Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:40

'Film Ay haqqındadırsa, Aya gedək'


Aktrisa Yuliya Peresild, kosmonavt Anton Şkaplerov, rejissor Klim Şipenko
Aktrisa Yuliya Peresild, kosmonavt Anton Şkaplerov, rejissor Klim Şipenko

Rusiyalı rejissor Klim Şipenko ötən həftə gələcəkdə Ay, yaxud hətta Marsda belə film çəkmək istədiyini deyib. Beynəlxalq Kosmik Stansiyaya göndərilən heyət 12 günlük çəkilişdən sonra Yerə qayıdıb. Rejissor bu missiyanın onun kinonun imkanları haqda düşüncələrini kökündən dəyişdirdiyini deyib.

Şipenko və baş rolun ifaçısı aktrisa Yuliya Peresild "The Challenge" (Sınaq) adlı film üçün 30 saatlıq material çəkdikdən sonra oktyabrın 17-də Yerə qayıdıblar. Kosmosda çəkilmiş ilk film sayılan "The Challenge" Rusiya mediası tərəfindən dünya miqyaslı nailiyyət kimi qələmə verilir.

"Film niyə studiyada çəkilməlidir ki?"

Mətbuat konfransında Ayda çəkiliş aparmaq haqda suala cavab verən Şipenko belə deyib: "Biz hazırıq. Kosmos haqda filmin kosmosda çəkilməli olduğuna inanırıq. Film Ay haqqındadırsa, Aya gedək; Mars haqqındadırsa, Marsa gedək. …Niyə də yox? Film niyə studiyada çəkilməlidir ki?".

Rusiya dövlət mediası kosmik film çəkilişinin görüntülərini yayıb. Bütün bunlar İlon Mask və Ceff Bezos kimi nəhəng iş adamlarının fəzaya raket buraxmaq və turist daşımaqla xəbər başlıqlarını zəbt etdiyi, Rusiyanın öz kosmik proqramınınsa ləngimələr, qəzalar və korrupsiya qalmaqalları içində çabaladığı dövrdə baş verir.

"Hər saniyə böyük bir kəşf idi", – kosmonavtın həyatını xilas etmək üçün kosmik stansiyaya səyahət etməli olan həkimi canlandıran Peresild mətbuat konfransında deyib.

Kosmosda kino çəkən heyət Yerə enib
Kosmosda kino çəkən heyət Yerə enib

"İnsanın şüuru kökündən dəyişir"

Şipenkonun sözlərinə görə, Beynəlxalq Kosmik Stansiyanın əməkdaşları da təbii dialoqları ilə çəkilişə öz töhfələrini veriblər. Bundan başqa, rejissorun ayaqlarından yapışaraq onun ətrafdakı cisimlərə dəyməsinin qarşısını almağa kömək ediblər.

O əlavə edib ki, bu təcrübə ona kino yaradıcılığının yeni üsullarını öyrədib.

"Yerdə ikən bir cür təsəvvür etdiyim bəzi səhnələr tamamilə fərqli alındı... İnsanlar kosmosda üz-üzə ola bilərlər. Ancaq onlardan biri başı yuxarı, digəri isə üfüqi vəziyyətdədir. Kamera isə başqa bir müstəvidədir. Bu isə insanın şüurunu kökündən dəyişir", – Şipenko deyib.

"Mənim üçün səhnələri üç və ya dörd müstəvidə reallaşdırmaq [fərqli bir] sinematik təcrübə idi”, – deyə o əlavə edib.

"Film dünya səviyyəsinə çıxsa..."

Şipenko daha sonra bildirib ki, "The Challenge" üzərində iş gələn ilin sonlarına qədər davam edəcək. Kosmosda çəkilən səhnələr hazır filmin 25 – 35 dəqiqəsini təşkil edəcək.

Filmin çəkilişinə xərclənən vəsait açıqlanmayıb. Ancaq Şipenko layihəyə beynəlxalq marağın nəhəng olduğunu qeyd edib. O bildirib ki, filmin ekrana çıxma tarixi hələ müəyyən edilməsə də, öncədən kosmik səhnələrdən ibarət tizerlər yayıla bilər.

"Düşünürəm ki, film dünya səviyyəsinə çıxsa, çəkilən xərci ödəyə bilər. Bu filmin məqsədi də bu idi", – rejissor deyib.

Kosmik kapsul Qazaxıstanın Karaqanda vilayətində çölə enib.
Kosmik kapsul Qazaxıstanın Karaqanda vilayətində çölə enib.

Əl kamerası ilə çəkiliş

"The New York Times" qəzeti yazır ki, rejissor Şipenko kosmosa daxil olandan bəri içərisində olduğu "Soyuz" modulunun orbital stansiyaya yaxınlaşdığı anları əl kamerası ilə çəkməyə başlayıb.

Filmdə həkimin köməyinə ehtiyacı olan kosmonavt rolunu bu ilin aprelindən orbital stansiyada çalışan kosmonavt Oleq Novitski oynayıb. Novitski də hazırda kosmik stansiyada çalışan yeddi astronavtla vidalaşaraq Peresild və Şipenko ilə birlikdə Yerə qayıdıb.

Üçlüyün "Soyuz MS-18" gəmisində Yerə qayıdışı üç saat çəkib. Onları Yerə qaytaran kapsul Qazaxıstanın Karaqanda vilayətində çölə enib. Heyətin gəmidən endikdən sonra 10 günlük reabilitasiya keçəcəyi bildirilib. Reabilitasiya Yerin orbitində mikroqravitasiya şəraitində yaşamağın təsirlərini aradan qaldırmaq üçündür.

XS
SM
MD
LG