Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

Müəllif öz kitablarını alıb ki...


Kitab
Kitab

Yazıçı Mark Dawson reytinq siyahılarında irəli çıxmaq üçün öz kitabının çox sayda nüsxəsini satın alıb və buna görə tənqid hədəfinə çevrilib. Ancaq "The Guardian" yazır ki, bu, qayda pozuntusu deyil.

Qəzet yazır ki, ABŞ-da "The New York Times" reytinq siyahısı ən nüfuzlu kitab çartı olduğu kimi, Britaniyada da "Sunday Times" bestseller siyahısı qızıl standart sayılır. Hərçənd, siyahıların çoxu "Nielsen BookScan"ə aiddir. Ancaq bestseller siyahısında önə çıxmaq satış sayları qədər sadə deyilmiş. Siyahıların ilk yerlərinə çatmaq üçün "həmişə ədalətli olmayan" yollara əl atmaq lazım gəlir.

3600 funta 400 nüsxə

Britaniyalı yazıçı Mark Dawson-un "Təmizlikçi" (The Cleaner) trilleri "Sunday Times"ın siyahısında 8-ci yeri tutub. Kitab müstəqil "Welbeck" nəşriyyatı tərəfindən çap edilib və iyunun sonunda işıq üzü görüb. Bu, istənilən yazar, yaxud kiçik nəşr evi üçün böyük uğurdur. Ancaq Dawson çox maraqlı hərəkət edib. O, satış sayını süni şəkildə qaldırıb ilk onluğa salmaq üçün öz kitabının 400 nüsxəsini 3600 funta (4580 dollar) satın alıb!

Özünün müstəqil kitab çapı haqda podkastında (Self Publishing Show podcast) Dawson bunun səbəbini izah edib. "Nielsen" özünün həftəlik çartını elan edəndə Dawson görüb ki, onun həmin həftə 1300 nüsxəsi satılmış kitabı 13-cü yerdə, onluğun lap yaxınlığındadır. Onun ağlına gəlib ki, Britaniyada kitabı satın alıb xaricdəki oxuculara özü satsın.

Bundan sonra sosial mediada bir neçə yazıçı Dawson-un seçdiyi strategiya ilə bağlı narahatlıq ifadə edib. Trillerlər müəllifi Clare Mackintosh Dawson-un Twitter-də öz uğurunu qeyd etməsinə cavab olaraq deyib ki, onun, eyni zamanda, kitablarının az qala 1/4-ni satın almasını da deməməsi riyakarlıqdır. Dawson-sa israrla, sadəcə, xaricdən gələn çoxsaylı sifarişləri yerinə yetirdiyini deyir.

Əvvəllər də belə hallar olub

Qəzet daha sonra yazır ki, bu, ilk belə hal deyil. 2017-ci ildə "The New York Times"ın bestseller siyahısının birinci yeri "Handbook for Mortals" adlı kitabdan alınıb. Məlum olub ki, bir neçə kitab dükanına Lani Sarem adlı müəllifin bu kitabının külli miqdarda nüsxəsi sifariş edilib. Sarem bu kitabları tədbirlər üçün aldığını iddia etsə də? çartdan kənarlaşdırılıb.

ABŞ prezidentinin oğlu Donald Trump Jr-un da "Triggered" adlı kitabı çartın lideri olub. Ancaq bu, Respublikaçılar Partiyasının Milli Komitəsinin (RNC) topdansatış sifarişlərinə 94 min 800 dollar xərcləməsindən sonra baş verib. Sifarişlər kitabın çapdan çıxmasından bir həftə öncə edilibmiş. RNC sözçüsü bu addımın partiyanın tərəfdarları arasında tələbatı qarşılamaqdan ötrü atıldığını deyib. Sən demə, müəlliflərə öz kitablarını satın almaqda kömək etmək üçün bütöv şirkətlər təsis edilibmiş. Çünki kitabın bestseller kimi tanınması onun daha çox satılmasına yol açır. 2004-cü ildə aparılmış bir tədqiqat göstərib ki, "The New York Times"ın bestseller siyahısına düşən, ilk debütünü edən müəllifin kitabının satışı 57% artır.

Bəs, öz kitabını satın almaq qanun pozuntusu deyilsə, etik baxımdan necə, doğrudurmu? "Bir çoxları iddia edə bilər ki, bestseller siyahıları meritokratiya göstəricisi deyil. İri nəşriyyatlar öz imkanlarından istifadə edərək reklam və PR kampaniyaları vasitəsilə müəyyən kitabları önə itələyirlər. Onlar həm də, adətən, kitablarının dükanlarda ən görünən yerlərə qoyulmasına nəzarət edirlər. Dawson, sadəcə, bütün riski öz üzərinə götürüb. Ancaq çartlarda [yüksək yerlərə doğru] yolunu satın almaq da qeyri-demokratik görünür. Britaniyalı müəlliflərin orta illik gəliri 10500 funtdan (13360 dollar) aşağıdır. Bu məbləğin də 1/3-dən çoxunu bestseller adını qazanmağa xərcləmək hər adamın işi deyil. Bunu yalnız maddi imkanı yaxşı olan müəlliflər edə bilər", – məqalədə deyilir.

XS
SM
MD
LG