Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:34

İran filmi London kinofestivalının qalibi olub


"Hit the Road" filmindən kadr
"Hit the Road" filmindən kadr

Builki London film festivalının prestijli mükafatına İran filmi layiq görülüb. Film ölkənin şimal-qərbində səhraboyu uzanan və dumanlı yaşıl vadilərin içindən keçən magistral yollarla səyahətə çıxan ailənin məzəli hekayəsindən ibarətdir.

"Hit the Road" (Yola düzəl) tanınmış İran kinorejissoru Cəfər Pənahinin oğlu Pənah Pənahinin debüt filmidir. Dörd nəfərlik ailə sərhədə doğru yola düşür. Atanın ayağı sınıb, ana ağlamayanda gülür, evin kiçik övladı maşında karaoke oxumaqla məşğuldur, böyük oğulunsa nə üçün mısmırığını salladığını anlamaq olmur. Heç kim onların hara getdiyi haqda bir kəlmə demir. Ancaq bu səfər tamaşaçının onların qeyri-adi davranışını görməsinə imkan verir. Hər şey də 70-ci illərin İran pop-musiqisi fonunda baş verir.

Hər zaman izlənmək

"Ən yaxşı film mükafatı kinonun [və həyatın] mahiyyətini göstərə bilən ilhamverici və fərqli rejissura üçün verilir. Biz kino tarixində hər zaman, bəlkə də pandemiya dövründə daha çox həyata bağlanmağın yollarını axtarırıq. Bizim seçimimiz bizi güldürən, ağladan və həyatda olduğumuzu hiss etdirən filmdir", – müsabiqənin prezidenti Malqojata Şumovska deyib. Şumovskanın özünün də bir filmi ötənilki festivalda nümayiş etdirilib.

Pənahi deyib ki, film çəkməsi və İrandan çıxması yasaqlanmış atasının tamamlanmış ssenarisini ekranlaşdırıb. "Bu barədə nə qədər çox düşünürəmsə, o qədər çox anlayıram ki, biz hər zaman izləndiyimiz hissi ilə yaşamışıq. Mənim ailəm üçün bu belədir. Ancaq əminəm ki, bir çox sənətçi və ziyalının ailəsi üçün də bu belədir", – o deyib.

Bullinq

Festivalın "Sutherland" mükafatı hər il ilk bədii filmini çəkən rejissora verilir. Bu il bu mükafat belçikalı rejissor Laura Vandelin "Playground" filminə verilib. Film 7-yaşlı Noranın qardaşı Abelə bullinqin öhdəsindən gəlməkdə kömək etməsi haqdadır. Onların özünəməxsus adətləri olan məktəbi dünyadakı ədalətsizliyi təmsil edən mikrokosmos kimi təqdim olunur.

"The Guardian" yazır ki, Britaniya Film İnstitutunun keçirdiyi London Film Festivalının builki buraxılışının proqramı 159 bədii filmdən ibarət olub. Onlardan 21-i dünyanın müxtəlif ölkələrindən gələn premyeralar idi.

COVID qaydaları

Ötən il COVID qadağalarına görə festival hibrid formada keçirilmiş, çox sayda film rəqəmsal göstərilmişdi. Ancaq təşkilatçılar festivaldan çox razı qalmışdılar. Festivala Jay-Z və Beyonse kimi simalar qatılmışdı.

Builki festivalın təşkilatçıları qonaqlar və auditoriyadan vaksinasiya pasportları tələb etmədikləri üçün tənqid olunublar. Kann, Venesiya, Toronto və digər kinofestivallarda isə qonaqlardan vaksinasiya kartları tələb olunub. Təşkilatçılar bütün tələblərə ciddi əməl olunduğunu və festival zamanı heç bir COVID halının qeydə alınmadığını bildiriblər.

Builki festivalda Liz Qarbus ən yaxşı sənədli filmə görə "Grierson" mükafatına layiq görülüb. "Becoming Cousteau" filmi tanınmış ixtiraçı, tədqiqatçı, ekoloq və kinematoqrafçı Jak-İv Kustonun həyatına maraqlı və yeni bir baxışdır. Sənədli film müsabiqəsinin prezidenti Kim Loncinotto deyib ki, "bu film zəmanəmizin ən kəskin problemini – iqlim dəyişikliyi problemini vurğulayır və hər birimizi elə bu dəqiqə tədbir görməyə çağırır".

"Genişləndirilmiş reallıq"

Festivalın "immersiv sənət və XR" kateqoriyası da var imiş. Bu kateqoriyada Dunkan Spikman "Only Expansion" filmi ilə qalib olub.

Diana Kam Van Nquenin "Love, Dad" adlı qısa filmi "ən yaxşı qısa film" kateqoriyasında mükafatı qazanıb. Film rejissorun öz atası ilə mürəkkəb münasibətlərini əks etdirir.

Muniya Akl isə "Costa Brava Lebanon" filminə görə "Tamaşaçıların rəğbəti" mükafatına layiq görülüb.

XS
SM
MD
LG