Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:42

Eldar Mahmudovun əmisi oğlunun işi: ‘Onun sözü müavinlərdən çox keçirdi...’


Eldar Mahmudov
Eldar Mahmudov

“MTN işçiləri məndən 150 min istədilər. 80 min manat verib çıxdım, 40 mini də sonra hissə-hissə ödədim. O pulların hamısını borc almışdım. Sonradan qaytara bilmədim, adım oldu dələduz. Borc aldığım adamlar məndən şikayət elədilər, həbs olundum. Mən həbsxanaya MTN əməkdaşları Rafiq Səfərov və Heydər İslamova görə düşmüşəm”, – dələduzluqda suçlanaraq 8 il 6 ay həbs cəzası alan Zaur Əzimovun sözləridir.

Zaur avqustun 5-də Bakı Hərbi Məhkəməsində dindirilib. Amma bu dəfə öz məhkəməsində yox, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, həm də nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudovun məhkəməsində. Zaur Əzimov zərərçəkən kimi ifadə verib.

O deyib ki, illər öncə MTN-in Binəqədi şöbəsinin əməkdaşları onun 100 min manatlıq siqaretlərini, 120 min manat da pulunu alıblar və indi həmin pulları tələb edir.

Zaur Əzimov istəyir ki, keçmiş MTN-çilər pulları qaytarsınlar. O da həmin pullarla öz işindəki zərərçəkənlərə dəymiş ziyanı ödəyib azadlığa çıxa bilsin:

“Amil siqaretləri gətirib mənim anbarıma qoymuşdu. Mən də satış məsələsini həll edirdim. Bir gün sürücü zəng elədi ki, MTN əməkdaşları onu tutub. Bir neçə gün gizlənəndən sonra MTN-in Binəqədi rayon şöbələrinə getdim. Orada Heydər İslamov və rəis Rafiq Səfərov məni döydülər, işgəncə verdilər, 150 min pul istədilər. Eldar Mahmudov işdən çıxarılandan sonra pulumu istədim, vermədilər. Mən həbsxanaya Rafiq Səfərov və Heydər İslamova görə düşmüşəm. Düzdür, mən Vüqar Mahmudovu tanımıram. Ancaq istintaq vaxtı Rafiq Səfərovla Vüqarın mesajlarına baxmışam. Orada Vüqar Mahmudov yazmışdı ki, “Zauru bir az da sıxın”. “Sıxmaq” deyəndə nəyi nəzərdə tutduqları da məlumdur”.

Sabiq nazir köməkçisinin məhkəməsində dindirilən başqa bir zərərçəkən Sahib Qurbanov danışır ki, Amil Yusifov (Zaur Əzimovun ifadəsində bəhs olunan-red.) onun dostu olub.

Günlərin birində eşidib ki, Amil Yusifovun siqaretlərini MTN-in Xəzər rayon şöbəsinin əməkdaşları tutub. O da dostunun işiylə maraqlanmaqdan ötrü MTN-in Xəzər rayon şöbəsinə gedib:

“Orada Heydər İslamov adlı əməkdaşla görüşdüm. Başladı məni də hədələməyə ki, mən də əlbirəm, məni də tutacaqlar. Məndən 40 min manat pul istədi. Ertəsi gün aparıb verdim”.

Bir müddət sonra isə dostu Amil Yusifovla Zaur Əzimovu MTN-in Binəqədi şöbəsinin əməkdaşları saxlayıb.

Adları çəkilən MTN-çilər Rafiq Səfərovla Heydər İslamov öncə Xəzər rayonunda işləyiblər, sonra hər ikisi Binəqədiyə gəliblər:

“Amillə Zauru Binəqədi tutandan sonra gəlib şöbənin həyətində Heydər İslamov və Rafiq Səfərovla görüşdüm. Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər İslamova əlavə pul verə bilməyəcəyimizi dedik. Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. O da dedi ki, Eldar Mahmudovla görüşüb, məsələni həll edəcək. Sonradan Vidadi Rzayev şöbəyə gedib Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmaması üçün Rafiq Səfərov 150 min manat istədi, sonrada hissə-hissə 120 min manat verildi”.

2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra S.Qurbanov prokurorluğa şikayət edib, vaxtilə onlardan alınmış pulların geri qaytarılmasını tələb edib. O deyir ki, prokurorluğa şikayətdən əlavə, özü də Heydər İslamovu tapıb, ondan pulunu tələb edib. Zərərçəkmişin sözlərinə görə, sabiq MTN-çi ona öncə 5 min manat verib, qalanını da sonra qaytaracağını deyib:

“Ancaq vermədi. Rafiq Səfərova da zəng elədim. O da dedi ki. qaytaracam. Bir müddət sonra notarial qaydada 25 min manat pul verdilər. Mənə dəyən zərərin son qəpiyinə qədər ödənilməsini istəyirəm. Məndən aldıqları pulu və siqareti Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova verdiklərini bildirmişdilər. Dedilər ki, pulu və siqareti ondan tələb elə. Hətta dedilər ki, nazirlikdə Vüqarın sözü müavinlərdən çox keçirdi. Onun dediyi hər kəlmə Eldar Mahmudovun sözü kimi qəbul edilirdi”.

Vüqar Mahmudov məhkəmədə onunla bağlı deyilənlərə heç bir reaksiya verməyib.

Məhkəmə prosesi sentyabrın 9-da davam edəcək.

Xatırlatma

Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs olunub. Öncə o, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunub.

Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb. İndi o, həm də CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə də ittiham edilir.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. Mirəziz Əsgərova 3, Vüsal Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. Elçin Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən Natəvan Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. Bu şəxslər özlərini təqsirli bilmirlər.

XS
SM
MD
LG