Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:45

Freedom House: Pandemiya demokratiya böhranını dərinləşdirir


Bakıda 14 iyul orduya dəstək yürüşü
Bakıda 14 iyul orduya dəstək yürüşü

Pandemiya başlanandan 80 ölkədə demokratiya və insan haqlarının durumunun pisləşdiyi vurğulanır

COVID-19 pandemiyası dünyada demokratiya böhranını dərinləşdirib, hökumətlərin seçkiləri pozmasına, tənqidçiləri, mətbuatı sıxışdırmasına şərait yaradıb. “Freedom House” beynəlxalq insan haqları təşkilatının oktyabrın 2-də açıqladığı hesabatda belə deyilir. Hesabat “Karantində demokratiya” adlanır.

80 ölkədə vəziyyət pisləşib

Pandemiya başlanandan 80 ölkədə demokratiya və insan haqlarının durumunun pisləşdiyi vurğulanır.

Ekspertlər çarpışmaqda olan demokratiyalarda və yüksək repressiv rejimlərdə xüsusi kəskin pisləşmənin olduğunu vurğulayırlar.

Azərbaycanda “hökumət karantin pozmaq bəhanəsilə müxalifətdən olan siyasi fəallara divan tutub”, – hesabatda vurğulanır.

Qazaxıstanda “sosial mediada tənqidi fikirlər səsləndirdiyinə, insan haqları pozuntuları haqda informasiya yaydığına görə vətəndaş cəmiyyəti fəalları və siyasi müxalifətin təqibi artıb, onlara cinayət işləri açılıb”.

Bolqarıstanda romaların yaşadığı ərazilərdə daha sərt hərəkət məhdudiyyətləri tətbiq olunub. Serbiyada bir respondentin deməsinə görə, “miqrantları mümkün virus daşıyıcıları kimi qələmə veriblər”.

Respondentlərin 60 faizindən çoxu deyib ki, gələn 3-5 il ərzində pandemiyanın onların ölkələrində siyasi hüquqlara və vətəndaş azadlıqlarına mənfi təsir göstərəcəyini gözləyirlər.

Əsas problemlər

Ekspertlər COVID-19 pandemiyası dövründə dörd kəskin problem qruplaşdırırlar: koronavirusla bağlı hökumət şəffaflığının və informasiyanın olmaması, korrupsiya, həssas qrupların yetərincə qorunmaması və hökumətlərin hakimiyyətdən sui-istifadəsi.

Hesabata görə, fəallar, jurnalistlər və vətəndaşlar bu əngəlləri aradan qaldırmaq üçün canfəşanlıq göstəriblər. Onların hökumətin sui-istifadəsini yeni üsullarla üstələməyə cəhd ediblər, auditoriya ilə işləmək və yeni tərəfdaşlıqlar yaratmaq üçün onlayn platformalara üz tutublar.

Məsələn, Belarusda Alyaksandr Lukaşenkanın rəsmən prezident elan olunmasına kütləvi etirazlar sərbəst toplaşma azadlığının uzun müddət kəskin məhdudlaşdırıldığı ölkədə əhalinin dirənişinə güclü örnək hesab olunur.

Bir çox ölkələrdə pandemiyanın seçkiyə də təsir göstərdiyi bildirilir. Məsələn, Birləşmiş Ştatlarda seçki rəsmiləri 3 noyabr seçkisinə hazırlıqlı görünmürlər. Poçtla səsverməyə tələbat artıb, işçi çatışmazlığı mümkündür, seçki qaydalarına son anda dəyişikliklər olunub.

Hesabatda o da deyilir ki, pandemiya şəraitində etirazların məhdudlaşdırılmasına baxmayaraq, onları dayandırmaq mümkün olmayıb.

“158 ölkədə etirazlara yeni məhdudiyyətlər qoyulmasına baxmayaraq, pandemiya başlanandan azı 90 ölkədə əhəmiyyətli miqyasda etirazlar keçirilib”, – hesabatda vurğulanır.

XS
SM
MD
LG