Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:52

Pandemiya bu kitabların satışını artırıb


Audiokitab
Audiokitab

ABŞ-ın həftəlik "Publishers Weekly" jurnalı yazır ki, Avropada COVID-19 böhranı səbəbindən "kərpic və sementdən tikilmiş" kitab dükanlarının bağlı olduğu dövrdə elektron və audio kitabların satışı yüksək olub. Jurnal bu xəbəri Almaniyanın internet kitab dükanı olan "Bookwire" və kitab nəşri sahəsində ixtisaslaşmış avstriyalı konsultant Rüdiger Wischenbart-ın yeni hesabatına istinadən verib. Hesabatda qapanma (lokdaun) dövrü 2020-ci ilin 11-ci həftəsindən 19-cu həftəsinədək götürülüb.

Hesabatın müəllifləri Almaniya, Avstriya və İsveçrə üzrə iki milyon rəqəmsal tranzaksiyanı araşdıraraq aşkar ediblər ki, lokdaun dövründə elektron kitabların satışı əvvəlki həftələrlə müqayisədə 26% artıb. Audiokitabların endirilmə sayı iki dəfədən çox artıb. Bu dəyişiklikdə kitab çapı şirkətlərinin hədəfli marketinq kampaniyalarının və endirimlərinin böyük rolu olub.

"Publisistika da elektron kitab bestselleri ola bilər"

Qapanma dövrü bitən kimi Almaniya və regionda fiziki kitab dükanlarında satış bərpa olunub. Bu zaman artıq elektron və audio kitabların satış səviyyəsi bir qədər azalsa da, qapanma dövründəki səviyyədən yüksək olaraq qalıb.

"Bizim data təhlilimiz göstərir ki, COVID-19 böhranı dövründə satış sayının artmasına təkcə ən populyar janrlar olan sevgi və detektiv trillerləri cavabdeh olmayıb. Hətta uşaq və yeniyetmələr üçün kitablar, yaxud publisistika da elektron kitab bestselleri ola bilər", – "Bookwire"in CEO-su Jens Klingelhöfer jurnala müsahibəsində deyib.

Jurnal daha sonra yazır ki, satış saylarının artmasından daha əhəmiyyətli məqam yeni rəqəmsal audiokitab xidmətlərinə abunə olan adamların sayının artmasıdır. Sözügedən dövrdə bu say 37% artıb.

"Biz abunələrin sayının artmaqda olduğunu çox güclü hiss etməkdəyik. Bu zamana qədərki proqnozlar bunun peşə kitablarında işə yaramayacağını deyirdi. Ancaq biz bu modelin elm, texnologiya, təbabət və peşə kitablarında da işləməyə başladığını gördük. …Biz əlimizdə olan datada müştəri davranışında dəyişikliyin ciddi dəlillərini görürük", - Wischenbart deyib.

Düzgün vaxtda düzgün auditoriya üçün

Hesabatda daha sonra deyilir ki, elektron kitablar, son illərin xəbərlərində iddia olunduğu kimi, tənəzzül etməyib. Klingelhöfer kimi, Wischenbart da ən müxtəlif kateqoriyalı kitablara marağın artdığını qeyd edib. O, həmçinin, marketinqin satış saylarının bu qədər artmasında böyük rolu olduğunu vurğulayıb. "Ağıllı PR işə yarayır!.. Həm naşirlər, həm də satıcılar düzgün işləri gördükləri zaman, məsələn, düzgün vaxtda düzgün auditoriya üçün çox hədəfli reklam ortaya qoyduqları zaman böyük fərq yarada bilirlər. Onların koordinasiya olunmuş şəkildə birlikdə işləməyə razılaşması da vacibdir", – o deyib.

Yazıda daha sonra İsveçin elektron və audio kitab satıcısı və abunə xidməti olan "Storytel"dən söz açılır. "Storytel" Avropanın hər yerindən olan müştərilərə kitab satır. Bu şirkət də son zamanlar striminq satışlarından böyük gəlir götürməyə başlayıb. Onun bu kateqoriyada gəlirləri bu ilin ilk altı ayı ərzində 2019-cu illə müqayisədə 43% artıb. Eyni dövr ərzində abonement satışlarında birdən-birə 42% sıçrayış qeydə alınıb. 20 ölkədə işləyən, lakin Skandinaviya ölkələrində daha populyar olan şirkət ilin qalan hissəsi ərzində artımın yavaşıyacağını proqnozlaşdırır.

Hazırda şirkətin 1.2 milyon abunəçisi var. Şirkət ilin sonunadək bu sayı 1.5 milyona çatdırmağı qarşısına məqsəd qoyub. "Storytel" oxşar şirkətləri satın almaqla genişlənməyə davam edir. Onun satın aldığı şirkətlərdən biri də ərəbdilli audiokitab satıcısı "Kitab Sawti"dir. Şirkət Milad bayramı mövsümündən əvvəl Tailand və İndoneziyada da fəaliyyətə başlamağa hazırlaşır. Məqalədə hətta "Storytel"in sürətli genişlənmə dövründə ziyanla işlədiyi qeyd edilir.

XS
SM
MD
LG