Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:49

Aİ liderlərindən Rusiyaya xəbərdarlıq


Donetskdə Ukrayna hərbçiləri, arxiv fotosu
Donetskdə Ukrayna hərbçiləri, arxiv fotosu

Bəyanatda hansı tədbirlərin görülə biləcəyi, yaxud nəyin “hərbi təcavüz” hesab olunacağı açıqlanmır

Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya xəbərdarlıq edirlər ki, Ukraynaya hərbi təcavüz “böyük nəticələr və ağır bədəl”lə nəticələnər. Onlar gərginliyin azaldılması üçün diplomatiyanı bərpa etməyə çağırıblar.

“Ukraynaya hər hansı hərbi təcavüz böyük nəticələrə, ağır bədələ səbəb olacaq, tərəfdaşlarla koordinasiyalı məhdudlaşdırıcı addımlar atılacaq”, – Aİ liderləri dekabrın 16-da Brüsseldə birgünlük sammitin yekununda bildiriblər. Tərəfdaşlar dedikdə Britaniya və Birləşmiş Ştatlar nəzərdə tutulur.

Danışıqlara qayıtmaq

Bəyanatda hansı tədbirlərin görülə biləcəyi, yaxud nəyin “hərbi təcavüz” hesab olunacağı açıqlanmır.

Birləşmiş Ştatlar, Aİ və Ukrayna Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığmasından narahatlıq bildirib, bunun mümkün işğala hazırlıq kimi yozub.

Avropa Şurası Rusiyanı gərginliyi və aqressiv ritorikanı azaltmağa çağırır.

Aİ liderləri Moskvanı Normandiya formatı və Minsk razılaşmalarına qayıtmağa səsləyir. Minsk sazişləri 2014-2015-ci illərdə imzalanıb. Normandiya formatı isə Almaniya və Fransanın vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında aparılan danışıqlara deyilir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.

ABŞ-ın mövqeyi

Birləşmiş Ştatlar da Moskvanı Ukraynaya mümkün hücum halında “güclü iqtisadi və başqa tədbirlər”lə hədələyib. Vaşinqton eyni zamanda gərginliyin azalması üçün Moskva ilə danışmağa çalışır.

Rusiya Ukraynanı işğal etmək planlarını olmadığını deyərək bir neçə tələb irəli sürüb. Moskva Vaşinqtonla birbaşa dialoq və Ukraynanın nə vaxtsa NATO-ya üzv olmayacağına təminat istəyir.

ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid bu həftənin əvvəlində Moskvada Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb. Donfrid dekabrın 16-da NATO-nun qərargahında Rusiyanın tələblərini müzakirə edib. O deyib ki, Birləşmiş Ştatlar da Normandiya formatında danışıqlara qayıtmağı dəstəkləyir.

NATO

NATO-nun Baş katibi Yens Stoltenberq isə dekabrın 16-da Rusiyanı “aqressor” adlandırıb, sərhəd boyunca əsgərlərini azaltmadığını, əksinə, artırdığını söyləyib.

“Biz Ukraynanın öz yolunu seçmək hüququnu güzəştə getməyəcəyik. Biz NATO-nun bütün müttəfiqlərini qorumaq və müdafiə etmək hüququnu güzəştə getməyəcəyik”, – Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

O, NATO-nun Ukrayna ilə danışıqlarını hər iki tərəf üçün vacib hesab edərək, bunun “heç bir halda Rusiyaya təhdid olmadığını” sözlərinə əlavə edib.

XS
SM
MD
LG