Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

İ.Əliyev ATƏT sədrilə görüşdə:'..münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq'


Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in sədri Ann Linden, Bakı, 14 mart 2021
Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in sədri Ann Linden, Bakı, 14 mart 2021

Martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Məlumata görə, təkbətək görüşdən sonra geniş tərkibdə müzakirələr aparılıb.

İlham Əliyev bu səfərə böyük əhəmiyyət verdiyini bildirib.:

"Sizin səfərinizə böyük əhəmiyyət veririk. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür".

"...bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq... üçün başlanğıc nöqtəsi ola bilər"

İlham Əliyev vurğulayıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb və yenidənqurma proqramı həyata keçirilir.

"Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər".

Prezident deyib ki, kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq.

"Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini ( 1993-ci ildə Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT -nin 4 qətnaməsi olub) və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik...".

"Biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik"

Prezident İlham Əliyevin ATƏT sərdi və nümayəndə heyəti ilə görüşü, 14 mart 2021
Prezident İlham Əliyevin ATƏT sərdi və nümayəndə heyəti ilə görüşü, 14 mart 2021

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde söhbət zamanı təmsil etdiyi qurumun prioritetlərini bir daha vurğulayıb.

"Bildiyiniz kimi, ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır. Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür" deyə Ann Linde bildirib.

Görüşlər martın 15-də də davam edəcək

ATƏT-in internet səhifəsində verilən məlumata görə, Ann Linde, xarici işlər naziri Ceyhun Bayramov, Baş nazir Əli Əsədov, o cümlədən vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək. Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti martın 14-də Azərbaycana gəlib. ATƏT nümayəndə heyətinin Azərbaycandan başqa Ermənistanda da səfərdə olmalıdır.
Qarabağ münaqişəsində vasitəçi tərəf ATƏT-in Minsk qrupu olub.ABŞ,Rusiya və Fransa bu qrupun həmsədrləridir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG