Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:38

'Rusiyanın Azərbaycandan istəyi odur ki,…'


Moskva, Kreml, arxiv foto
Moskva, Kreml, arxiv foto

Ötən ilin noyabrın 10-da Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanan üçtərəfli bəyanatından və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra bəzi ekspertlər hesab edir ki, «şimali qonşunun» regionda siyasi imkanları genişlənib. Onların təxminlərinə görə, Rusiya Qafqaz regionunu öz nəzarətindən buraxmaq istəmir.

İndi cəmiyyətdə tez-tez də belə bir sual eşidilir. Rusiyanın regionda uzun və qısamüddətli planları nədən ibarətdir?

"Rusiya bu regionda başqa dövlətlərin fəallığını çox böyük qısqanclıqla qarşılayır»
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan" Agentliyinə bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ ) xarici siyasətinin prioritet istiqaməti Yaxın və Orta Şərqdirsə, Rusiyanın prioritet sahəsi postsovet məkanıdır:

«Həmin postsovet məkanı Rusiya üçün strateji əhəmiyyətli zona sayılır və orada baş verən proseslərə dərhal reaksiya verir. Rusiya bu regionda başqa dövlətlərin fəallığını çox böyük qısqanclıqla qarşılayır».

Elman Nəsirov, arxiv foto
Elman Nəsirov, arxiv foto

Deputat qeyd edib ki, Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını dərc edib və bu ölkələrin arasında ABŞ, Çexiya var :

«Moskva-Vaşinqton münasibətləri çox mürəkkəb dövrünü yaşayır. Bu kontekstdə Rusiya xarici işlər naziri S. Lavrovun Ermənistana 5-6 may tarixli səfərinə diqqət yetirin. Orada imzalanan sənədlər Ermənistanın bioliji təhlükəsizliklə bağlı idi və Rusiya ilk dəfə belə bir təminat alıb ki, Ermənistandakı bioloji laboratoriyalara daxil olma imkana malikdir. Halbuki, həmin laboratoriyalar Ermənistanın özünə məxsus deyil və onların daha çox ABŞ-a məxsus olduğu haqqında fikirlər geniş yayılıb».

«Əvvəllər N.Paşinyan həm Qərblə, həm Moskva ilə ikibaşlı oyun oynayırdı»

Komitə üzvünün fikrincə, Rusiya artıq İkinci Qarabağ müharibəsindən sonra Ermənistana təsir imkanlarını olduqca gücləndirib :

«Əvvəllər N.Paşinyan həm Qərblə, həm Moskva ilə ikibaşlı oyun oynayırdı. Amma indi məlum məğlubiyyətdən sonra artıq onun davranışı birmənalı Risiya istiqamətlidir və Rusiyadan son dərəcədə asılı vəziyyətə düşüb. Bu ikibaşlı oyuna görə Rusiya Ermənistanı cəzalandırır. Növbəti cəza isə onları ABŞ-dan gözləyə bilər. Çünki Paşinyanın bioloji laboratoriyalarını Rusiyanın üzünə açması ABŞ-ın maraqlarına ziddir».

E.Nəsirov vurğulayıb ki, Azərbaycanın siyasi rəhbərliyi çox düzgün bir kursu həyata keçirir : «Bu da müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmaq, milli maraqları qorumaq və müstəqil siyasəti həyata keçirməkdir. Eyni zamanda əməkdaşlıq və tərəfdaşlıq mühitinə üstünlük verməkdir».

«Biz qonşularıq, amma ...»

Deputat bildirib ki, S.Lavrovun Bakıya səfəri zamanı 2021-2022-ci illərdə Rusiya ilə xarici siyasət məsələlərdə məsləhətləşmələrlə bağlı sənəd imzalanıb:

«Bu, həm ikitərəfli, həm də beynəlxalq münasibətlərdə iki dövlətin əməkdaşlıq mühitini gücləndirməyə xidmət edən bir sənəddir və burada Azərbaycan, Rusiya bərabər tərəflər kimi çıxış edirlər. Azərbaycan dövləti ləyaqətli davranış ortaya qoyur, Rusiyaya hörmətlə yanaşır. Biz qonşularıq, amma strateji tərəfdaş olmaqla yanaşı bərabərhüquqlu münasibətlərə üstünlük veririk»

«Azərbaycana da qoşunları yerləşdirdi və arzusuna çatdı »

Elxan Şahinoğlu, 3 avqust 2009
Elxan Şahinoğlu, 3 avqust 2009

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan regionda yeganə ölkə idi , Rusiysnın burada hərbi qüvvələri yox idi:

«Ermənistanda hərbi bazası var, Gürcüstan parçalanmışdı, Abxaziya və Osetiyada ( Gürcüstan və Qərb ölkələri onların hər ikisini Gürcüstan ərazisi sayır ) da var idi. İndi Azərbaycana da qoşunları yerləşdirdi və arzusuna çatdı. Düzdür, 10 noyabr bəyanatına görə, 5 ildən sonra bu məsələyə yenidən baxılmalıdır və Rusiya çalışacaq ki, Azərbaycanı tərk eləməsin».

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, politoloq hesab edir ki, Rusiya münaqişənin tam həllini istəmir :

«Çünki münaqişə tam həll olunsa Rusiya bölgəni tərk etməli olacaq. Ona görə də münaqişə vasitəsilə həm Azərbaycana, həm Ermənistana təsir imkanlarını itirmək istəmir. Düzdür, bu Azərbaycanın maraqları ilə üst-üstə düşmür».

Ekspert qeyd edib ki, Rusiyanın Azərbaycandakı «beşinci kolon» haqqında da çox danışılır:

«Düzdür, müəyyən adamlar hakimiyyətdən uzaqlaşdırılıb, amma həmin kolon hələ də güclüdür, bu yatmış hüceyrələr hələ də mövcüddur və istənilən anda Azərbaycan əleyhinə müəyyən addımlar atıla bilər».

«Rusiya Azərbaycanı öz orbitinə çəkmək istəyir»

E.Şahinoğlunun fikrincə Rusiyanın Azərbaycandan istəyi odur ki, Azərbaycan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), həm də Avrasiya İqtisadi Birliyinə üzv olsun :

«KTMT-yə üzvlüyü Azərbaycanın maraqlarına cavab vermir. Çünki orada Ermənistan var. Avrasiya İqtisadi Birliyinə gəldikdə isə orada Azərbaycan uzaqbaşı müşahidəçi qismində iştirak edə bilər. İstənilən halda Rusiya Azərbaycanı öz orbitinə çəkmək istəyir»

Ermənistanın Azərbaycanla sərhədində gərginlik - Veraşen kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Politoloq hesab edir ki, bu alınmayacaq: «Çinki Azərbaycan artıq Türkiyə ilə hərbi ittifaq qurub və bu ittifaq qurulandan sonra Azərbaycanın Rusiyanın orbitinə keçməsi mümkün olmayacaq».

KTMT 1992 -ci ildə yaradılıb. Ona Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus daxildir.

Avrasiya İqtisadi Birliyi də 2014-də yaradılıb. Ona da Rusiya, Ermənistan, Qazaxıstan və Belarus üzvdür.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG