Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

UNICEF zəngin ölkələri vaksin ianə etməyə çağırır


Hindistanda dini mərasim, aprel, 2021-ci il
Hindistanda dini mərasim, aprel, 2021-ci il

Britaniya mayın 17-dən COVID-19 qadağalarını əsasən qaldırır. Əhali yenə pablara gedə, restoranlarda qapalı məkanda yeyə, kinoteatrlarda zaman keçirə biləcəklər

Mayın 17-də UNICEF-in başçısı Böyük Yeddilik (G7) ölkələrini və Avropa Birliyini (AB) yoxsul ölkələrə kömək məqsədilə COVAX vaksin paylaşımı şəbəkəsinə koronavirusa qarşı vaksin ianə etməyə çağırıb.

Qurumun başçısı Henrietta Fore deyib ki, artıq dozaları ianə etmək “minimum, vacib, təcili addımdır və hazırda ona ehtiyac var”.

Forenin sözlərinə görə, G7 və AB ölkələri iyun, iyul və avqust ayları üçün vaksin təchizatının cəmi 20 faizini paylaşsalar, 153 milyonadək doza ianə edə bilərlər.

190 milyon doza lazımdır

“Həm də bunu öz əhalisi qarşısında vaksinasiya öhdəliklərini yerinə yetirərək edə bilərlər”, – o vurğulayıb.

Fore deyib ki, bu ianə yoxsul ölkələrin yoluxmaların növbəti qaynar nöqtəsinə çevrilməsinin qarşısını alar.

Gələn ay G7 ölkələri – Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatların sammiti Britaniyada keçiriləcək.

UNICEF COVAX vasitəsilə koronavirus vaksinlərinin təchizatı üçün məsuliyyət daşıyır. Bu şəbəkəni Dünya Səhiyyə Təşkilatı (DST) və Qlobal Vaksinlər və Peyvəndləmə Alyansı (GAVI) birgə idarə edir.

Hazırda COVAX-ın üzləşdiyi vaksin qıtlığının bir səbəbi Hindistanda yoluxma dalğasının kəskin artmasıyla əlaqədardır. COVAX dozalarının böyük hissəsi məhz bu ölkədə hazırlanaraq ixrac olunmalıydı.

Hindistan Serum İnstitutunun hazırladığı AstraZeneca vaksinlərinin ixracını məhdudlaşdırıb və istehsal olunan dozaları öz əhalisinə vurur.

UNICEF mayın sonunadək 140 milyon, iyunun sonunadək 190 milyonadək doza qıtlığı ilə üzşləşəcəyini bildirir.

Britaniyada qadağalar qaldırılır

Bu arada Britaniya bu gündən – mayın 17-dən COVID-19 qadağalarını əsasən qaldırır. Əhali yenə pablara gedə, restoranlarda qapalı məkanda yeyə, kinoteatrlarda zaman keçirə biləcəklər.

İngiltərədə açıq havada 30-dək adamın bir araya gəlməsinə, qapalı məkanlarda iki ailənin görüşməsinə icazə veriləcək. Qayğı mərkəzlərində qalanlara beş ziyarətçi baş çəkə biləcək. Məktəblərdə maska qadağası qaldırılacaq.

Baş nazir Boris Conson əhalini “növbəti addım kimi həddən artıq ehtiyatlı olmağa” çağırıb.

Onun sözlərinə görə, Hindistanda aşkarlanmış ştamm o deməkdir ki, ölkənin iyuna planlaşdırılan tam acılımı yubana bilər.

Britaniya alimləri sözügedən B.1.617.2 variantının bu ölkədə dominant ştamma çevrilə biləcəyini deyirlər. Bu ştamm B.1.1.7 adı verilmiş Britaniya variantından daha yoluxucudur.

COVID-19 Britaniya iqtisadiyyatına ağır zərbə vurub, 127 min 679 nəfərin ölümünə səbəb olub. Bu, Avropada ən böyük, dünyada isə beşinci göstəricidir.

Hindistan mayın 17-də son bir sutkada 281 min 386 yoluxma və 4 min 106 ölüm qeydə alındığını açıqlayıb.

Bu ölkədə ümumi yoluxma sayı 24.97 milyon olmaqla dünyada ABŞ-dan sonra ikinci yeri tutur. Ölü sayı isə 274 mindən çoxdur.

XS
SM
MD
LG