Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

Saxta hesablar silindi, yenə Rusiyadan şübhələnirlər


Facebook-un qurucusu Mark Zuckerberg bu il aprelin 10-da Konqresdə dindiriləndə keçirilən etiraz aksiyası
Facebook-un qurucusu Mark Zuckerberg bu il aprelin 10-da Konqresdə dindiriləndə keçirilən etiraz aksiyası

Facebook sosial şəbəkəsi bildirir ki, noyabra planlaşdırılan Konqres seçkiləri öncə Birləşmiş Ştatlarda siyasi manipulyasiya məqsədi güdən “təkmil” səylər aşkarlayıb və bunun Rusiyayla bağlılıq ehtimalı var. Bu açıqlama Vaşinqtonda siyasətçilər arasında qəzəbə səbəb olub.

Sosial media nəhənginin iyulun 31-də bildirməsinə görə, aşkarlanan səylərin birbaşa Rusiyaya, yaxud təxminən 100 gün sonra keçiriləcək Konqres seçkilərinə bağlı olduğunu deyə bilməz. Amma Facebook-un məlumatlandırdığı konqresmenlər istifadə olunan metodologiyanın Rusiyanı hədəf göstərdiyini bildirir.

Şirkət bildirir ki, Facebook və Instagram-da 32 “saxta” hesabı “koordinasiya olunmuş” və “şübhəli” siyasi davranışına görə bağlayıb.

DEMOKRATİYAYA HÜCUM

Facebook bu səylərin arxasında kimlərin durduğunu açıqlamasa da, pozulmuş hesablarla Rusiya İnternet Araşdırmaları Agentliyinin yaratdıqları arasında əlaqə tapdığını deyir. ABŞ-da prokurorlar həmin agentliyi 2016-cı ildə prezident seçkisinin nəticəsinə təsir göstərmək cəhdində suçlayır.

İllüstrativ foto
İllüstrativ foto

Sosial şəbəkə bildirir ki, silinmiş hesablardan azı birini 300 minədək adam izləyib, yüzminlərlə izləyici həmin saytların təbliğ etdiyi 30 siyasi tədbirə marağını ifadə edib.

Bu, demokratiyaya hücumdur”, – Senatın kəşfiyyat komitəsinin aparıcı demokrat üzvü Mark Warner deyib.

“Yüksək əminlik hissilə deyirəm ki, bu, Rusiyaya bağlıdır”, – o söyləyib.

“Bu əməliyyatların məqsədi narazılıq, inamsızlıq, bölücülük səpməkdir. Rusiyalılar Amerikanın zəifləməsini istəyirlər”, – komitənin sədri senator Richard Burr vurğulayıb.

ABŞ-ın vitse-prezidenti Mike Pence isə seçkiləri xarici müdaxilədən qoruyacağını vəd edib.

“Seçkilərimizə hər hansı müdaxilə cəhdləri demokratiyamıza təhqirdir və buna imkan verilməyəcək. Birləşmiş Ştatlar hər hansı ölkənin seçkilərimizə müdaxiləsinə dözməyəcək”, – Pence iyulun 31-də Nyu Yorkda keçirilən kibertəhlükəsizlik sammitində deyib.

Mike Pence, arxiv fotosu
Mike Pence, arxiv fotosu

“YETƏRİNCƏ İŞ GÖRÜLMÜR”

Senatda demokratların lideri Chuck Schumer isə Ağ evi ABŞ seçicilərini belə xarici müdaxilə cəhdlərindən qorumaqdan ötrü “yetərincə iş görməməkdə” suçlayıb.

Fevralda ABŞ-ın Ədliyyə Departamenti İnternet Araşdırmaları Agentliyinə və 13 rusiyalıya ittiham irəli sürüb. Onların 2016-cı il seçkisində amerikalılar arasında bölücülük yaymaq üçün genişmiqyaslı sosial media kampaniyası apardığı bildirilir.

Facebook bildirir ki, pozduğu səhifələrdə 11 min dollarlıq 150 reklam yerləşdirilib, ödənişlər ABŞ və Kanada dolları ilə olunub. İlk reklamın ötən ilin aprelində, sonuncunun 2018-ci ilin iyununda yaradıldığı bildirilir.

2016-cı il seçkisindən bəri Facebook saxta hesabları bağlayıb, saxta xəbər və dezinformasiyanın yayılmasını yavaşıdıb.

Sentyabrda konqresdə Facebook-un əməliyyatlar üzrə rəhbəri Sheryl Sandberg, Twitter-in rəhbəri Jack Dorsey və Google-dan bir rəsmi ilə dinləmə planlaşdırılır.

XS
SM
MD
LG