Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:22

Ramiz Mehdiyev toylara görə digər yüksəkrütbəli məmurların da cəzalandırılmasını istəyir, yoxsa...


Ramiz Mehdiyev, 20 noyabr 2009
Ramiz Mehdiyev, 20 noyabr 2009

Ramiz Mehdiyev: “Dünən məni mədh edənlərin bu gün məni...”

Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün, avqustun 24-də açıqlama yayıb. Açıqlama AMEA-nın saytında yayılıb.

E.Mehdiyev qeyd edib ki, onun qız nəvəsi Fidan Əliyevanın avqustun 18-də Novxanıda bağ evində, məhdud sayda qonağın iştirakı ilə şadlıq məclisi keçirilib.

O, əlavə edib ki, bu məsələ avqustun 20-dən etibarən qonaqlardan birinin sosial şəbəkələrdə yerləşdirdiyi videodan sonra geniş müzakirə mövzusuna çevrilib:

“ Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və...”

“ ...Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir”

Bununla belə, onun vurğulamasına görə, aidiyyatı orqanların baş verənlərə münasibətdə tutduqları mövqe haqlıdır:

“Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm”

“ Çünki, qanun qarşısında hamı bərabərdir. Məhkəmənin mənim kürəkənim haqqında verdiyi qərarı da ədalətli hesab edirəm. Məclisdə iştirak etmiş digər qonaqların barəsində görülmüş inzibati cəza tədbirləri də qanunlara müvafiqdir. Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır.”

“İnanmaq istəyirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları..."

“İnanmaq istəyirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları, KİV-lər, millət vəkilləri və ictimai xadimlər bu günlərdə baş verən analoji hadisələrə də eyni həssaslıq və prinsipiallıqla yanaşacaq, müqəssirlərin hamısını qolları qandallı şəkildə məhkəmə önünə çıxarıb, onlara qanunun aliliyi haqqında dəyərli tövsiyələr verəcəklər. Belə olan təqdirdə sadə vətəndaşların ölkədə hüququn gücünə dair sual və şübhələri tamamilə aradan qalxmış olacaq”

Ramiz Mehdiyevin bildirməsinə görə, tarixi təcrübə sübut edib ki, hər bir dövlətin tərəqqisi, gücü və gələcəyi vətəndaşların qanun qarşısında bərabərliyindən keçir.

“…Orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil”

“ Əgər hər hansı cəmiyyətdə bir qrup insanlar öz vəzifələri, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçə bilirsə, orada heç bir ədalətdən, doğruluqdan, insanlıqdan danışmaq mümkün deyil. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) öz hədislərinin birində belə buyurmuşdur:

“Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”, deyə Ramiz Mehdiyev bildirir.

“Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır”

R.Mehdiyev habelə qeyd edib ki, tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimir:

“ Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin, bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi?”

Ramiz Mehdiyev suallara davam edir:

“ Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”

Xatırlatma

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyevin qızının toyu olduğu bildirilir. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Yerli saytların məlumatına görə, adıçəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib. Koronavirus pandemiyası ilə bağlı mart ayından Azərbaycanda toylara icazə verilmir.

Ramiz Mehdiyevin kürəkəni həbs edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Həmin məclisdə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri S.Novruzov və onun xanımı, Ombudsman S.Əliyevanın da iştirak etdiyi bildirilir. YAP buna görə S.Novruzova töhmət verib. Eyni zamanda, həm onun, həm xanımının, həm də toyda iştirak etdikləri bildirilən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasovun və daha başqa şəxslərin xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat cərimə olunduqları açıqlanıb.

Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyev və onun qudası R.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Onlar məhkəməyə əlləri qandallı şəkildəgətirilib. Dünən, avqustun 23-də isə deputat Siyavuş Novruzov facebook səhfəsində bunları yazmışdı:

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə, toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir” Yeri gəlmişkən Siyavuş Novruzovun avqustun 24-də Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən (İcra katibinin müavini vəzifəsindən) azad etmək barədə xahiş etdiyi açıqlanıb.

XS
SM
MD
LG