Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

İnsan haqları təşkilatları Türkiyədəki türkmən fəalların müdafiəsinə qalxdı


Türkiyə və Türkmənistan prezidentləri Recep Tayyip Erdoğan (sağda) və Qurbanqulı Berdımuxammedov (Arxiv fotosu)
Türkiyə və Türkmənistan prezidentləri Recep Tayyip Erdoğan (sağda) və Qurbanqulı Berdımuxammedov (Arxiv fotosu)

AzadlıqRadiosu xəbər verir ki, Türkiyədə məskunlaşan türkmən fəalların son aylarda Türkiyə hökuməti tərəfindən təzyiqlərlə üzləşdiyinə dair xəbərlər var

Onlarla insan haqları qrupu Türkiyəni türkmən fəalların Türkmənistana deportasiya edilməsi planlarından çəkinməyə çağırıb.

Sözü gedən təşkilatlar bildirirlər ki, Türkmənistanda bu insanlar təhlükə ilə üzləşə bilərlər.

AzadlıqRadiosu xəbər verir ki, Türkiyədə məskunlaşan türkmən fəalların son aylarda Türkiyə hökuməti tərəfindən təzyiqlərlə üzləşdiyinə dair xəbərlər var.

33 türkmən və beynəlxalq insan haqları təşkilatının birgə bəyanatında deyilir:

“Türkmənistanda hökumətin öz dinc tənqidçilərini sərt cəzalandırması təcrübəsi nəzərə alınarsa, fəalların bu ölkəyə qaytarılması onları qanunsuz həbs və mühakimə, işgəncə və hətta həbsxanadan yoxaçıxma kimi risklər qarşısında qoyur”.

Ötən ildən bəri Türkiyədəki türkmən fəallar Türkmənistanın avtoritar prezidenti Qurbanqulı Berdımuxammedova, onun koronavirus pandemiyası qarşısında fəaliyyətsizliyi, yaratdığı iqtisadi böhran, azadlıqları məhdudlaşdırması əleyhinə etiraz aksiyaları keçirirlər.

Berdımuxammedovun pasport taktikası

Son illərdə Türkmənistanın xaricdəki səfirlikləri türkmən vətəndaşların pasportlarının yenilənməsindən və dəyişdirilməsindən imtina edir və bununla da onları Türkmənistana qayıtmağa vadar etməyə çalışırlar.

Bəyanatda deyilir ki, bu səbəbdən bir çox türkmən miqrantlar qaldıqları ölkələrdə miqrasiya qaydalarını pozmağa məcbur olurlar.

Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər pasportlarının vaxtı keçmiş türkmənləri işə düzəlməkdən, təhsil almaqdan, səhiyyə xidmətindən və hərəkət azadığından məhrum edir.

Belə bir vəziyyətə görə bir qrup türkmən fəal Türkmənistan səfirliyinin qarşısında dinc aksiya keçirib.

Onlar habelə öz problemləri barədə sosial media platformalarında paylaşmalar edirlər.

Son vaxtlarda, belə görünür ki, Türkmənistan hökumətinin təzyiqi altında Türkiyənin hüquq-mühafizə orqanları miqrantları sıxışdırmağa başlayıb.

Bundan başqa xəbər verilir ki, Türkiyədəki Berdımuxammedov tərəfdarları da miqrantları hədələyir, onların və ailə üzvlərinin üzərinə hücumlar edirlər.

Fəal miqrantların Türkmənistanda qalan yaxınlarının və qohumlarının təqib olunmasına dair xəbərlər də var.

Bu da xəbər verilir ki, Türkmənistan hökuməti deportasiyasını istədiyi 25 nəfərin siyahısını Türkiyə tərəfinə təqdim edib.

Türkiyənin fəallara münasibəti niyə pisləşib?

Türkiyə indiyədək türkmən miqrantlara rəğbət və anlaşma ilə yanaşıb və onlar pasportlarının müddətinin ötməsinə görə cəzalandırılmayıblar.

Lakin indi bəzi xəbərlərə görə, Ankara Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçiriləcək növbəti iclasında Aşqabadın da bu təşkilata daxil olmasını istəyir.

Qeyd olunur ki, məhz bu səbəbdən Türkiyə hökumətinin türkmənlərlə rəftarında dəyişikllik baş verib.

Bu görüşün ərəfəsində Türkiyə polisinin bir neçə türkmən fəalı saxlamasına və deportasiya mərkəzlərinə salmasına dair məlumatlar var.

İnsan haqları fəalları isə bildirirlər ki, Türkmənistan hökuməti yaranmış fürsətdən istifadə edərək xaricdəki tənqidçilərini birdəfəlik susdurmağa çalışır.

XS
SM
MD
LG