Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Azərbaycanın ABŞ üçün əhəmiyyəti azalıbmı?


Azərbaycan prezidenti İ.Əliyev Vaşinqtonda ABŞ-ın vitse-prezidenti C.Baydenlə görüşür. 2016
Azərbaycan prezidenti İ.Əliyev Vaşinqtonda ABŞ-ın vitse-prezidenti C.Baydenlə görüşür. 2016

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Baydenin dekabrın 9-10-da keçirməyi planlaşdırdığı virtual Demokratiya Sammitinə Azərbaycanın dəvət almadığı bildirilir. "Politico" dərgisinin noyabrın 3-də yaydığı siyahıda Azərbaycanın qonşuları Ermənistan və Gürcüstan isə yer alıblar.

Bir çox ölkənin qatılacağı bu sammit barədə Co Bayden avqustun əvvəlində məlumat vermişdi. Sammitdə avtoritarizmə qarşı tədbirlər, korrupsiya ilə mübarizə, demokratiyanın təbliği üzrə öhdəliklər və təşəbbüslər müzakirə olunmalıdır. Növbəti ildə isə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı nailiyyətləri nümayiş etdirmək üçün yeni sammitin keçirilməsi nəzərdə tutulur.

A.Mirzəzadə
A.Mirzəzadə

Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə "Turan"a bildirib ki, hansısa bir ölkəni demokratiyanın tənzimləyicisi kimi qəbul etmək düzgün deyil: "Demokratiya ümumbəşəri dəyərlərdir və demokratiyanı hər bir cəmiyyət özü seçim edir".

"ABŞ-Azərbaycan münasibətləri çoxşaxəlidir"

Deputatın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa edəndə demokratiyanı, insan hüquqlarını özü üçün norma seçib və bu istiqamətdə böyük işlər görür: "Bu gün hansısa bir ölkə demokratiya problemləri ilə bağlı tədbir keçirirsə, kimlərisə ora dəvət edirsə, bu onun istəyidir və onu ancaq həmin dövlətin keçirdiyi bir tədbir kimi qiymətləndirmək olar. Amma, eyni zamanda, orada yəqin ki, sual da olacaq, nəyə görə Amerikanın 20 il Əfqanıstana demokratiya dərsləri sonda belə acınacaqlı şəkildə bitdi?".

'Əliyev hakimiyyətə camaatı döyə-döyə gəlib'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Komitə üzvü qeyd edib ki, ABŞ-Azərbaycan münasibətləri çoxşaxəlidir və yalnız bir istiqamət, bir məsələ üzərində qurulmur: "Vaxtaşırı iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilir. ABŞ administrasiyasının yüksəkvəzifəli şəxsləri Azərbaycana səfər edirlər və Amerika liderləri, bir qayda olaraq, Azərbaycanın milli bayramlarında təbriklər göndərirlər. Azərbaycan-Amerika münasibətləri yüksək qiymətləndirilir".

Deputat hesab edir ki, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün çox böyük imkanlar var.

Milli Şuranın sədri Cəmil Həsənli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın demokratiya sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır: "2003-də İlham Əliyev hakimiyyətə gələndə Azərbaycan yarımazad ölkə idi, onun avtoritar idarəçiliyi Azərbaycanı azad olmayan ölkələr sırasına aparıb çıxardı".

C.Həsənli
C.Həsənli

"Öz həyat yoldaşını öz fərmanı ilə birinci vitse-prezident təyin edən…"

Onun fikrincə, İlham Əliyevin bu sammitə dəvət almasını təəccüblü hesab etmək olardı: "Öz həyat yoldaşını öz fərmanı ilə ölkənin birinci vitse-prezidenti təyin edən bir prezident niyə demokratiya zirvəsinə dəvət almalıdır? Və ya lap bu yaxınlarda təkcə Londonda 700 milyon dollarlıq ailə mülkləri aşkarlanan bir ölkə başçısının demokratiya tədbirinə dəvət edilməsi demokratiyanı ələ salmaq olardı".

C.Həsənli sonra da deyib: "Seçki saxtakarlığı, şəbəkələşmiş korrupsiya, hüdudsuz kleptokratiya, siyasi məhbus düşərgələri, azad sözün və mətbuatın boğulması, müstəqil məhkəmə sisteminin olmaması, pandemiyadan siyasi azadlıqların boğulması istiqamətində istifadə cəhdləri Azərbaycanı demokratiya tədbirindən kənarda qoyan başlıca məsələlərdir".

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

"Bunu Azərbaycanın əhəmiyyətinin azalması kimi…"

O qeyd edib ki, bunu ABŞ-ın siyasətində Azərbaycanın əhəmiyyətinin azalması kimi qiymətləndirmək doğru olmazdı: "Belə yanaşma ABŞ administrasiyasının Əliyev rejiminə münasibətinin təzahürüdür. Bundan sonra demokratiya tələblərinin enerji maraqlardan önə keçməsinin yolu açılır. Yəqin ki, qarşıdakı zirvə toplantısında avtoritar və diktator idarəçilərə münasibətdə birmənalı mövqe sərgilənəcək".

Xatırlatma

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində "Pandora sənədləri" haqqında məsələyə də münasibət bildirib. O vurğulayıb ki, prezident olmazdan əvvəl sahibkar olub: "Özü də uğurlu sahibkar olmuşam... Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm".

Prezidentin sözlərinə görə, onların bütün biznes fəaliyyəti şəffafdır, beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz: "Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada, ola bilsin, 5 faiz həqiqətdir. Qalanı isə yalandır".

XS
SM
MD
LG