsait olmadan inkişaf etdirmək olduqca çətindir».

İqtisadçı Qubad İbadoğlu isə deyib ki, manatın taleyi hökumətin müdaxiləsindən asılı olacaq:

««Formula 1» yarışları ərəfəsində və ondan sonrakı dövrdə, yəni yaxın müddət ərzində manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir. Manata təsirlər avqust ayından başlayaraq güclənə bilər. Yeni dərs ilinin başlanması ilə manata təzyiqlər arta bilər».

Q.İbadoğlu deyib ki, əgər təzyiqlər artdıqdan sonra hökumət bazara yenə müdaxilələr etməsə, manat ucuzlaşacaq:

«Yox, əgər yenə də əvvəlki kimi Mərkəzi Bank əlində olan vasitələrlə bazara müdaxilə edəcəksə, o halda manatın məzənnəsini indiki səviyyədə qoruyub saxlamaq mümkün olacaq...».

H.Əliyevin seçki posteri
H.Əliyevin seçki posteri

XİLAS TARİXİ -15 İYUN

«Azərbaycan» qəzetində «15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib» sərlövhəli məqalə dərc edilib. Yazıda keçmiş mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi dəyərləndirilir.

Müəllif konfransda çıxış edən baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun fikirlərinə yer verib. Ə.Əhmədov deyib ki, H.Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə bəlalardan xilas olub, tərəqqi, rifah və inkişaf başlayıb:

«Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub».

Ə.Əhmədov vurğulayıb ki, H.Əliyevin siyasətini prezident İlham Əliyev uğurla davam etdirib. Son 13 ildə Azərbaycan iqtisadiyyatı 3.5 dəfə böyüyüb, əhalinin rifah halı yaxşılaşıb.

Yazıda bildirilir ki, konfransda çıxış edən ayrı-ayrı natiqlər də Qurtuluş gününün əhəmiyyətindən danışıblar. Onlar deyiblər ki, H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi müstəqil Azərbaycanda dövlət quruculuğunun əsasını qoyub. Bununla Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi aradan qalxıb.

XS
SM
MD
LG