Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:29

Koronavirus uşaq hüquqlarını, digər xəstəlikləri 'yeyir' – Qərb mediası


Misirdə uşaqlar, arxiv fotosu
Misirdə uşaqlar, arxiv fotosu

İndiyədək uşaqlar COVID-19 pandemiyasının kəskin simptomlarından əsasən kənar qalıblar. Amma xəstəliyin sosial və iqtisadi fəsadları “milyonlarla uşaq üçün potensial fəlakət” yaradır. BMT bu haqda dünən – aprelin 16-da hesabat yayıb. Hesabatda deyilir ki, COVID-19 “daha geniş uşaq hüquqları böhranı”na çevrilməkdədir.

“Bütün yaşlardan, bütün ölkələrdən uşaqlar onun təsirinə məruz qalır. Bəzi uşaqlar isə buna görə daha böyük bədəl ödəyir”, – hesabatda vurğulanır.

Qurum ən çox xarabalıqlarda, qaçqın və məcburi köçkün düşərgələrində, konflikt zonalarında, dövlət qurumlarında, təcridxanalarda qalan uşaqların və fiziki əngəllikləri olanların xəstəlikdən böyük ziyan gördüyünü vurğulayır.

BMT-nin Baş katibi Antonio Guterres video-bəyanatında deyib ki, koronovirus pandemiyası dünyadakı uşaqların çoxuna “təhlükə yaradır” və ailələri, bütün səviyyələrdə liderləri “uşaqları qorumağa” səsləyib. Baş katibin sözlərinə görə, uşaqlar heç yerdə məktəbə getmir, karantinə görə ailələr stress içindədir, ailə gəlirlərinin azalması ailələri əsas səhiyyə və ərzaq xərclərini azaltmağa vadar edir və bütün bunlar “özəlliklə uşaqlara təsir göstərir”.

Guterres deyir ki, qlobal geriləmə və pandemiyanı yumşaltmaq üçün görülən tədbirlər “2020-ci ildə yüzminlərlə əlavə uşaq ölümünə” səbəb olar.

Hesabatda hökumətlər və donorlar aztəminatlı ailələrə iqtisadi yardım, nağd pul ayırmağa çağırılır.

Pandemiya dövründə Azərbaycanda uşaqpulunun bərpası çağırışları səslənir. İndiyədək hökumət bu çağırışlara reaksiya verməyib.

Koronavirus digər xəstəlikləri arxa plana keçirir

“The Associated Press” agentliyi koronovirus pandemiyasının digər xəstəliklərə təsirini araşdırıb. Məsələn, 1,3 milyard əhalisi olan Hindistan ötə ay qəfil karantin elan etdiyindən Lavina D’Souza hökumətin verdiyi İİV-ə qarşı dərmanını ala bilməyib.

43 yaşlı qadın immun sisteminin zəifləyəcəyindən narahatdır. “Məni koronovirus, ya başqa istənilən xəstəlik daha tez tutar”, – o deyir.

Hər il dünyada QİÇS, vərəm, xolera kimi yoluxucu xəstəliklərdən milyonlarla insan ölür. İndi xəstəxanalar koronoviruslu xəstələrə fokuslanıb. Afrika Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzinin başçısı Dr. John Nkengasong deyir ki, digər xəstəliklər üçün nəzərdə tutulmuş resursların tükənəcəyindən “çox qorxurlar”.

Dünyanın hər yerində oxşar vəziyyət yaranıb. Hətta Cənubi Koreya kimi səhiyyə sistemi yüksək səviyyədə olan ölkələrdə belə vərəmli xəstələri geri qaytarırlar, Cənubi Koreyadakı Con Hopkins Bloomberg İctimai Səhiyyə Məktəbindən Hojoon Sohn deyib.

Dünyada hər il 10 milyon vərəmli xəstənin 30 faizinə heç vaxt diaqnoz qoyulmur, Sohn vurğulayır.

“Bu adamlar heç normal şəraitdə belə müalicə almırdılar. İndi aşkarlanmayan vərəmli xəstələrin sayının daha da artacağı gözlənir”, – o əlavə edib.

Konqoda bundan qabaq Ebola yayılıb, həm də illərdir münaqişə şəraitindədir. Üstəlik qızılcadan 6 mindən çox insanın vəfat etdiyi bildirilir.

Bu arada dünyada 13,5 milyondan çox insanın peyvəndlənməsi yubanır, GAVI vaksin alyansı bildirir. Beynəlxalq təşkilat 21 ölkədə sərhədlərin bağlanması, hava nəqliyyatının dayanması səbəbindən vaksin qıtlığının yarandığını bildirir.

24 ölkədə isə qızılcaya qarşı peyvənd kampaniyası dayandırılıb. 37 ölkədə 117 milyondan artıq uşağın peyvənd oluna bilməyəcəyi sarıdan narahatlıq var.

XS
SM
MD
LG