Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:49

'İdeal'ın keçmiş rəhbərinin anası: 'Oğlumu azğınlaşmış məmurlar parçalayır'


İlqar İsmayılov
İlqar İsmayılov

Parfümeriya məhsullarının satışıyla məşğul olan "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov haqqında çıxarılmış həbs qərarına etiraz edir. Susdurulmaq üçün sifarişlə həbs olunduğunu vurğulayan işadamı Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb, lakin təmin olunmayıb.

Anası Solmaz İsmayılova da iddia edir ki, oğlu haqqında həbs qərarı əvvəldən hazır olub, aprelin 5-də Binəqədi rayon Məhkəməsində proses formal keçirilib: "Oğlum məhkəməyə aparılanda beş vərəqdən ibarət həbs qərarı hazır imiş. Yoxsa hakim bu beş vərəqli qərarı 10 dəqiqəlik müşavirədə necə yaza bilərdi ki, çıxıb elan edən kimi oğluma verib. Məhkəmə axşam saat 9-dan sonra keçirilib".

"Bu inadı yerə qoy, nə istəyirlərsə, ver"

İsmayılova oğlunun həbsiylə əlaqədar prezident və vitse-prezidentə müraciət edib. O, məktublarında özünü "oğlu azğınlaşmış məmurlar tərəfindən parçalanmış ana" kimi təqdim edib.

İsmayılovun "İdeal"ı 1999-cu ildə öz gücü hesabına yaradıb böyütdüyünü, lakin 2011-ci ildə səhmlərin yarısını AZAL-ın rəhbəri Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya satmaq məcburiyyətində qaldığını vurğulayan ananın sözlərinə görə, sonradan qarşı tərəf şirkətə tam sahiblənmək istəyib: "Biz qohumlar, rəhmətlik atası ona deyirdik ki, "sən nəhənglərlə bacara bilməzsən, bu inadı yerə qoy, nə istəyirlərsə, ver". Lakin oğlum "İdeal"a bütün həyatını sərf etmişdi, onun üçün mənəvi dəyəri yüksək idi, ona görə şirkəti tam vermək istəmədi. Nəticədə 2017-ci ildə şərlənib həbs edildi. Guya, özünə məxsus şirkətin əmlakını mənimsəyib. Saxta kredit müqaviləsi hazırlayıblar ki, guya bankdan 5 milyon dollar götürüb. 3 ay 10 gün həbsdə qaldı. Yanına notariusla birlikdə elçilər getdi, şirkətdəki payından tam və əmtəə nişanı hüququndan imtina etməsi barədə sənədləri imzalatdırıb sonra buraxdılar".

Xəbərdarlıq olunsa da...

Anasının sözlərinə görə, işadamı həbsdən buraxılanda onun qarşısında susmaq şərti qoyulub. Əks halda, yenə həbs olunacağı haqda xəbərdarlıq edilib. İsmayılov 3 il sussa da, sonra dözə bilməyib, dövlət orqanlarına şikayətlər göndərib, məhkəmələrdə iddialar qaldırıb: "Bizi dinləmədi, bir gün mənə vəsiyyətini deyib, əlindən alınmış haqqını tələb etmək üçün yola çıxdı".

İşadamı 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın vəsaiti mənimsəməkdə suçlanır. Anası isə oğlunun öz şirkətindən mənimsəmədə suçlanmasını absurd hesab edir.

"Gözü ac, heç nədən qorxmayan, "mənəm qanun" deyən adamlar oğlumu əlimdən alır", - deyən İsmayılova prezident və vitse-prezidentdən oğlunun işini nəzarətə götürmələrini xahiş edib.

Xatırlatma

Aprelin 5-də həbs olunan işadamı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal"ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

"Premium Bank" rəhbərliyi İsmayılovun adına 5 milyon dollarlıq kredit müqaviləsinin saxta olması barədə iddiaların əsassız olduğunu bildirib. "Premium Bank"ın əsas sahibi AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevadır.

XS
SM
MD
LG