Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:53

Kərimovanın milyonlarını Özbəkistana qaytarırlar


Gülnarə Kərimova
Gülnarə Kərimova

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı cinayət işilə əlaqədar müsadirə olunmuş 130 milyon dollar Daşkəndə qaytarılacaq. Bu barədə İsveçrə ilə razılaşma əldə olunub.

İsveçrə hökumətinin sentyabrın 11-də bildirməsinə görə, qaytarılan vəsait “Özbəkistan xalqının rifahı üçün istifadə olunacaq”.

Əlavə aktivlər də qaytarıla bilər

Bəyanatda deyilir ki, pulun qaytarılması üçün qoyulan tələblər sırasında şəffaflıq və monitorinq mexanizminin yaradılması yer alıb.

2012-ci ildə Kərimovaya qarşı cinayət təhqiqatı çərçivəsində İsveçrə 800 milyon İsveçrə frankını (880 milyon dollar) dondurub. 2019-cu ildə bu vəsaitin 131 milyon dolları müsadirə olunub.

Qalan vəsait dondurulmuş vəziyyətdədir və bəyanatda vurğulanır ki, çərçivə razılaşması hazırda davam edən cinayət işi çərçivəsində müsadirə olunan əlavə aktivləri də əhatələyə bilər.

Mayın əvvəlində Özbəkistan hökuməti Fransadan Kərimovanın qanunsuz əldə etdiyi 10 milyon dollarlıq vəsaiti aldığını bildirib.

Kərimova 2017-ci ildə həbs olunandan Daşkənd xarici yurisdiksiyalardan 1 milyard dollardan artıq vəsaiti geri almağa çalışır.

686 milyon dolları qaytarmağı təklif edib

Vaxtilə atasının mümkün varisi sayılan Kərimova 2014-cü ildən, hələ atası ölkəni idarə edəndən ev dustağı edilib. Kərimov 2016-cı ildə vəfat edəndən sonra Şavkat Mirziyoev onun yerinə keçib.

İsveçrə, Birləşmiş Ştatlar, İsveç və Niderlandda aparılan cinayət təhqiqatı Kərimovanın bir neçə il çəkmiş nəhəng rüşvət sxemində iştirakını üzə çıxarıb. Həmin sxem çərçivəsində xarici telekommunikasiya şirkətləri cəlbedici özbək bazarına çıxış əldə ediblər.

Kərimova 2017-ci ilin dekabrında 10 il həbs cəzasına məhkum edilib. Sonradan həbsi beş ilə salınıb və ev dustaqlığına keçirilib. Amma 2019-cu ilin martında ev dustaqlığının şərtlərini pozduğuna görə yenidən həbsxanaya köçürülüb.

Fevralda Mirziyoevə məktubunda Kərimova ona qarşı cinayət işinin bağlanması əvəzində ölkə xəzinəsinə 686 milyon dollar qaytarmağı təklif edib.

Ancaq bir ay sonra pul qoparma, çirkli pulyuma və digər cinayətlərdə təqsirli bilinərək daha 13 il dörd ay həbsə məhkum edilib.

XS
SM
MD
LG